Yuxarı

Bülbüloğlu özbaşınadır, yoxsa Prezidentə qəsd edir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:00

Rusiyadakı səfirimiz Polad Bülbüloğlunun təmsil olunduğu ölkədə keçirdiyi mətbuat konfransı Azərbaycanın rəsmi dövlət siyasətinin təkcə çox bərbad formada ifadə edilməsi deyildi, heç həddən artıq ciddi fəsadlar yarada biləcək böyük siyasi səhv də deyildi, həm də birbaşa dövlət maraqlara, Azərbaycan Prezidentinin milli maraqlar üzərində apardığı qəti iradəsinə qarşı çıxmaq idi.

Polad Bülbüloğlu 9 noyabrda Rusiya helikopterinin Naxçıvan yaxınlığında, Ermənistan ərazisində vurulması ilə bağlı rus dilinin xarakterinə uyğun təxminən belə bir ifadə işlətdi: “Müharibə ki müharibə... Hər şey ola bilər”.

Bu o deməkdir ki, ya səfir Polad Bülbüloğlu Azərbaycan XİN-in rəsmi bəyanatından xəbərdar deyil – halbuki Rusiyadakı səfirimizdir və bu bəyanat da birbaşa Rusiya ilə bağldır, bilmək borcudur, vəzifəsidir, ya da qəsd edir, düşünərək indiki həssas məqamda maraqlarımıza uyğun olmayan ifadələr işlətməklə Rusiyadakı ermənipərəst qüvvələrə fürsət verir, Rusiya rəsmi dairələrinin siyasi ritorikasını kəskinləşdirməsinə və Bakının ünvanına sərt irad bildirməsinə şərait yaradır.

Məsələn, artıq hamımızın tanıdığı Mariya Zaxarova bu ifadəyə kəskin reaksiya bildirdi və Azərbaycanı hədələməyə qədər qalxdı. Zaxarovaya bu fürsəti necə vermək olardı, anlamaq çox çətindir.

Erməni mediası və ermənipərəstlər də bu ifadədən sui-istifadə etməyə girişiblər: qıcıqlandırma, təhriklər başlayıb, şərhlər, “mövqelər” sərgilənir.

Halbuki hadisədən dərhal sonra Azərbaycan rəsmi açıqlama yayaraq, insidentin səhv nəticəsində baş verdiyini bildirmiş, olayı faciə adlandırmış, Rusiyaya başsağlığı vermiş, Azərbaycan XİN rəsmi bəyanat yaymış, Ceyhun Bayramov, Zakir Həsənov, Kamran Əliyev rusiyalı həmkarları ilə danışmış, kompensasiya öhdəliyi elan olunmuş, hətta Rusiya səfirliyinə belə rəsmilərimiz getmişdi və s.

Azərbaycan Baş Prokurorluğu isə dərhal cinayət işi açdı, bu hadisənin baş verməsinə səbəb olanların müəyyənləşdirilməsi və cəzalandırılması istiqamətində fəaliyyət davam edir. Artıq saxlanılanın da olduğu haqda qeyri-rəsmi xəbərlər gəzir.

Bu insident indiki halda qəti bizə lazım deyildi və heç bir halda maraqlarımıza xidmət etmirdi: 9 noyabr gecəsi imzalanan Bəyanatın dərhal ardından Azərbaycana yerləşdirilən rus sülhməramlıları, həmçinin 3 rayonumuzdan erməni ordusunun çıxarılması, eyni zamanda Xankəndi də daxil olmaqla, Ordumuzun girmədiyi digər ərazilərimizdə Azərbaycanın süveren hüquqlarının tam, birmənalı bərpası ilə bağlı hazırkı prosesdə...

Ona görə Azərbaycan rəsmiləri olaya xüsusi həssaslıq göstərərək, Rusiya rəsmiləri ilə anında və çox sıx təmaslara keçdilər. Bunun nəticəsi də özünü çox gözlətmədi, Rusiya XİN-in rəsmi açıqlaması yayıldı: Azərbaycanın günahı üzərinə götürməsi və səhvi etiraf etməsi, cinayət işi başlatmasını Rusiya çox pozitiv qiymətləndirir!

Demək, yanlış dərhal düzəldildi və qarşı tərəfdən də adekvat reaksiya gəldi.

