İyunun 12-dən 28-dək dünyanın bütün diqqəti Azərbaycanda
keçiriləcək "Bakı-2015" birinci Avropa Oyunlarına yönələcək.
Azərbaycan qitə üçün çox maraqlı, cəlbedici, proqressiv yeni
multi-idman yarışları olan heç vaxt görünməmiş ilk Avropa
Oyunlarına ev sahibliyi edəcək. Teleqraf.com xəbər verir ki, 17
yarış günü ərzində Avropanın hər yerindən 6000-dən çox idmançı öz
xalqını təmsil edəcək.
Qeyd edək ki, Avropa Oyunlarının keçirilməsi Bakı şəhərinə
Avropa Olimpiya Komitələri (EOC) tərəfindən 2012-ci ilin dekabr
ayında həvalə olunub. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi
(BAOƏK) Oyunları EOC ilə əməkdaşlıq şəraitində təşkil edərək həyata
keçirəcək.
Parlamentin deputatları Avropa Oyunları ilə bağlı
təəssüratlarını bölüşüblər. Onlar bu idman bayramı ərəfəsində
boykot çağırışı edən qüvvələrə sərt reaksiya veriblər.
"Heç
bir xarici qüvvə I Avropa Oyunlarının keçirilməsinə kölgə sala
bilməz"
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun
fikrincə, Oyunlara kölgə salmağa cəhd göstərən qüvvələr Azərbaycanı
gözü götürməyənlərdir: "Belə qüvvələr "Avroviziya" mahnı yarışması
keçiriləndə də anti-Azərbaycan təbliğatına başlamışdılar. Bununla
belə ölkəmiz "Avroviziya" mahnı yarışmasını yüksək səviyyədə təşkil
etdi. Təbii ki, I Avropa Oyunlarının Azərbaycanda keçirilməsini
istəməyən, ölkəmizin inkişafını gözü götürməyən qüvvələr indi də
var. Onlar hər vəchlə çalışırlar ki, Azərbaycanı gözdən salsın,
imicinə zərbə vursunlar. Amma onların bu əməlləri əbəsdir.
"Avroviziya" mahnı yarışmasında olduğu kimi, I Avropa Oyunlarını da
yüksək səviyyədə keçirəcəyik. Çünki bu oyunların keçirilməsində
Azərbaycana dəstək verənlər həddindən artıq çoxdur. Bu Oyunların
keçirilməsində bizə dəstək olan qüvvə birinci növbədə xalqımız,
dövlətimizin iradəsidir. Azərbaycan xalqı ilə Prezidentimiz
bir-birinə çox möhkəm dayaqdır. Ona görə də heç bir xarici qüvvə I
Avropa Oyunlarının keçirilməsinə kölgə sala bilməz".
"Anti-Azərbaycan təbliğatındansa, Azərbaycanın
problemləri ilə maraqlansınlar"
Vitse-spikerin fikrincə, sözügedən qüvvələr vaxtlarını əbəs yerə
bu cür işlərə sərf edirlər: "Onlar insan haqları ilə alver edən
qüvvələrdir. Həmin qüvvələr I Avropa Oyunları ilə bağlı
anti-Azərbaycan təbliğatına baş qoşmaqdansa, Azərbaycanın
problemləri ilə maraqlansınlar. Azərbaycanın işğal olunmuş
əraziləri, qaçqın və məcburi köçkünlərimizin vəziyyəti ilə əlaqədar
öz münasibətlərini bildirsinlər. Azərbaycana I Avropa Oyunları kimi
məsuliyyətli bir yarışı keçirdiyinə görə "sağ ol" demək əvəzinə,
anti-Azərbaycan kampaniyası ilə məşğuldurlar. Karvan gedir,
Azərbaycan inkişaf edir və bundan sonra da inkişaf edəcək".
