NATO-nun sülhməramlı
qoşunlarının Qarabağda yerləşdirilməsinin yenidən gündəmə gəlməsinə
baxmayaraq, bu məsələ danışıqlar predmeti olaraq qalır və hazırda
tərəflər bu istiqamətdə razılığa gəlmirlər.
Bu barədə Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə
danışıb. Ekspert münaqişə tərəflərinin bu prosesdən uzaq olduğunu
bildirib:
"Ümumiyyətlə, bu məsələni NATO-nun sülhməramlı missiyası kimi
qiymətləndirmək düzgün olmazdı. NATO-nun bir təşkilat kimi rolu
burada konkret işləmir. Qarabağda sülhməramlı qoşunların təşkilini
və hansı qüvvəllərdən ibarət olacağı sülh prosesinin gedişatından
asılıdır. Yəni sülhlə bağlı prinsipial razılıq əldə olunacağı və bu
istiqamətdə konkret addımlar atılacağı təqdirdə sülhməramlı
qüvvələr haqqında konkret söhbət aparmaq olar. Ancaq hazırda
vəziyyət elədir ki, bu barədə danışıqlar aparılmır və bu, heç
mümkün də deyil. Bu barədə yayılan söhbətlər əsasızdır. Keçən il
müxtəlif dairələr tərəfindən Rusiyanın sülhməramlı qüvvələrinin
regiona yeridilməsindən söhbət gedirdi. Ancaq bu məsələ indiyə
qədər reallaşmayıb. Bu məlumatlar kimlərinsə istəyindən irəli gələn
fərziyyələrdir və sülhməramlı qoşunların regionda yerləşdirilməsi
anlamına gəlməməlidir".
Qeyd edək ki, NATO-nun Cənubi Qafqazla əlaqələr üzrə rəsmi
nümayəndəsi Uilyam Laxyu hərbi blokun Qarabağda sülhməramlı
qüvvələr yerləşdirmək planlarının olmadığını, ancaq Ermənistan,
Azərbaycan və münaqişədə iştirak edən digər tərəflərin istəyi
olarsa, bunu müzakirə etməyə hazır olduqlarını bildirib.