Ermənistanın bəzi elekton
kütləvi informasiya vasitələri cəbhədəki vəziyyət, guya düşmən
tərəfindən hansısa postumuzun dağıdılması və Silahlı Qüvvələrimizin
itki verməsi ilə bağlı növbəti dəfə yalan məlumat
yayıblar.
Axar.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir
ki, Nazirlik tərəfindən yayılan bəyanatda bu kimi xəbərlərin heç
bir əsasının olmadığı və dezinformasiya xarakteri daşıdığı
bildirilib.
"Heç şübhəsiz ki, siyasi və hərbi iflasa uğramış Ermənistan
hakimiyyətindəki kriminal rejim tərəfindən təkrarlanan bu kimi
informasiyalar ilk növbədə cəbhədəki uğursuzluğa, canlı qüvvə
sarıdan verdikləri itkilərə görə erməni ictimaiyyəti qarşısında
bəraət qazanmaq, eyni zamanda həmsərhəd kəndlərdə Azərbaycanın
mülki vətəndaşlarına qarşı törətdikləri cinayətləri gizlətmək
məqsədi daşıyır.
Silahlı Qüvvələrimizin bölmələri Ermənistanla dövlət sərhədi
boyu yerləşən daha üstün və əlverişli yüksəkliklərdəki mövqelərdən
düşmənin istənilən hərbi obyektini darmadağın etmək, təmas xəttinin
dərinliyində olan yaşayış məntəqələrini, kommunikasiya xətlərini
tam nəzarətdə saxlamaq imkanına malikdir.
Erməni tərəfinin, xüsusilə erməni mülki əhalisinin nəzərinə bir
daha çatdırmağı vacib sayırıq ki, Azərbaycan əsgəri yalnız mülki
əhaliyə atəş açmamaq barədə əmr alıb. Digər hallarda hərəkət edən
istənilən hərbi obyekt komandanlığın icazəsi gözlənilmədən məhv
ediləcəkdir. Bu səbəbdən də istənilən hərbi məqsədli vasitələrin
mülki əhalinin olduğu yaşayış məntəqələrində yerləşdirilməsinə,
qarşıdurma nəticəsində dinc sakinlərə vurulan ziyana görə
məsuliyyət öz əhalisini məqsədyönlü surətdə girov saxlayan
Ermənistan hakimiyyətinin üzərinə düşür".