"Belə
bir etimadın göstərilməsi böyük uğurdur"
Millət vəkili Jalə Əliyeva
bildirib ki, I Avropa Oyunları ölkəmizin mövqeyinin dünyada bir
daha təsdiqlənməsi baxımından əhəmiyyətli tədbirdir: "Belə bir
etimadın göstərilməsi, ilk dəfə Avropa idman oyunlarının
keçiriləcəyi məkan olaraq məhz müstəqilliyi cəmi 20 il bundan əvvəl
tanınan Azərbaycanın seçilməsi böyük uğurdur. Bu, Azərbaycan
dövlətinə olan inam və etimaddır. Hər bir azərbaycanlı bu Oyunlarla
fəxr edir. I Avropa Oyunları ev sahibliyi etdiyimiz ilk beynəlxalq
tədbir deyil. Bu sahədə böyük təcrübələrimiz olub. Çox sayda
beynəlxalq konfransları təşkil etmişik. Hər bir tədbirə Azərbaycan
öz imzasını atıb. 3 il öncə "Avroviziya" mahnı müsabiqəsi
keçirildi. İnanırıq ki, Oyunlardan əldə etdiyimiz uğurlar bir daha
ölkəmizə başucalığı gətirəcək".
"Oyunlar Qarabağ probleminin həllinə aparan yola işıq
saçacaq"
Xanım deputat əlavə edib ki, bu Oyunlar Azərbaycanın Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı haqlı mübarizəsinin həllində
əhəmiyyətli addım olacaq: "Bu günədək Azərbaycan reallığını görmək
istəməyən ölkələr və fövqəldövlətlər bir daha əmin olacaq ki,
Azərbaycan sülh tərəfdarıdır, ölkəmizin heç bir ölkənin torpağında
gözü yoxdur. Əksinə, bütün bunları Azərbaycana qarşı ediblər.
Təəssüflər olsun ki, dünya birliyi bu ədalətsizlik qarşısında
susur. İnanırıq ki, Avropa Oyunlarında milyonların gözünün
Azərbaycana zillənməsi ölkəmizin mövqeyini bir daha
möhkəmləndirəcək, Qarabağ probleminin həllinə aparan yola
əhəmiyyətli bir işıq saçacaq".
"Ədalətli mövqelərini" Dağlıq Qarabağ probleminin
həllinə yönəltsinlər"
O, boykot çağırışlarına da reaksiya verib. Onun sözlərinə görə,
bar verən ağaca daş atan çox olur: "Azərbaycan həqiqətlərini
görməzlikdən gələn qüvvələr dünən də olub, bu gün də var. Onlar
düşmən dəyirmanına su tökən, erməni lobbisinin tərəfdarı olan
qüvvələrdir. Ölkəmizə qarşı heç bir əsası olmayan şayiələr
yayırlar. Yaxşı olardı ki, onlar dırnaqarası ədalətli mövqelərini
Dağlıq Qarabağ probleminin həllinə yönəltsinlər. Azərbaycanın öz
evində torpaq bütövlüyü pozulub, öz vətəndaşı torpağında qaçqın
vəziyyətinə düşüb. Bu, dünyadakı bir neçə nümunədən biridir və
absurd şeydir. Yaxşı olardı ki, boykot çağırış edənlər özlərinin
dırnaqarası demokratiya prinsiplərinə əsaslanaraq bu məsələləri
nəzərdən keçirsinlər. Niyə beynəlxalq konvensiyalar həyata
keçirilmir, BMT-nin qətnamələri havadan asılı qalıb?"
O söyləyib ki, Azərbaycan I Avropa oyunları ilə bir daha
tolerant, dünyəvi, sülh tərəfdarı olan ölkə olduğunu nümayiş
etdirəcək: "Yüksək səviyyədə hazırlıq gedir. Məşəl alovlandırıldı,
bizi bu gözəl oyunlardan cəmi 43 gün ayırır. Hər şey stabil
şəraitdə keçəcək".