Bugünlərdə qonaqlı-qaralı paytaxtımızda ATƏT-in Minsk
qrupunun həmsədrlərini də görmək olar. 15 ildən artıqdır ki, Dağlıq
Qarabağ probleminin həlli yükünü öz üzərinə götürən qrup üzvlərinin
bu yükü daşıya bilmədikləri çoxdan öz təsdiqini tapıb. Vəziyyət
hətta o yerə çatıb ki, təkcə siyasi şərhçilər yox, sadə vətəndaşlar
da həmsədrlərin fəailiyyətinin yararsızlığından gileylənir. Qrup
üzvlərinin Zəngilan rayonundan olan qaçqınlarla görüşü bunun bariz
nümunəsi oldu.
ANS-in məlumatına görə, Masazırda 32 saylı Zəngilan rayon
məktəbində keçirilən görüşdə tədris ocağının müəllim kollektivi
həmsədrləri 15 illik fəailiyyətsizlikdə ittiham etdilər. Həmsədrlər
isə öz növbəsində məcburi köçkünləri Dağlıq Qarabağ münaqişəsinin
həlli istiqamətində əllərindən gələni əsirgəmədiklərinə inandırmağa
çalışdılar. Və onların yurd-yuvalarına qayıdacaqlarına
inandıqlarını söyləydilər. Zəngilan müəllimlərinin "nə zaman?"
sualına Amerikalı həmsədrin reaksiyası təəccüblü oldu. Ceyms Uorlik
sadəcə gülümsəməklə kifayətləndi.
Rayonun Diyarşünaslıq muzeyinə baş çəkən həmsədrlər Zəngilanın
tarixi və mədəniyyəti ilə maraqlandılar. Həmsədrlərə muzeyin
əməkdaşı ətraflı məlumat verdikdən sonra qonaqlar qəsəbədə salınan
uşaq bağçasına da baş çəkdilər.
Həmsədrlər Zəngilandan olan məcburi köçkün ailələrinin
yaşadıqları şəraitlə də maraqlandılar.
Daha sonra ATƏT-in Minsk qrupunun nümayəndələri baş nazirin
müavini, qaçqınkomun sədri Əli Həsənovla görüşdülər.
Əli Həsənov həmsədrlərin nəzərinə çatdırdı ki, məcburi köçkünlər
üçün 90 belə qəsəbə salınıb. Bu qəsəbələrdə ümumilikdə 240 mindən
çox qaçqın və məcburi köçkünlər məskunlaşıb. Əli Həsənov 380 min
qaçqın və məcburi köçkünlərin də köçürülməsinə ehtiyac olduğunu
dedi.
Jurnalistlərə müsahibəsində ATƏT-in Minsk qrupunun Rusiyalı
həmsədri İqor Popov Ermənistan və Azərbaycan prezidentlərinin
görüşünü hazırladıqlarını da deyib.
Jurnalistlərin bəzi suallarını isə həmsədrlər ustalıqla bu dəfə
də cavabsız qoydular.