Azərbaycan müstəqil siyasət həyata keçirir və Avropa
tərəfdən göstərilən təzyiq cəhdlərinə müqavimət göstərmək
niyyətindədir.
Report xəbər
verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin
ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "NewEurope"a
müsahibəsində deyib.
"Energetika, rabitə, nəqliyyat sahəsində Avropa ilə yaxşı
əməkdaşlığımız var. Amma təəssüf ki, Avropada bəzi qüvvələr
Azərbaycana təzyiq göstərməyə, nə etməli olduğunu diktə etməyə cəhd
edir", - Ə.Həsənov deyib.
Onun sözlərinə görə, Azərbaycan Avropa İttifaqına üzvü olan
müxtəlif ölkələrlə yaxşı əlaqələr yaradıb və gələcəkdə də onları
davam etdirmək niyyətindədir.
"Bununla bərabər, Avropa Parlamentinin bəzi qüvvələri Azərbaycan
üçün qəbuledilməz qaydaların tətbiqi məqsədilə parlament üzvlərinə
təzyiq edir. Əlbəttə, müstəqil ölkə kimi bu cür addımlardan razı
deyilik, buna qarşı mübarizə aparacağıq. Azərbaycan öz müstəqil
siyasətini həyata keçirir və biz hər hansı bir ölkədən asılı olmaq
niyyətində deyilik", - Azərbaycan Prezidentinin ictimai-siyasi
məsələlər üzrə köməkçisi vurğulayıb.
Ə.Həsənov qarşı tərəfi qarşılıqlı hörmət əsasında bərabərhüquqlu
münasibətlərə çağırıb.
"Biz seçkiləri Avropa qanun və qaydalarına uyğun olaraq
keçirdik", - Ə.Həsənov noyabrın 1-də ölkədə keçirilmiş parlament
seçkiləri barədə danışarkən deyib.
Prezidentin köməkçisi vurğulayıb ki, təzyiq altında olan
Avropanın bəzi təşkilatları Azərbaycandakı seçkilərin monitorinqini
keçirməkdən imtina edib: "Lakin Avropa Şurası və Avropa
Parlamentinin bəzi üzvləri seçkiləri müşahidə etmək üçün Bakıya
gəldi və onlar Azərbaycanda demokratik seçkilərin olduğunu gördü.
Düşünürük ki, Azərbaycanda seçkiləri müşahidə etməkdən imtina
ikitərəfli münasibətlərin, dostluq və əməkdaşlığın inkişafını
dəstəkləmir", - Ə.Həsənov bildirib.
Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan Avropanın enerji
təhlükəsizliyinin təmin olunmasında, o cümlədən Bakı-Tbilisi-Ceyhan
neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, eləcə də Cənub Qaz
Dəhlizi, Trans-Anadolu qaz kəməri (TANAP) və Trans Adriatik Boru
Kəməri (TAP) layihələri çərçivəsində mühüm rol oynayır.
Ə.Həsənov, həmçinin Azərbaycanın Avropa ilə Asiya arasındakı
nəqliyyat münasibətlərində də vacib rola malik olduğunu bildirib.
O, Çinlə Avropa arasında yolun tərkib hissəsi olacaq
Qars-Tbilisi-Bakı dəmir yol xəttinin önəmini vurğulayıb.
Eyni zamanda, Ə.Həsənov Avropanın Rusiyadan olan qaz asılılığını
azaltmaq məqsədilə Azərbaycana arxalandığını qeyd edib. "Biz
düşünmürük ki, rəqibik. Düşünürük ki, bu sahədə həmkarıq. Biz
Avropaya alternativ qaz təklif edirik. Bizim öz bazarımız var,
Rusiyanın öz", - o deyib.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə danışarkən
Prezidentin köməkçisi deyib: "Bu, təkcə Azərbaycan xalqı və
Azərbaycan hökuməti üçün problem deyil, bütün dünya üçün
təhlükədir. Bu gün Aİ-nin qaçqınlarla bağlı hansı problemləri
yaşadığını görürük. Bu kontekstdə Dağlıq Qarabağ məsələsinin də
Avropa üçün problem olduğunu düşünürük".
O, yeni münaqişələrin əsas səbəbinin əsasən etnik separatizm
olduğunu qeyd edib və fikrini belə tamamlayıb: "Məncə, Aİ və BMT
Dağlıq Qarabağ və digər münaqişələrin həllində ciddi addımlar
atmalıdır".