Rəsmi Ermənistanın Avropa
Şurası Parlament Assambleyasının Siyasi məsələlər və demokratiya
komitəsinin üzvü Robert Uolter tərəfindən hazırlanmış hesabata və
komitənin qəbul etdiyi müvafiq qətnaməyə isterik münasibəti bariz
şəkildə Ermənistanın xüsusi narahatlığı və təşviş içərisində
olmasından xəbər verir. Bu Ermənistanın münaqişənin həllinə dair
beynəlxalq ictimaiyyətin ədalətli və haqlı mövqeyindən nə dərəcədə
qorxmasının daha bir göstəricisidir.
Axar.az xəbər verir ki, bunu Ermənistan və Rusiya xarici işlər
nazirləri Sergey Lavrov və Eduard Nalbəndyanın İrəvanda birgə
mətbuat konfransında səslənən fikirlərə münasibət bildirən
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri
Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, noyabrın 9-da Ermənistan və Rusiya xarici
işlər nazirlərinin İrəvanda keçirilmiş birgə mətbuat konfransında
sözügedən hesabat müzakirə mövzusu olub:
"Biz də mətbuat konfransında münaqişənin həllinə dair BMT
Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində (822, 853, 874, 884)
təsdiq olunduğu kimi Ermənistan və Azərbaycan arasında olan razılıq
əsasında ATƏT-in Minsk Qrupunun fəaliyyət göstərməsi barəsində olan
fikri bölüşürük.
Minsk Qrupunun həmsədrlərinin mandatına dair 23 mart 1995-ci il
tarixli 525/95 saylı ATƏT sənədində də həmsədrlərin öz
fəaliyyətlərində BMT TŞ-nın müvafiq qətnamələri (822, 853, 874,
884), BMT Nizamnaməsi və ATƏT-in Budapeşt Sammitinin qərarlarını
rəhbər tutmaları və BMT TŞ-nın qətnamələrinin icrası haqqında BMT
TŞ-nın Prezidenti və BMT-nin Baş Katibinə hesabat vermələri təsbit
olunub.
Xarici İşlər Nazirliyi dəfələrlə öz narazılığını bildirib ki,
ATƏT MQ-nin həmsədrləri BMT TŞ tərəfindən ona verilən mandatı hələ
ki doğrultmayıb. 20 ildən artıq dövr ərzində ATƏT-in MQ-i
münaqişənin həll edilməsində hər hansı irəliləyişə nail olmayıb,
obrazlı şəkildə desək, Ermənistan silahlı qüvvələrinin bir əsgəri
belə işğal olunmuş Azərbaycan ərazilərini tərk etməyib və bir
qaçqın və məcburi köçkün öz doğma yurd-yuvasına qayıtmayıb:
Hikmət Hacıyev bildirib ki, bunun da əsas səbəbi ATƏT MQ-nin
Ermənistanın Azərbaycan ərazilərini davam edən işğalına münasibətdə
barışdırıcı mövqeyidir:
"Çox təəssüf ki, Ermənistanın dəstəyi ilə ATƏT MQ-nin
həmsədrlərinin sülh prosesini inhisara almaq və mövcud status-kvonu
olduğu kimi saxlamağa cəhd göstərmələri barəsində hələ də güclü
qənaət vardır.
Azərbaycan beynəlxalq təşkilatları və dünya ictimaiyyətini
Ermənistanın təcavüzü, ərazilərinin işğalı, işğal olunmuş
ərazilərində törədilmiş dəhşətli etnik təmizləmə və beynəlxalq
hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması haqqında
məlumatlandırmağa dair öz təcrübəsini və fəaliyyətini davam
etdirir.
ATƏT MQ-nin həmsədrləri BMT TŞ-nın qeyd olunan qətnamələrində və
həmsədr ölkələrin Prezidentlərinin Akvil, Muskoka, Dövil, Los-Kabos
və Enniskilen bəyanatlarında təsbit olunduğu kimi sülh
danışıqlarında irəliləyişə nail olmaq üçün səylərini
artırmalıdırlar.
Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində
ərazi bütövlüyü və suverenliyini bərpa etmək üçün malik olduğu
bütün vasitələrdən istifadə edəcəkdir".