Bəs, bu pozitivlik ovqatı Polad Bülbüloğlunu niyə "qane" etmir? Bu şəxs nəyə nail olmaq istəyir? İnsidentin bir yanlış olduğunu, Azərbaycan XİN-in bəyanatını və ölkəmizin rəsmi mövqeyini təkrarlamaq bu qədərmi çətin idi? Özünü nə hesab edir? Azərbaycan siyasətini müəyyən edən şəxs?

16 ildən artıqdır Azərbaycanı Rusiyada bu cürmü təmsil edir? Maraqlarımızı bu cürmü qoruyur?

İkinci və daha dəhşətli səhv isə Polad Bülbüloğlunun artıq Azərbaycanın səfiri funksiyasını icra etməyə heç bir mənəvi haqqının olmadığını göstərdi.

Sitata baxaq: "Azərbaycan hakimiyyəti Dağlıq Qarabağın erməni əhalisinə mədəni muxtariyyət verilməsi imkanını nəzərdən keçirir. Bu gün Dağlıq Qarabağın statusu yoxdur. Bu, ən yaxşı halda orada yaşayan erməni əhali üçün mədəni muxtariyyət ola bilər”.

Əvvəla, Azərbaycanda “Dağlıq Qarabağ” siyasi-inzibati anlayışı yoxdur, bunu təbliğ və izah edin - necə ki, "Stepanakert" adlı şəhər olmadığını çox doğru olaraq qeyd etdiniz; ikincisi, kim deyir ki, Azərbaycan hakimiyyəti Azərbaycanın qərb bölgəsində yaşayan, rəsmi rəqəmlərə görə 130, qeyri-rəsmi və real olan rəqəmlərə görə isə 60 min erməniyə mədəni muxtariyyət verilməsi məsələsini müzakirə edir?

Əgər Azərbaycan hakimiyyətinin siyasətini müəyyən edən şəxs Prezident İlham Əliyevdirsə, o, 10 noyabr tarixində xalqa müraciətində açıq şəkildə elan etdi: “Nə qədər ki, mən Prezidentəm, heç bir status olmayacaq”.

Heç bir status – aydındırmı, cənab “səfir”, müğənni, xalq artisti Polad Bülbüloğlu?! “Mədəni muxtariyyət” artıq hansısa status deməkdir.

Bəs, səfir hansı səlahiyyətlə Prezidentin elan etdiyi və bütün xalqa, dünyaya duyurduğu bu milli maraqları öz bildiyi formada “inkişaf etdirir” və sözün bütün mənalarında ağzına gələni danışır?

Təmsil etdiyi dövlətlə təmsil olunduğu dövlət arasında siyasi ritorikanı kəskinləşdirə biləcək açıqlama verir – cəhənnəm, təkzib olunar və yoluna qoyular. Bəs, hansı əsasla milli maraqlarımızın ən qatı və birmənalı ifadəsindən sonra cəsarət edib, kiməsə “mədəni-bədii” muxtariyyət səpələməyin mümkünlüyünü dilə gətirir?

Bu, yalnız Azərbaycan dövlətinin milli siyasətinə qarşı çıxmaq deyil, həm də milli düşüncədən kənar olmaq deməkdir. Azərbaycanın milli maraqlarını ən azı öz içində daşımayan, onu sonadək qorumaq üçün bütün diplomatik bacarığından, ictimai-siyasi-mədəni əlaqələrindən istifadə etməyən, əvəzində isə "ayrı dünyada" yaşamaqda davam edən bir şəxs özü müəyyən etməlidir ki, Prezident İlham Əliyevin bu qədər təzyiqlər altında yeritdiyi möhtəşəm milli siyasətin səfiri ola bilər, ya yox?

Polad Bülbüloğlu bu xalqın çox böyük sənətkarının oğludur, özü də çox böyük sənətkardır. Amma o, artıq Azərbaycan əsgərinin qanı-canı bahasına aparılan Böyük Milli Hədəflər naminə misilsiz milli siyasəti təmsil etmək imkanına malik olmadığını göstərdi.

Prezident sərəncamını gözləmədən istefa ərizəsini yazsa, daha doğru olar – heç olmasa, hazırkı ictimai nüfuzunu qorumağa çalışdığı hiss edilər...

Tarix
2020.11.13 / 22:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla