Ana səhifə Gündəm |
İyunun 22-də Strasburqda növbəti yay sessiyası işə
başlayan Avropa Şurası Parlament Assambleyası (AŞPA) ənənəvi olaraq
ilk iş günündə yaz sessiyasından sonrakı dövrdə Büro və Daimi
Komitənin fəaliyyətlərini əks etdirən inkişaf haqqında məruzəni
dinləyərək müzakirə edib.
Müzakirələrdə çıxış edən Azərbaycan daimi nümayəndə heyətinin üzvü
Rafael Hüseynov Avropa Şurasında mövcud olan ikili standartlar
məsələsini xüsusilə vurğulayaraq deyib: "Avropa Şurasından bəhs
edərkən çox vaxt "ailə" ifadəsini işlədirlər və zənnimcə, bu, çox
qanunauyğundur. Çünki yarandığı müddətdən bəri üzv ölkələrinin sayı
dörd dəfə artan, bu gün qovuşdurduğu 47 dövlətin hər biri
tərəfindən ehtiramla qəbul edilən Avropa Şurası həqiqətən 800
milyondan çox insanı əhatə edən nəhəng dünya ailəsi sayıla bilər.
Hər sessiya öncəsi dinlədiyimiz inkişaf hesabatlarını da mən lap
qədimlərdən nümunəvi Avropa nəsillərinə və familiyalarına xas
olmuş, dünənki işlərə yekun vuran, sabahkı işlərə hazırlıq görmək
vəzifəsini daşıyan səmimi ailə söhbətləri kimi qəbul edirəm.
"Səmimi" sözünü təsadüfən işlətmirəm. Çünki bu qəbil fikir
mübadilələrinin, ailə dərdləşmələrinin ilkin şərti məhz
səmimiyyətdir. Belə müzakirələrdə səmimiyyət yoxdursa, demək, bu
heç ailə söhbəti deyil və əhəmiyyətli bir nəticəyə gətirib
çıxarmaz. Ailə münasibətlərində səmimiyyətə düşmən olan ən başlıca
fəsad ailənin bərabərhüquqlu üzvlərinə qeyri-bərabər münasibətin
bəslənilməsi, fərqli standartlarla yanaşmalardır. Mən öz ölkəmə -
Azərbaycana münasibətdə bunu hər zaman hiss etmişəm. Amma belə
yanaşmanın mövcudluğundan Türkiyə də, Rusiya da və bir sıra başqa
üzv ölkələr də vaxtaşırı şikayətlənir. Əlbəttə, özümü inandırmaq
istəyirəm ki, bu, Avropa Şurasının bir təşkilat olaraq siyasəti
deyil və mahiyyətcə onun Nizamnaməsinə də, bütövlükdə fəlsəfəsinə
də ziddir. Lakin nəticə etibarilə ayrı-ayrı şəxslərin qərəzli
yanaşmaları ona gətirib çıxarır ki, bu, bütün təşkilatın nöqsanı
kimi qavranılır. Avropa Şurası Ermənistanı özünün 1416 saylı
qətnaməsində aydın şəkildə, qeyd-şərtsiz olaraq "işğalçı" kimi
təsbit edib. Yalnız qonşulara deyil, öz xalqına qarşı da
təcavüzkar, antidemokratik, antihumanist siyasət aparan, dövlət
terrorizmi xətti yürüdən Ermənistanın real siması AŞPA rəhbərliyinə
yaxşı bəllidir. Lakin hesabat dövründə həmin ölkədə hüquqi işlər və
insan haqları komitəsinin iclası keçirilir və Büro bunu normal
sayır. Lakin daha əvvəlki sessiyalarda həmin Ermənistan tərəfindən
əraziləri işğal edilmiş, Avropa Şurasının standartları baxımından
Ermənistandan hər cəhətdən üstün olan Azərbaycana təyin olunmuş
komitə iclasları müxtəlif bəhanələrlə ləğv olunur, bu tədbirlərin
Bakıda keçirilməsi məqbul hesab edilmir. Lap fərz edək ki,
Azərbaycana qarşı bu addımınızı ölkəyə qarşı hansısa iradlarınızla
əsaslandırırsınız. Lakin axı Ermənistana həmin iradlardan on qat
artığını bildirmək olar! Bəs niyə bu ölkəyə qarşı belə ifrat
yumşaq, nəvazişkar yanaşır, heç bir sanksiya tətbiq etmirsiniz?
Növbə Ermənistana çatanda sizi ürəyiyumşaq, ədalətsiz olmağa vadar
edən hansı gözəgörünməz qüvvədir? Rusiyaya qarşı sanksiyalar tətbiq
edilir. Bəs niyə eyni motivlə azı 10 il bundan əvvəldən
sanksiyalara məruz qalmalı Ermənistana belə sərt münasibətin yüzdə
biri göstərilmir? Sizə nə mane olur? Belə ikiüzlülüyün demirəm, bu
cür anlaşılmaz çoxüzlülüyün sürəkli davam etməsinə necə dözək, niyə
dözək, nə vaxtadək dözək?!"
Rafael Hüseynov Assambleya üzvlərinin diqqətini ötən sessiyadan
keçən müddətdə Ermənistanın törətdiyi daha bir qanunsuzluğa
yönəldərək AŞPA Bürosunu və Daimi Komitəni təşkilatın nüfuzuna
zərbə vuran belə saymazlığa göz yummaqda ittiham edərək bildirib:
"AŞPA Bürosunun qərarı ilə Böyük Britaniyadan olan deputat Robert
Volter "Dağlıq Qarabağ və Azərbaycanın işğal altındakı digər
ərazilərində Ermənistanın gərginliyi artırması" adlı mövzu üzrə
məruzəçi təyin olunmuşsa da, Ermənistan onunla əməkdaşlıq etmək,
məruzəçinin işğal altındakı ərazilərə səfər etmək, tədqiqatlar
aparmaq istəklərinə qarşı çıxır, onu Ermənistana buraxmaq istəmir.
Biz Assambleyada şahid olmuşuq ki, məruzəçini ölkəyə buraxmayan
dövlətə qarşı dərhal cəza tədbirləri görülür. Ermənistan isə bir
deyil, iki Avropa Şurası məruzəçisini qəbul etməkdən boyun qaçırır.
Büro isə bütövlükdə təşkilatın nüfuzuna ciddi xələl gətirən bu
özbaşınalığa dözür. Nə səbəbə?"
Çıxışının yekununda Rafael Hüseynov Avropa Şurasını ifrat
yumşaqlıqdan, ikili standartlardan əl çəkərək Ermənistan kimi
intizamsız ölkələrlə bağlı təsirli tədbirlər görməyə çağırıb: "Arzu
edərdik ki, Büro və Daimi Komitənin gələcək inkişaf hesabatlarında
bu qəbil ağrılı məsələlərə sözlə verilən ümumi, yayğın cavablara
deyil, nəhayət ki, konkret işdən doğan gerçək nəticələr barədə
məlumatlara rast gələk".
Tarix
2015.06.22 / 22:38
|
Müəllif
Axar.az
|