Yuxarı

Müsavat-AXCP davası nəyi üzə çıxardı? - Köşə yazarları

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış köşə yazarları son günlər ölkə mətbuatında və sosial mediada AXCP və Müsavat Partiyası arasında baş verən qarşılıqlı ittihamlara "Axar.az"da münasibət bildirdi.

Seymur Baycan:

"Cəbhə ilə Müsavatın bir-birinə demədiyi söz qalmadı. Ən pisi odur ki, deyilənlərin hamısı doğrudur. Çünki bir-birlərin yaxşı tanıyırlar və bir-birlərini də əla ifşa edirlər. Görün, biz bədbəxtlər hansı səviyyənin adamlarına inanmışıq. Bundan sonra bu adamlara inanan, bu adamlardan nəsə gözləyənlərə ad qoymağa çalışıram. Mən vəziyyətin ağır olduğunu hardasa bilirdim, amma bu dərəcədə səviyyəsizlik gözləmirdim, sağ olsunlar. Adamların işini asanlaşdırırlar.

Qaldı onlar bitmiş insanlardi. Fikrimcə, bu bitmiş müxalifətdən sonra da yeni siyasi qüvvə gəlməyəcək. Bunlardan yeni nəsə gözləməyə dəyməz. Cəmil Həsənli Yazıçılar Birliyinin üzvüdür. REAL-da isə qlamurlar təmsil olunur. Elə belə siyasətçilərin olmağındansa, olmamağı yaxşıdır".

Ceyhun Musaoğlu:

"Mətbuatımız eyni düşərgənin təmsilçiləri arasında gedən və siyasət sərhədlərini aşaraq təhqirlər səviyyəsinə enən söz savaşlarına çox meydan olub. Əsasən də müxalifət çəbhəsində düşmənçilik dəb halını alıb. Bütün dönəmlərdə iki savaş tərəfinin biri AXCP, o biri Müsavatdı. Təsadüfi deyil ki, bu partiyalar əməkdaşlıq etməyə başladıqları andan jurnalistlərin proqnozu belə olur: "Bu birlik uzun sürməyəcək, seçki bitən kimi qırğın düşəcək". Proqnozlarımız növbəti dəfə özünü doğrultdu. "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğluna qarşı sosial şəbəkələrdə bəzi hücumlar olanda həmkarımı müdafiə xarakterli köşə yazdım. Əlbəttə, düşünmürəm ki, tərəflərdən hansınınsa müdafiəyə ehtiyacı var, onlar nə elədiklərini yaxşı bilirlər, sadəcə, cəmiyyətdə sevginin dominantlıq təşkil etdiyini istəyənlərdən biri kimi, mövqe sərgilədim. Hazırda isə vəziyyət biabırçı şəkil alıb. Tərəflər təhqirləri adi sözlər kimi işlədirlər. Belə hal ikrah hissi yaradır. Cəmiyyətdə nifrətin aktuallaşması hamının ziyanınadı. Belə müxalif düşüncəylə hər hansı dəyişikliyə nail olmaq mümkün deyil. Bundan sonra müxalifət hakimiyyətin siyasətinə irad bildirəcəyi təqdirdə cavab alacaq ki, gedin bir-birinizlə danışmağı bacarın, sonra gələrsiz". Sanki müxalifətin bir missiyası var: hakimiyyəti haqlı çıxarmaq".

Rövşən Hacıbəyli:

"Partiyalar arasında münaqişə yaranandan bəri mən buna münasibət bildirməmişəm. Ümid edirəm ki, tezliklə partiyalar arasında qarşılıqlı ittihamlara son qoyulacaq və iqtidar bundan öz məqsədləri üçün yararlana bilməyəcək".

Zamin Hacı:

"Çox acı bir hadisədir. Buna qardaş qırğını da deyə bilərik. Bu dəfə, belə deyim də, onlar bütün körpüləri yandırmaq istiqamətində əməllicə səy göstərdilər. Mən də fikirləşirəm ki, bunun belə olması daha yaxşı oldu. Yəni artıq hərə öz bildiyi yolla gedəcək. Fikirləşirəm ki, bu hadisələrin baş verməsində partiyaların nə qədər günahı varsa, bir o qədər də cəmiyyətin günahı var. Bu bir az "yumurta əvvəldi, yoxsa toyuq" mübahisəsinə oxşadı. Amma istənilən halda problemin yaranmasında hər iki tərəfin günahı var. Onu da etiraf edək ki, bu gün partiyaların müstəqil şəkildə fəaliyyət göstərməsinə məhdudiyyətlər qoyulur. Onlar bu gün çox zəifdirlər. Elə ona görə də əlacsız qalıb bir-birilərini ittiham edirlər. Bu, torpaqların əldən getməsində ermənini unudub füzulilinin cəbrayıllını, cəbrayıllının da ağdamlını ittiham etməsinə bənzəyir. Tərəflər arasında olan münaqişələr hakimiyyətin özünə də sərf edir. Bax, son vaxtlar kim Cəbhədən Müsavatın və ya Müsavatdan Cəbhənin əleyhinə danışırsa, birmənalı olaraq həmin adam işləməsə belə, hakimiyyətə yardım edir. Bu dediklərim "Yeni Müsavat" və "Azadlıq" qəzetində gedən yazılara da aiddir".

