Donbasdakı qiyamçılar təkcə Suriyaya yox, Tacikistan və
Dağlıq Qarabağa da göndərilir.
Axar.az xəbər verir ki, bunu öz Feysbuk səhifəsində rusiyalı
hərbi jurnalist, "Novorossiya"ya yardım layihəsinin koordinatoru
Aleksandr Juçkovski paylaşıb.
Onun sözlərinə görə, Suriyaya gedən şəxslərə yaxşı maaş və
Rusiya vətəndaşlığı təklif edilir:
"Rusiya Suriya əməliyyatlarını başlayanda mən Donbasdakı
qiyamçılara görüşdüm. O zaman Suriya üçün döyüşçülərin təsir altına
salınması mənim üçün böyük problem kimi görünmürdü. Bir çoxları
getmək arzularının olduğunu bildirdi. Bunların sayı təxminən 30
nəfər idi. İndi mən görürəm ki, bu problemi düzgün
qiymətləndirməmişəm. Qiyamçılarla bağlı təşviqat geniş və sistemli
şəkildə aparılır. Mənə məlumdur ki, Suriyaya Donbasdan artıq 700-ə
yaxın insan gedib. Bəziləri isə bunların sayının 1000 olduğunu
deyir. Aydın görünür ki, könüllülərin toplanması xüsusi xidmət
orqanlarının xətti ilə təşkilatlanıb və mərkəzləşdirilib. Bunlar
arasında insanların toplanmasına görə cavabdeh olan kuratorlar,
bölmələrə gedərək, komandir və döyüşçülərlə əlaqə quran
təşviqatçılar var. Onları Suriyaya ezamiyyətə göndərməyə razı
salmaq üçün Rusiya vətəndaşlığı və yaxşı maaş (maaş adətən hazırlıq
və vəzifədən asılı olaraq 90 mindən 250 minə qədərdir) vədi
verirlər. Hətta bu insanları inandırmağa çalışırlar ki, burada
ediləcək başqa şey qalmayıb, Donbasda müharibə qurtarıb və indi
Rusiyanın maraqları üçün Suriyada savaşmaq lazımdır. Onlarla ilk
növbədə razılaşanlar isə daha çox Çeçenistan, Yuqoslaviya və digər
savaşların iştirakçılarıdır. Maraqlıdır ki, döyüşçülərə Rusiyanın
maraqlarını təkcə Suriyada yox, həm də Tacikistan və Dağlıq
Qarabağda da qorumaq təklif edilir. Burada da çətin vəziyyət
yaranıb və istənilən an kəskinləşə bilər. Doğrudur, mən hələ
məlumatlı deyiləm ki, buraya kimisə göndəriblər, amma çox güman ki,
bunlar gələcək üçün atılan bünövrədir. Əgər qlobal destabilizasiya
üçün məqsəd varsa, Rusiya müxtəlif yerlərdə münaqişə ocaqlarını
alovlandıracaq. O zaman, əlbəttə ki, Tacikistan və Qarabağ da
bundan bəhrəsini götürəcək. Moldovada Dnestryanı, Baltikyanı,
Şimali Qafqaz da həmin ocaqlardan olacaq. Lakin mən Rusiya
sərhədində yerləşən ən qaynar nöqtə olan Donbasda hər şeyin başa
çatdığını və insanların buradan aparılmasını düzgün hesab
etmirəm".