Yeni ildə təsərrüfatla məşğul olanlar üçün yenilik
olacaq. Ümid edək ki, ağ almasıyla dillər əzbəri olan Qubada
meyvəçilərin ciddi satış problemləri yaranmaz. Hələliksə,
satılmaması səbəbindən Qubada tonlarla alma çürüyür.
Verilə məlumata görə, Amsar
Qışlaq kəndində elə bir ev tapmaq mümkün deyil ki, onun həyətinə
çürümüş alma atılmasın. Kənd sakini Tahir Müslümov belə sakinlərdən
biridir. Onun dediyinə görə, indiyə qədər həyətinə təxminən 5
tondan artıq çürümüş alma atıb.
Müsahibimiz Tahir Müslümov min bir əziyyətlə yetişdirdiyi
meyvənin alıcı yoxluqundan çürüdüyünü deyir.
Kəndliləri almanı şaxtadan qorumaq üçün örtükdə saxlayırlar.
Öyrəndik ki, rayonda saxlama anbarı fəaliyyət göstərsə də, orada
məhsulu saxlamaq təsərrüfat sahiblərinə sərfəli deyil. Bağbanların
sözlərinə görə, Rusiya bazarlarına meyvə aparmaq üçün yol və gömrük
xərcləri baha çıxdıqından artıq onlar bunu da məqsədəuygun hesab
etmirlər.
Qubanın kəndlərində səbirsizliklə alıcı gözləyən bağbanlar
bildirirlər ki, indi almanın bir yeşiyini 2 manata satmağa
məcburdurlar. O qiymətə də alan yoxdur. Bakı bazarlarına da apara
bilmirlər, çünki bu sistemdə manapoliya mövcuddur.
Bildirək ki, Amsar Qışlaq sakinlərinin səsləndirdikləri bu
problem Qubanın meyvəçiliklə məşgul olan bütün kəndlərində yaşanır.
Məsələyə Quba İcra Hakimiyyətinin aqrar şöbəsindən şifahi münasibət
bildirildi. Şöbənin əməkdaşı Ramiz Qusarçaylı rayon bağbanlarının
satış problemi olduğunu təsdiqlədi. Onun sözlərinə görə, İcra
Hakimiyyəti 2014-cü ildə meyvəçiliyin inkişafıyla bağlı yeni xüsusi
proqram üzərində işləyir. Artıq yeni kənd təsərrüfatı naziri Heydər
Əsədov da bununla bağlı quruma müraciət edib. Hazırlanan bütün
təkliflər aidiyyatı mərkəzi orqanlara göndəriləcək və onların həlli
istiqamətində 2014-cü ildə geniş miqyaslı işlərə start veriləcək
(ANS).