Elnur Astanbəyli:

"Təbii ki, çox rüsvayçı bir hadisədir. Bu hadisə sübut elədi ki, Azərbaycanda İsa Qəmbərlə Əli Kərimli və onların tərəfdarlarına başqa adamların qoyduğu hörmətin mində birini bunlar bir-birilərinə göstərə bilmirlər. Azərbaycanda siyasi dəyişiklik üçün olan münbit şərait heç bir ölkədə yoxdur. Çünki bu qədər kütləvi narazılıq, bu qədər kütləvi etiraz və problemləri olduğu şəraitdə Azərbaycanda siyasi dəyişikliklər çox sürətlə baş verməliydi. Bu gün bir daha təsdiq olundu ki, bu siyasi dəyişikliyin baş verməməsinin əsas səbəbi bugünkü müxalifətin bu səviyyəsidir. İstənilən ölkənin hakimiyyəti arzu edərdi ki, bizdəki kimi müxalifəti olsun.

İndi bu tərəflər istəyir ki, hər ilin, ayın axırında bunlar bir-birilərini qırsın, kənarda oturanlar isə kimin haqlı və ya haqsız olması haqqında fikir bildirsin. Amma yeməzlər. Təsəvvür edin ki, mən 15 ilə yaxındır ki, bu hadisələrin içindəyəm. Bu illər ərzində 6-7 dəfədir ki, tərəflər arasında bu cür qanlı qırğınları izləyirəm. Bir daha təsdiq olundu ki, bunların bir-birinə olan patoloji nifrəti Azərbaycan hakimiyyətinə olan nifrətdən qat-qat çoxdur. Fikir verin, insanlar müxalifət haqda danışarkən "müxalifət də hakimiyyətə satılıb" - deyə fikir bildirirlər. İndi cəbhəçilər və Müsavat arasında olan qarşılıqlı ittihamlara fikir verin, hər iki partiya təmsilçiləri bir-birini baş tutan seçkilərdə hakimiyyətə satılmaqda ittiham edirlər. Demək, xalq haqlıdır, müxalifət həqiqətən hakimiyyətə satılıb. Heç hakimiyyət düşünülmüş addım ataraq milyonlarla pul xərcləsəydi belə, bugünkü müxalifəti bu vəziyyətə gətirə bilməzdi. Mən indi başa düşürəm ki, məhbəs həyatı yaşayan günahsız gənclər həqiqətən bu hakimiyyət üçün təhlükə mənbəyidirlər. Çünki hakimiyyətə onlar yox, bugünkü müxalifət daha çox sərf edir. Ona görə də Əli Kərimli və İsa Qəmbər hər zaman müxalifətdə qalacaq. Hakimiyyət onları tam gücləndirməsə də, siyasi səhnədən getməsinə imkan verməyəcək".

Şərif Ağayar:

"Siyasətdə ən başlıcası mənafedir. Qardaşlıq, dostluq, kişilik, əxlaq, namus-qeyrət kimi kiflənmiş dəyərlərlə siyasi hadisələrə qiymət vermək doğru deyil. Bunlar şəxsi keyfiyyətlərdir. Qeyrətli partiya olmur. Baxmayaraq ki, bizdə Qeyrət adlı partiya da vardı. Hər bir partiyanın qərar vermək hüququ var. Mən siyasətçilərə inanmıram, ona görə elə də ciddi təsirlənmədim. Amma Müsavat partiyasının bəyanatı bir az təsir etdi mənə. Bu sözləri seçkilərdə Hafiz Hacıyev deyirdi də... Tək Hafiz Hacıyev yox, oradakı namizədlərin hamısı deyirdi ki, xalq sizinlə deyil. İndi böyük bir müxalifət partiyasının bu həqiqəti bəyanat səviyyəsində etiraf etməsi üzücüdür. Və bu, siyasi yox, mənəvi məsələdir artıq. Bu xalq alternativlərə hazır deyil. Fərqli və çoxfikirlilik anlayışı yoxdur onun üçün. Deməli, hələ normal cəmiyyət olmağımıza çox var".

Tarix
2014.01.15 / 17:39
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarılır - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla