Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA)
noyabrın 1-də Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı
mətbuat konfransı keçirib.
Secki-2015.az-ın xəbərinə görə, konfransda
çıxış edən TürkPA-nın baş katibi Jandos Asanov müşahidə missiyasına
yaradılan şəraitdən razılığını bildirib.
TürkPA müşahidə missiyasının seçkilərlə bağlı rəyini təqdim edən
Qazaxıstan parlamentinin nümayəndəsi Serikcan Kanayev bildirib ki,
Qazaxıstan, Qırğızıstan və Türkiyə parlament üzvləri, eləcə də
TürkPA baş katibinin rəhbərliyi altında beynəlxalq missiya noyabrın
1-də keçirilmiş parlament seçkilərinin qısamüddətli monitorinqini
həyata keçirib:
Missiyamız səfər çərçivəsində Azərbaycan respublikasının Mərkəzi
Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov və digər hökumət
nümayəndələri ilə görüşlər keçirmişik. MSK sədri ilə keçirilən
görüşdə missiya üzvlərinə seçkiyə hazırlıqla bağlı ətraflı məlumat
verilib. Texniki və prosedur qaydaları, seçici qeydiyyatı, təlim
materiallarının hazırlanması yüksək səviyyədə təşkil olunmuşdu.
İlkin nəticələrə görə, seçicilər səsvermədə fəal iştirak ediblər.
Biz Binəqədi, Nəsimi, Səbail seçki dairələrinin məntəqələrində
olmuşuq və müxtəlif siyasi partiyaların nümayəndələri ilə
görüşmüşük. Müşahidələrimiz zamanı seçicilərin seçki prosesinə
sakit və təmkinli yanaşmasını müşahidə etdik".
Bildirilib ki, seçkilərin keçirilməsi üçün mükəmməl
hüquqi-texniki baza yaradılıb. Missiya tərəfindən hər hansı qanun
pozuntuları qeydə alınmayıb. Seçki prosesi qanunvericiliyə və
beynəlxalq standartlara uyğun təşkil olunub. TürkPA beynəlxalq
müşahidəçilər missiyasının gəldiyi nəticəyə görə, noyabrın 1-də
parlament seçkiləri qanunauyğun keçirilib.