Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti
Pyotr Poroşenko cümə günü baş tutan telefon söhbəti zamanı
dövlətlərin ərazi bütövlüyü və milli təhlükəsizlik çağırışlarına
müqavimət göstərmək üçün səylərin birləşdirilməsinin mümkünlüyünü
müzakirə ediblər.
Axar.az Arab.com-a istinadən xəbər verir ki, bu haqda
ilkin məlumatı Ukrayna prezidentinin rəsmi saytı yayıb.
Ukrayna prezidenti hazırda Ukrayna–Azərbaycan münasibətlərinin
uğurla dərinləşdirilməsi üçün bütün zəminlərin mövcud olduğunu
açıqlayıb. O, həmçinin xarici təcavüz, milli təhlükəsizlik və ərazi
bütövlüyü istiqamətində təhdidlərə məruz qalan Azərbaycan və
Ukraynanın beynəlxalq hüququn baza prinsiplərinin qorunmasında
birləşməli olduğunu da vurğulayıb.
Bununla yanaşı, Pyotr Poroşenko İlham Əliyevi Ukraynanın Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ərazi bütövlüyünə hörmət
etdiyini, ölkəsinin mövqeyinin dəyişməz qaldığına əmin edib.
Öz növbəsində Prezident İlham Əliyev bildirib ki, Azərbaycan
tərəfi də Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən mövqedədir.