Yuxarı

Bu gün Zəngilanın işğaldan azad olunduğu gündür

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu gün Zəngilanın işğaldan azad olunduğu gündür

Bu gün - oktyabrın 20-si Zəngilan şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edildiyi gündür.

Axar.az xəbər verir ki, şəhərin erməni işğalçılarından təmizlənməsindən 1 il ötür.

2020-ci ilin oktyabrın 20-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Zəngilan şəhəri və rayonun daha 6 kəndinin - Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlının işğaldan azad olunduğunu elan edib.

Oktyabrın 20-də Zəngilan şəhəri və 6 kəndi ilə yanaşı, Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Çinarlı kəndləri erməni işğalçılarından təmizlənib.

Azad olunanın ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.

Zəngilan döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu Arazboyu əməliyyatlarından biridir.

2020-ci il dekabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Zəngilan rayonunda səfərdə olublar. Ali Baş Komandan Zəngilan şəhərində şanlı Azərbaycan bayrağını ucaldıb.

Hazırda Zəngilanda birinci “Ağıllı kənd” pilot layihəsi həyata keçirilir. Layihə rayonun 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir.

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 25-də və 2021-ci il iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilib. Onlar rayonun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiklərinə görə təltif olunublar.

Qeyd edək ki, Zəngilan rayonu Qarabağın cənubunda, İran ilə sərhəddə yerləşir. Ərazisi 707 kvadratkilometr olan rayonun əhalisi 45 min (1993-cü ildə 39 min) nəfərdir. Rayon ərazisi Kiçik Qafqaz dağlarının cənub tərəfində Arazboyu hissədə yerləşir. Ərazinin özünəməxsus gözəllikləri, sıldırımlı qayaları, laləli düzləri, göz oxşayan meşələri və kolları var.

Ərazisində əsasən mülayim isti iqlim müşahidə edilir. Araz, Oxçuçay, Həkəri və Bəsitçay rayonun ərazisindən axan çaylarıdır. İlin bütün fəsillərində bol sulu olan çaylardan məişət və kənd təsərrüfatından başqa, müxtəlif sahələrdə də istifadə edilirdi. Ərazisində tikinti daşı, əhəng xammalı, qızıl, qara mərmər və s. kimi faydalı qazıntılar var.

Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 79 kənddən ibarət idi. Zəngilanda əkinçiliklə yanaşı, heyvandarlıq da inkişaf etmişdi. Lakin 27 illik işğal nəticəsində Zəngilanın sərvətləri düşmən tərəfindən tar-mar edilib, infrastruktur sıradan çıxarılıb, yaşayış məntəqələri vandalizimə məruz qalıb. Rayon ərazisində olan evlər, tarixi abidələr tamamilə dağıdılıb, ağaclar məhv edilib.

Qarabağ Azərbaycandır!

Tarix
2021.10.20 / 00:07
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan-Gürcüstan birgə şirkəti bu tenderdən kənarlaşdırıldı

ABŞ Azərbaycan qazının satılmasının qarşısını alıb?

Qazaxıstan AZAL təyyarəsi ilə bağlı daha bir açıqlama yaydı

Hansı “yerli istehsal” üçün vergini artırırlar?

İlham Əliyev Jelko Komşiçi təbrik etdi

Milli Məclisin növbəti plenar iclası başladı

Kamaləddin Qafarov: Kəlbəcər yenidən inşa olunur

Zəngəzur dəhlizi bu tarixdə işə düşəcək - Matevosyan

Maduro üçün gerisayım başladı: Hava hücumları başlaya bilər

Qafqazda TRİPP reallığı: İrəvan Tiflisi “sıradan” çıxarır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla