Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev "Böyük İyirmiliyin" Antalya sammiti çərçivəsində
keçirilən işçi lançda çıxış edib.
Azərtac xəbər verir ki, dövlət başçısı çıxışında Azərbaycan ilə
Türkiyə arasında yüksək səviyyəli əlaqələrin inkişaf etdiyini
vurğulayaraq, Türkiyənin Azərbaycanın müstəqilliyini tanıyan ilk
ölkə olduğunu xatırladıb.
Ölkələrimiz arasında energetika sahəsində uğurlu əməkdaşlığın
həyata keçirildiyini bildirən Prezident İlham Əliyev Azərbaycan ilə
Türkiyə arasında uğurla reallaşdırılan mühüm energetika və digər
layihələrin yalnız region deyil, dünya miqyasında da böyük
əhəmiyyətə malik olduğunu deyib. Bu baxımdan "Cənub" qaz dəhlizi
layihəsinin Avropanın enerji təhlükəsizliyinin təmin olunması
işində önəmini vurğulayaraq, bu layihənin həyata keçirilməsində
koordinasiyanın gücləndirilməsinin önəmini vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycanın energetika sahəsində əldə
etdiyi uğurlara toxunub. Ölkəmizdə neft hasilatının zəngin tarixi
olduğunu söyləyən dövlət başçısı dünyada ilk dəfə sənaye üsulu ilə
dənizdə neftin Azərbaycanda çıxarıldığını bildirib. Prezident İlham
Əliyev Azərbaycanın neft hasilatı sahəsində böyük təcrübəyə malik
olduğunu vurğuladı. Dövlət başçısı müstəqillik dövründə həyata
keçirilən enerji layihələri, xüsusilə 1994-cü ildə imzalanan "Əsrin
Müqaviləsi" və bu müqavilənin dünyanın enerji xəritəsində tutduğu
mühüm yer, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz
kəmərləri haqqında da danışıb.
Prezident İlham Əliyev vurğulayıb ki, həmin illərdən ötən dövr
ərzində Azərbaycanın energetika sahəsində beynəlxalq əməkdaşlığı
daha da genişlənib və bu gün də uğurla davam edir:
"Ölkələrimiz arasında tərəfdaşlıq daim artmaqdadır. O cümlədən
Türkiyə ilə energetika sahəsində tərəfdaşlıq regional
tərəfdaşlıqdan qlobal tərəfdaşlığa keçib. Biz Türkiyə ilə birgə
mühüm energetika layihələrini çox uğurla həyata keçiririk.
Azərbaycan XIX əsrin ortalarında neftin çıxarıldığı ilk ölkədir.
Sonradan XX əsrin ortalarında Abşeronda neft hasil olunmağa
başladı. İndi, XXI əsrdə biz Cənub Qaz dəhlizi layihəsini həyata
keçiririk. Artıq xeyli hissəsi gerçəkləşdirilmiş bu layihə
Azərbaycanın və Türkiyənin fəal iştirakı ilə uğurla reallaşır. Mən
Türkiyə və Azərbaycanı, Xəzər və Aralıq dənizini birləşdirən
layihəni nəzərdə tuturam. Bu tarixdə ilk hadisədir. Həmçinin
Türkiyə və Azərbaycanı birləşdirən qaz boru kəmərini qeyd edirəm.
Beləliklə də biz təkcə neft deyil, həm də qaz ixracatçısı ölkəsinə
də çevrilirik. Hər iki layihə təxminən 10 il bundan əvvəl həyata
keçirilməyə başlayıb. Onların fəaliyyəti bizə daha çox neft və qaz
satmağa, tərəfdaşlarımıza isə alternativ enerji mənbələrindən
istifadə etməyə kömək edir. Məlum olduğu kimi, Xəzər dənizinin
Dünya okeanına çıxışı yoxdur. Buna baxmayaraq, Azərbaycan ilk
ölkədir ki, belə bir şəraitdə öz təbii ehtiyatlarını dünyaya
çatdıra bilir. Biz şadıq ki, 1994-cü ildə tərəfdaşlarımızla birgə
işə başladıq. O vaxtdan bu tərəfdaşlıq uğurla davam edir. