Ana səhifə Gündəm |
Bu gün Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.
APA-nın məlumatına görə, Konstitusiya Məhkəməsinin sədri Fərhad
Abdullayevin sədrliyi ilə keçirilən iclas kredit borclarının hansı
məzənnə ilə qaytarılması bilə bağlı Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Göyçay Rayon
Məhkəməsinin müraciətinə həsr olunub.
İclasda Ombudsman Aparatının nümayəndəsi Mahir Məmmədov, Göyçay
rayon Məhkəməsinin hakimi Elxan Babayev, ekspert qismində BDU-nun
dosenti Azad Talıbov, Ali Məhkəmənin hakimi İlqar Dəmirov, Bakı
Apellyasiya Məhkəməsinin hakimi Mehdi Əsədov, Mərkəzi Bankın baş
direktoru Rəşad Orucov, Milli Məclisin şöbə müdiri Rövşən Muradov
iştirak ediblər.
Məhkəmədə tərəflər və ekspertlər dinlənilib.
Ombudsman Aparatının sektor müdiri Mahir Məmmədov bildirib ki,
Konstitusiyada ödəniş valyutası kimi Azərbaycan manatı göstərilib:
"Bundan başqa, Mülki Məcəllədə qeyd olunur ki, tərəflərdən biri
xarici hüquqi və yaxud fiziki şəxsdirsə, ödəniş xarici valyuta ilə
də aparıla bilər. Mülki Məcəllənin 439.1 və 439.7-ci maddələrinin
bəzi cümlələri arasında ziddiyyətli məqamlar var ki, buna aydınlıq
gəlməlidir".
İclasda çıxış edən Göyçay Rayon Məhkəməsinin hakimi Elxan Babayev
isə bildirib ki, manatın devalvasiyasından sonra kreditin hansı
valyuta ilə ödənilməsi barədə cəmiyyətdə müzakirələr başlanılıb:
"ATABank" 2013-cü ildə Seymur Osmanov və onun ailə üzvlərinə 25 min
manat kredit ayırıb. Bank krediti ABŞ dolları ilə verib. Onlar
arasında bağlanan müqavilədə isə valyutanın azalması və yaxud
artması zamanı öhdəliyin kimin zərərinə qoyulması göstərilməyib.
Lakin müqavilədə qeyd olunub ki, kredit ABŞ dolları ilə
ödənilməlidir. Devalvasiyadan sonra tərəflər arasında narazılıq
yaranıb və onlar məhkəməyə müraciət ediblər".
Daha sonra ekspert qismində Bakı Dövlət Universitetinin dosenti
Azad Talıbov, Ali Məhkəmənin hakimi İlqar Dəmirov və Bakı
Apellyasiya Məhkəməsinin hakimi Mehdi Əsədov çıxış ediblər.
İclasda çıxış edən Azərbaycan Mərkəzi Bankın baş direktoru Rəşad
Orucov isə bildirib ki, iqtisadiyyatda banklar çox böyük funksiyanı
yerinə yetirilər: "Dünya praktikasına və yerli qanunvericiliyə
əsasən müştərilər vəsaitlərini istədikləri valyuta ilə banklara
yerləşdirə bilirlər. Bu banklar üçün risk yaradır. Banklar bu
riskləri önləmək üçün krediti hansı valyuta ilə vermələrini
müstəqil şəkildə müəyyən edirlər. Əhalinin banklarda saxladıqları
əmanətlər xarici valyuta ilə əvəzlənməyə meyllidir. Qanunvericiliyə
əsasən pul əşya kimi götürülür. Banklardan borc alanlar isə borcu
olduğu kimi qaytarmalıdırlar. Bunun əksinə verilən qərar banklar
üçün risk yarada bilər. Bank strukturunda itkilərin qarşısını almaq
üçün isə dövlət büdcəsindən əhəmiyyətli xərclər sərf oluna bilər
ki, bu da əlavə xərclərin meydana gəlməsinə və vergi ödəyicilərinin
azalmasına səbəb ola bilər ".
İclasda çıxış edən Milli Məclisin şöbə müdiri Rövşən Muradov isə
bildirib ki, fevraldan üzü bəri vətəndaşlar 500 milyona qədər
dollarlaşma əməliyyatı həyata keçiriblər: "Bu da bankalar
qarşısında böyük öhdəlik yaratdı. Dövlət bu cür halların qarşısını
almaq üçün müəyyən kompensasiyalar , güzəştlər edə bilər. Banklar
da faiz dərəcələrini aşağı sala bilərlər. Lakin biz bankları buna
məcbur edə bilmərik. Qərar verilən zaman əhalinin və bankların
maraqları nəzərə alınmalıdır" .
Bundan sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev
deyib ki, məhkəmə məsələ ilə bağlı yaxın zamanlarda qərar qəbul
edəcək və qərar elan olunacaq.
Qeyd edək ki, fevralın 21-də Mərkəzi Bank manatın məzənnəsinin
devalvasiyası ilə bağlı müvafiq qərarı vətəndaşlar arasında bir
sıra suallar yaradıb. Bir müddət əvvəl Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Göyçay Rayon
Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin bəzi
müddəalarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun
yoxlanılması, habelə həmin Məcəllənin 439.1-ci, 439.2-ci və
439.7-ci maddələrinin şərh edilməsi üçün Konstitusiya Məhkəməsinə
müvafiq olaraq sorğu və müraciət göndərib. Eyni zamanda, Mülki
Məcəllənin bəzi müddəalarına aydınlıq gətirilməsi də soruşulub.
Tarix
2015.05.07 / 22:38
|
Müəllif
Axar.az
|