Vəziyyətin gərginləşməsinin
səbəbi Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının davam
etməsidir.
Trend-in məlumatına görə, bunu Azərbaycan
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət
Hacıyev bildirib.
H.Hacıyev qeyd edib ki, BMT Baş Məclisinin 70-ci sessiyasının
işə başlaması, sessiya çərçivəsində beynəlxalq sülh və
təhlükəsizlik məsələlərinin ciddi müzakirə olunduğu və ATƏT-in
Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə
Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə iki ölkənin xarici
işlər nazirlərinin iştirakı ilə Nyu Yorkda danışıqlar aparıldığı
dövrdə Ermənistan-Azərbaycan sərhədi boyunca vəziyyətin Ermənistan
tərəfindən gərginləşdirilməsi cəhdləri təxribat xarakteri
daşıyır:
"Məqsəd danışıqlar prosesinin irəliləməsinə mane
yaratmaqdır".
XİN rəsmisi deyib ki, beynəxalq humanitar hüquq üzrə
öhdəliklərini ciddi şəkildə pozaraq, Ermənistan Silahlı Qüvvələri
tərəfindən qəsdən mülki şəxslərin hədəf seçilməsi davam etdirilir:
"Ermənistanın son belə təxribatı nəticəsində sentyabrın 23-də
Azərbaycan Respublikasının Qazax rayonunun Kəmərli kəndinin mülki
sakini Dursunova Esmira Aslan qızı yaralanıb".
O bildirib ki, Ermənistan atəş məntəqələrini qəsdən mülki
obyektlərin içərisində və yaxınlığında yerləşdirərək və Azərbaycan
Silahlı Qüvvələrinin mövqelərinə atəş açaraq, cavab atəşi ilə mülki
şəxsləri hədəf obyekti etmək cəhdi kimi qeyri-insani taktika
seçib:
"Terrorçulara xas olan və mülki obyektləri və şəxsləri özünə
sipər seçən bu taktika ilk növbədə Ermənistan vətəndaşlarına qarşı
hərbi cinayətdir".
H.Hacıyev vurğulayıb ki, Azərbaycan Respublikası Cenevrə
konvensiyaları və əlavə protokollar üzrə öz üzərinə götürdüyü
öhdəliklərinə sadiqdir: "Ermənistandan fərqli olaraq, Cenevrə
konvensiyaları və əlavə protokollar üzrə üzərinə düşən öhdəliklər
Azərbaycan Silahlı Qüvvələrinin məcburi təlim-tədris proqramının
tərkib hissəsidir. Ümumiyyətlə, mülki şəxslərin qorunması, qadın,
uşaq və qocalara yardım edilməsi və qayğı Azərbaycan xalqının və
Azərbaycan əsgərinin malik olduğu yüksək mənəvi-əxlaqi
dəyərdir".
XİN rəsmisi deyib ki, Ermənistanın Azərbaycan xalqına qarşı
qanlı etnik təmizləmə siyasəti, Xocalı soyqırımı, qoşunların təmas
xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki Azərbaycan
əhalisinin hədəfə alınması və hətta öz vətəndaşlarının hərbi
məqsədlərlə sipər və təxribat obyekti kimi istifadə etməkdən belə
çəkinməmək Ermənistanın hərbi-siyasi rəhbərliyinin davamlı hərbi və
insanlıq əleyhinə cinayət əməllərinin tərkib hissəsidir:
"Qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca
atəşkəsin pozulması və vəziyyətin gərginləşməsinin səbəbi
Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının davam
etməsidir. Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı davam
etdiyi halda, vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət
işğalçı dövlət kimi Ermənistanın üzərinə düşür".