"Odlar Yurdu" Universitetində oxuyan bir qrup tələbə
universitetin rəhbərliyindən olduqca narazıdır. Tələbələr
bildirirlər ki, onların ən təbii haqqları belə pozulur. Adının
açıqlanmasını istəməyən tələbə deyir ki, universitet cərimə
qaydaları ilə idarə olunur. O deyir ki, Universitet rektoru Əhməd
Vəliyev ən adi şeylər üçün də cərimələr tətbiq edib:
"Bizə rektorluqdan deyirlər ki, hər universitetin öz daxili
qaydaları var və bu cərimələr də bizim qaydalarımızdır. Təsəvvür
edin ki, tələbə biletini itirən tələbə təhsil haqqının 2 mislini
ödəyəndən sonra yeni tələbə bileti ala bilir. Təhsil haqqı
1500-2000 manatdan yuxarıdır. Elə ixtisas var ki, 2500 manat təhsil
haqqı ödəyir. Bir tələbə bileti nədir ki, onu itirən zaman 4-5 min
manat pul ödəyək?"
"Odlar Yurdu" universitetinin tələbəsi cərimələrin təkcə tələbə
biletinin itməsinə görə deyil, başqa şeylərə də tətbiq edildiyini
deyir:
"Təkcə tələbə bileti deyil. Məsələn, bizə imkan vermirlər ki,
normal saç saxlayaq. Mən istəyirəm ki, saçımı uzadım, digər
universitet tələbələri kimi sərbəst geyinim. Ən bəsit haqqlarımız
belə pozulur. Bayaq dediyim cərimələr saqqal saxlayan tələbələrə də
şamil edilir. Əvvəl hündürdaban ayaqqabı geyən qızlara da cərimələr
tətbiq edirdilər. Sonra o cəriməni ləğv etdilər".
"Odlar Yurdu" universitetinin rəhbərliyindən gileylənən tələbə
bildirdi ki, bu qaydalara görə universitetdən qovulan tələbələr də
olub:
"Keçən il bir tələbə dostumuz imtahana dizləri cırıq cinslə
gəlmişdi. Universitet rəhbərliyi onu təhqir edərək imtahan
otağından çıxardı. Tələbə nə qədər mübahisə etdisə, heç bi faydası
olmadı. Belə universitetdə hansı təhsildən söz gedə bilər? Ən adi
şeylərə cərimə tətbiq edib minlərlə manat pul qazanırlar".
Məsələ ilə bağlı Universitetin rektoru Əhməd Vəliyev ilə əlaqə
saxladıq.
"Axar.az"a danışan millət vəkili dedi ki, rektoru olduğu
universitetdə tətbiq edilən bütün qaydalar nizam-intizam
qaydalarını gücləndirmək üçündür. Əhməd Vəliyev tələbə biletinin
itməsinə görə cərimə tətbiq edilməsini gizətmədi:
"Hansısa tələbə universitet əmlakını korlayırsa, bunun cəriməsi
var. Əgər tələbə biletini itiribsə, onun da cəriməsi var. Ancaq bu,
xırda rəqəmdir. Təhsil haqqının 2 misli bilirsiniz nə qədər edir? 6
min manat".
"Bəs əslində cərimələr nə qədərdir?" - sualına isə rektor belə
cavab verib:
"100 manat. Bu cərimələr tələbənin məsuliyyətini artırmaq
üçündür. Tələbə öz biletini necə itirə bilər? Tələbənin
atributlarından biri onun vəsiqəsidir. Bakı Dövlət Universitində
oxuduğum zaman verilən tələbə bileti bu dəqiqə də mənim
özümdədir".
Universitet rektoru saç-saqqal qadağasına və cərimələrinə də
aydınlıq gətirdi:
"Hər bir tələbə səliqəli olmalıdır. Saç-saqqal saxlamağa görə
cərimə yoxdur, ancaq bu bizim onlardan tələbimizdir. Biz onlarla
söhbət aparırıq ki, olmaz. Hər tələbənin geyimi qaydasında,
səliqəli olmalıdır, yuxudan tezdən durmalı və üzünü
qırxmalıdır".
Əhməd Vəliyev "Axar.az"ın muxbiri ilə söhbət zamanı təhsil
haqqının 2 misli qədər cərimənin yalan olmasını dəfələrlə qeyd
etdi:
"Yalan söhbətdir. Bunlar heç təhsil haqqını düz-əməlli ödəyirlər
ki, 2 mislini də ödəsinlər? Elə olsa, universitet kef eləyər,
vallah. Təhsil haqqını ödəmək zamanı çatanda gəlirlər ki, Əhməd
müəllim, kömək elə bizə. Mən yenə deyirəm, təhsil haqqının 2 misli
qədər cərimələrin olması söhbəti boş söhbətdir".