Ana səhifə Gündəm |
1945-ci il mayın 8-də SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə 9 may tarixinin Qələbə günü elan edilməsi və qeyri-iş günü sayılması alman faşizminə qarşı mübarizə aparan, arxa çəbhədə qələbənin təmin olunması üçün çalışan milyonlarla sovet vətəndaşlarına rəsmən verilən bayram və təntənə haqqı idi.
24 iyun 1945-ci ildə Moskvada Qızıl Meydanda Böyük Vətən
Müharibəsində Almaniya üzərində qələbənin şərəfinə keçirilən tarixi
Qələbə paradı isə SSRİ tarixinin ən əlamətdar hadisələrinin biri
kimi yadda qalıb.
Modern.az saytı Qələbə günü ilə bağlı maraqlı faktları təqdim
edir.
"Qələbə paradının keçirilməsi üçün təcili təkliflər hazırlansın".
Bu, Stalinin 24 may 1945-ci ildə Kremldə qələbə münasibətilə
keçirilən tədbirdə baş qərargah rəhbərliyinə verdiyi tapşırığı idi.
Bir neçə günlük gərgin çalışmalardan sonra Qələbə paradının
keçirilməsi ilə bağlı təkliflər Baş qərargah tərəfindən Stalinə
təqdim olunub. Stalin ən xırda detallara belə diqqət yetirdikdən
sonra razılığını bildirib. Amma təklifdə göstərilən 2 ay hazırlıq
müddətinin üstündən xətt çəkib və onun yerinə yazıb: "Qələbə paradı
24 iyun 1945-ci ildə saat 10-da başlayacaq".
Bir ay ərzində Qələbə paradına ciddi hazırlıq işləri görülüb.
Ali Baş Komandanın əmrinə əsasən, doqquz bənddən ibarət xüsusi
direktiv hazırlanıb. Artıq iyun ayının 10-dan ayrı-ayrı döyüşən
cəbhələrin alayları Moskvada məşqlərə başlayıblar.
Parad zamanı nəzərdə tutulurdu ki, alman hissələri və
birləşmələrinin, o cümlədən Hitlerin şəxsi bayrağı mavzoley
qarşısında yerə atılmalıdır. Buna görə həmin bayraqlar da Moskvaya
gətirilib. Ancaq bayraqların sayı çox olduğundan cəmisi 200 alman
bayrağı seçilib. Və bu bayraqların aparılması üçün xüsusi rota da
hazırlanıb.
Təbii ki, parada hazırlıq dövründə Qələbə paradının kim tərəfindən
qəbul ediləcəyi müzakirə edilməyib. Təşkilatçılar birmənalı şəkildə
elə düşünüblər ki, Qələbə paradını Ali Baş Komandan İosif Stalin
qəbul edəcək. Ancaq parada bir həftə qalmış Stalin marşal Georgi
Jukovu öz bağına dəvət edib. Hazırlığın gedişi ilə maraqlandıqdan
sonra soruşub:
- Georgi Konstantinoviç, neçə illərdir komandir maşınında gəzirsiniz, at çapmağı unutmamısınız?
İlk anda söhbətin nədən getdiyini anlamayan Jukov həmişə olduğu
kimi qısa və aydın cavab verib:
- Yoldaş Stalin müharibə illərində hərbi texnikada gəzsəm də,
uşaqlıqdan öyrəndiyim at çapmağı hələ ki, yadırğamamışam. Elə
cəbhələrdə də vaxt tapanda at çapmışam.
- Bu yaxşıdır. Odur ki, Qələbə paradını siz qəbul edəçəksiniz.
Parada komandanlığı isə marşal Rokossovskiyə həvalə edirəm.
- Yoldaş Stalin, bu böyük şərəfə görə sizə minnətdaram, ancaq
paradı sizin qəbul etməyiniz daha yaxşı olardı.
- Mən artıq qocalmışam, siz mənə baxanda cavansınız, tapşırığı
yerinə yetirin.
Adətən Stalinin əmrləri, göstərişləri, təklifləri müzakirə
olunmayıb. Çox nadir hallarda Stalinin söylədiklərinə marşal
Jukovun fikir söyləmək cürəti çatıb. Ancaq bu dəfə Jukov dialoqun
uzadılmasını mənasız sayıb.
Qələbə paradını açıq boz rəngli atın belində qəbul etmək də Ali Baş
Komandan Stalinin təşəbbüsü olub.
Nəhayət iyunun 24-də Qızıl meydan 800 illik tarixində ən həyəcanlı
anlarını yaşayıb. Hətta səhərdən yağan leysan yağış meydan ətrafına
toplaşan yüz minlərlə insanı bu tarixi hadisəni izləməkdən geri
döndərə bilməyib.
Kreml saatının onuncu zəngi vurulduqdan sonra iki atın nallarının cingiltili səsi altında marşal Rokossovski marşal Jukova raport verib. Paradı qəbul edən Jukov qoşunların qarşısından keçərək şəxsi heyəti təbrik edib. Təbrikdən sonra o tribunada qısa nitq söyləyib. Daha sonra hərbi orkestrin səsləndirdikləri marş sədaları altında döyüşən cəbhələrin alayları Qızıl meydandan keçiblər.
