Yuxarı

İran rəsmilərinin bu açıqlaması kökündən yanlışdır - XİN

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva yerli mətbuatın suallarını cavablandırıb. Sözçü İran rəsmilərinin iddialarını şərh edib.

Axar.az həmin müsahibəni təqdim edir:

- Son dövrlərdə İranın yüksək çinli mülki və hərbi şəxsləri tərəfindən “regionda sərhədlərin dəyişdirilməsi bizim qırmızı xəttimizdir” tezisi üzrə fikirlər səsləndirilir, reallıqdan uzaq iddialar irəli sürülür. Buna münasibətinizi öyrənmək istərdik.

- Məlum olduğu kimi, Azərbaycan Respublikası özü işğala və təcavüzə məruz qalan ölkədir. Ermənistan tərəfi zordan istifadə edərək, Azərbaycan Respublikasının ərazilərinin iyirmi faizini, o cümlədən İran ilə sərhədimizin 132 km-ni işğal etmişdir. 30 il ərzində İran tərəfi sərhədlərin zordan istifadə edilərək dəyişdirilməsinə hər hansı bir münasibət bildirməmişdir. Hazırda İran tərəfindən səsləndirilən bu kimi bəyanatların ünvanı bəlli deyil. Məlum olduğu kimi, Azərbaycan və Ermənistan liderlərinin Moskva və Brüsseldə keçirilən görüş formatları mövcuddur. Bu formatlarda danışıqlar davam edir. Bu formatlarda aparılan danışıqlar çərçivəsində hər iki tərəfin razılığı ilə dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiya təsis edilmiş və onun tərkibi razılaşdırılmışdır. Hesab edirik ki, Ermənistan-Azərbaycan münasibətləri, o cümlədən iki dövlətin sərhəd məsələsi kənar müdaxilə olmadan həll edilməlidir.

- Bu gün İranın Sərhəd Mühafizəsi Orqanları tərəfindən sərhədyanı Xudafərin rayonu ərazisində terrorçu qrupun müəyyən edilərək həbs olunmasına dair bəyanat yayılmışdır. Xudafərin rayonunun Azərbaycan ilə həmsərhəd olduğunu nəzərə alaraq, bununla bağlı hər hansı bir şərhiniz varmı?

- Azərbaycan-İran dövlət sərhədi dostluq və əməkdaşlıq sərhədi kimi tanınır. Azərbaycan və İran sərhədçiləri arasında qarşılıqlı faydalı əməkdaşlıq təcrübəsi nümunəvidir. Ara-sıra baş verən sərhəd pozuntusu və qaçaqmalçılıq halları yerlərdəki komandirlər arasında birbaşa təmaslar çərçivəsində tənzimlənir. İran Sərhəd Mühafizəsi Orqanlarının bugünkü bəyanatının Azərbaycan-İran dövlət sərhədinə heç bir aidiyyəti yoxdur.

- İran rəsmilərinin açıqlamalarından məlum olur ki, İran tərəfi Zəngəzur dəhlizini İran-Ermənistan sərhədinin kəsilməsi kimi qəbul edirlər. Bu məsələ İran tərəfi ilə təmaslarda müzakirə edilibmi?

- 44 günlük Vətən müharibəsi zamanı işğal altında olan Azərbaycan-İran sərhədinin azad edilməsi münasibətilə ilə Müzəffər Ali Baş Komandan Azərbaycan və İran xalqlarını təbrik etmişdir. Azərbaycan tərəfi İran ilə sərhədlərini ticarətin və əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün fürsət kimi dəyərləndirir. Ermənistanın işğalı nəticəsində yalnız Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə deyil, həmçinin İran ilə də dəmiryolu əlaqəsi kəsilmişdir. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq, regionda kommunikasiyaların açılması və bərpası üzrə Komissiya çərçivəsində müzakirələr davam edir. Azərbaycan tərəfi paralel olaraq, İran ilə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasının birləşdirilməsi üçün İran ərazisindən keçməklə infrastrukturun yaradılmasına dair müqavilə imzalamışdır. Əldə olunmuş razılığa əsasən, 22 sentyabr 2022-ci ildə Zəngilan rayonu ərazisində hər iki ölkə rəsmilərinin iştirakı ilə avtomobil körpüsünün təməlqoyma mərasimi baş tutmuşdur. Zəngəzur dəhlizinin İranın Ermənistan ilə sərhədini kəsməsi kimi qələmə verilməsi kökündən yanlış olmaqla yanaşı, reallıqdan uzaqdır. Zəngəzur dəhlizi, əksinə, ölkələrimiz arasında əlaqələri daha da dərinləşdirən və regional əməkdaşlıq üçün yeni perspektivlər vəd edən önəmli bir layihədir.

Tarix
2022.09.23 / 19:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

General Heydər Əliyevin DTX-dakı işindən danışdı

Prezident Sus kəndində sakinlərlə görüşdü - Foto

Prezident ekskovatoru belə idarə etdi - Video

DTX-də Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto

Prezident Şuşa rayonunda bu qəsəbənin təməlini qoydu

Tavuşda demarkasiya müdafiəni çökdürəcək – Xaçatryan

Prezident və xanımı Şuşada... - Foto

Ermənilərə bu əminliyi onlar vermişdi - Prezident

Ombudsman BMT-nin komitə üzvü ilə görüşdü - Foto

Füzuli hava limanından yeni görüntülər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla