Avropa Birliyinin qanunverici orqanı olan Avropa
Parlamenti haqda fikirlər birmənalı deyil. Qərb mətbuatının özündə
bu qurumun korrupsiyaya bulaşdığı barədə iddialar dəfələrlə
səsləndirilib və faktlar açıqlanıb.
Publika.az xəbər verir ki, Almaniyanın "Der Spigel" nəşri Avropa
Parlamentinin fəaliyyəti haqda növbəti korrupsiya faktlarını dərc
edib.
"Friend of the Earth Europe", "Corporate Europe Observatory" və
"LobbyControl" QHT-ləri Avropa Birliyi səviyyəsində lobbi
fəaliyyətini bir neçə il araşdırıb və daim yeni faktlar üzə
çıxıb.
Belə ki, Avropa Parlamentinin bir çox üzvü davranış kodeksinin
əksinə olaraq, böyük miqdarda ödənilən pullar hesabına iri
şirkətlərin maraqlarına uyğun qanunların qəbul olunması üçün
lobbiçilik fəaliyyəti ilə məşğul olublar. Avropa Parlamentinin bir
sıra deputatları 2011-ci ilin martında etiraf ediblər ki, onlar
böyük qonorarlar hesabına maliyyə sektoru üçün bank idarəçiliyi
haqda qanunun qəbul edilməsinə kömək ediblər. Bundan sonra tezliklə
deputatların yeni davranış kodeksi qəbul olunub və bura lobbistlər
üçün şəffaflıq reyestri də daxil edilib. Lakin bunun işləyəcəyi
haqda suallar hələ də açıq qalır.
"LobbyControl"un alman eksperti Nina Katsemix yeni davranış
kodeksinin kifayət qədər tətbiq edilməməsindən narahatdır.
"Der Spigel" avrodeputatların korrupsiya fəaliyyəti haqda
konkret nümunələr gətirir.
Birinci fakt: Birgit Kollin Langen Xristian Demokratik
İttifaqının deputatı kimi 2012-ci ildə Brüsselə yollanmadan əvvəl -
16 il ərzində Bingen-na-Reyn şəhərinin meri olub. Hazırda Avropa
Parlamentində iqlim məsələləri üzrə qərarların qəbul olunduğu ətraf
mühitin qorunması komitəsinin üzvü olan Kollin Langen RWE (Avropada
karbon qazı tullantıları üzrə ikinci böyük müəssisə) energetik
konsernin Məsləhət Şurasında da öz yerini qoruyub saxlayıb.
Komitə 2015-ci ilin yanvarında karbon qazı tullantılarının
ticarətdə sabitləşdirilmiş ehtiyat bazarının yaradılması haqda
qanuna dəyişiklik edərkən, Kollin Langen bir neçə ərizə təqdim
edib. Bura çirklənməyə görə, pulsuz hüququn əldə edilməsi də
daxildir. Bu mövqe tamamilə RWE konsernin xəttinə uyğun gəlirdi.
Lakin deputat burada heç bir mübahisəli maraqların olmadığını
bildirərək ittihamları rədd edir.
Onun sözlərinə görə, RWE-də üzvlük Birgit Kollin Langenə ildə ən
azı 6000 avro gətirir.
İkinci fakt: Gi Verhofstadt 2009-cu ildə Avropa Parlamentinin
üzvü seçilənə qədər 9 il ərzində Belçikada baş nazir vəzifəsində
çalışıb. Avropanın liberallar və demokratlar alyansı fraksiyası və
konstitusiya məsələləri üzrə komitəsinin üzvü kimi, 62 yaşlı
deputat Avropa Birliyi səviyyəsində təsir gücünə malikdir.
Verhofstadtın ikinci fəaliyyət növü kimi 9 yer göstərilir.
2013-cü ilin maliyyə hesabatına əsasən, Belçikanın "Sofina"
investisiya kompaniyası Verhofstadtın hesabına 130 min 500 avro
köçürüb. Hollandiyanın APG sığorta konserni 2012-ci ildə təxminən
43 min avro, Belçikanın "Exmar" gəmiqayırma şirkəti isə 2013-cü
ildə keçmiş baş nazirə 60 min avro ödəyib.
Verhofsdtat da digər həmkarı kimi irəli sürülən ittihamları
qəbul etmək istəmir.
"Der Spigel" yazır ki, Avropa Parlamenti deputatların ikinci
məşğulluğunun təsiri altına düşür. Məhz lobbiçilik adı altında
böyük korrupsiya faktları davranış kodeksinin kəskinləşdirilməsi
məsələsini gündəmə gətirir.
"Deputatlar böyük korporasiyaların Brüsseldə lobbiçiləri kimi
çıxış edirlər. Bu qadağan olunmalıdır", - deyə N. Katsemix qeyd
edib.
Bu faktlar Avropa Parlamentinin hansı meyarlarla işlədiyini açıq
şəkildə göstərir. Bu, eyni zamanda, Avropa Parlamentində pul
qarşılığında yalnız iri korporasiyaların maraqlarını müdafiə edən
qanunların deyil, siyasi qərarların da qəbul edildiyini sübut
edir.
Beləliklə, ötən ilin sentyabrında Azərbaycanla bağlı qəbul
olunan qondarma qətnamə, həmçinin indiyə kimi anti-Azərbaycan
qərarlarının arxasında konkret dövlətlər və siyasi dairələrin
dayandığı ortaya çıxır. Cari ilin 10 iyun tarixində Avropa
Parlamentinin Azərbaycanla bağlı keçirdiyi dinləmələrin erməni
lobbisi tərəfindən sifariş olunduğu barədə səsləndirilən iddialar
da yuxarıda qeyd etdiyimiz faktlarla öz təsdiqini tapır.