Hava şəraitinin yağıntılı olmasından Qələbə paradında aviamarş təxirə salınıb.
Parad zamanı hərbi orkestrin qəfil susması izdihamda qeyri-adi sükut yaradıb. Bir neçə saniyədən sonra təbillərin gurultulu səsi eşidilib və xüsusi rota alman bayraqlarını aşağı vəziyyətə gətirərək mavzoleyin qarşısındakı daşların üzərinə atıblar. Birinci atılan bayraq isə Hitlerin şəxsi ştandartı olub. Həmin bayraqları gətirən sovet hərbçiləri əllərinə əlcək geyiniblər. Bu da təsadüfi deyil. Onlar əlləri düşmən bayrağına dəyməməsi üçün belə ediblər və sonra həmin əlcəkləri də yandırıblar.
Qələbə paradının ən maraqlı məqamlarından biri şinel
geyindirilmiş itin marş sədaları altında Qızıl meydandan keçməsi
olub. Bu keçid insanların sürəkli alqışları ilə qarşılanıb.
"Culbars" adlandırılan bu öyrədilmiş it müharibə zamanı 7500 ədəd
basdırılmış minanın tapılmasında istehkamçılara yardımçı olub.
Qələbəyə çox az bir vaxt qalmış isə it yaralanıb. Bu haqda
məlumatlı olan Stalin təşkilat komitəsinə əmr verib ki, öz şəxsi
şinelini "Culbars"a geyindirib Qələbə paradında Qızıl meydandan
keçməsini təmin etsinlər.
Qələbə paradında 24 marşal, 249 general, 2536 zabit, 31116 əsgər və
serjant heyəti iştirak edib. Qızıl meydandan 1850 hərbi texnika
keçib.
Səhərisi gün isə iyunun 25-də Böyük Kreml sarayında 2500 nəfərin
iştirakı ilə qəbul keçirilib, ziyafət təşkil olunub.
Ancaq qısa bir dövrdən sonra sovet xalqı bayram keçirmək
hüququndan müəmmalı şəkildə məhrum edilib. Belə ki, 1947-ci ilin
dekabr ayının 23-də Stalinin təşəbbüsü ilə SSRİ Ali Soveti Rəyasət
Heyətinin qərarına əsasən 9 may Qələbə günü iş günü elan edilib və
həmin gün hərbi paradın və digər kütləvi tədbirlərin keçirilməsi
nəzərdə tutulmayıb. Hətta həmin rəsmi qərarda Qələbə sözü kiçik
hərflə yazılıb.
Bu müəmmalı qərarla bağlı tarixçilərin bir çox versiyaları var. Bu
qərarla ölkənin iqtisadi durumundakı problemləri nəzərə alaraq
təqvimdəki bir qeyri-iş gününü ləğv edib, zavod və fabriklərin bir
gün artıq işləməsi məqsədi güdülürdüsə, bu yanlış versiyadır. Çünki
həmin qərarın digər bəndində 1 yanvarın qeyri-iş günü elan olunması
öz əksini tapıb.
Daha bir versiya müharibənin od-alovundan çıxmış keçmiş
döyüşçülərin bir araya gəlməsi, həmrəyliyi Stalini bu məsələdə
ehtiyatlı davranmağa vadar edib. Belə ki, keçmiş döyüşçülərin
həmrəyliyi sayəsində hamını düşündürən və həm də qıcıqlandıran
hədsiz itkilərin sayı məsələsi qalxa bilərdi. Bunun yararadacağı
fəsadların isə nə qədər ağır olacağı aydın məsələ idi. Təbii ki, bu
məsələ Stalini narahat etməyə bilməzdi. Çünki SSRİ tərəfindən
müharibədə ölənlərin sayı ağılasığmaz fantastik rəqəmlərlə əks
olunurdu və həmin dövrdə ictimaiyyət tərəfindən bu böyük itki
Müdafiə Komitəsinin səriştəsizliyi kimi də qiymətləndirilib.
Ən maraqlısı isə bu qərarın dekabrın 23-də verilməsidir. Məhz həmin
ərəfədə pul islahatlarının keçirilməsi, bir həftədən sonra yeni il
bayramı və bu bayramın qeyri-iş günü kimi elan edilməsi təbii ki,
əhalinin diqqətini başqa səmtə yönəldib. Digər bir tərəfdən Qələbə
gününə dövlət tərəfindən belə bir münasibətin göstərilməsinə etiraz
etmək istəyənlərin sayının çox olmasına baxmayaraq Stalin rejiminin
"NKVD" adlı amansız bir qurumu kimliyinə baxmayaraq hər bir kəsi
susdurmaq iqtidarında olub.
Beləliklə, 9 may Qələbə bayramı düz 20 il ərzində təqvimdəki digər
adi iş günləri kimi hərbi paradsız və təntənəsiz qeyd edilib.
Nəhayət 1965-ci ildə qələbənin 20 illik yubileyində Leonid İliç
Brejnevin təşəbbüsü sayəsində 9 may Qələbə günü qeyri-iş günü kimi
təqvimə düşüb və sovet vətəndaşları tarixi qələbəni böyük
təmtəraqla qeyd etməyə başlayıblar.
Tarix
2015.05.08 / 09:26
|
Müəllif
Axar.az
|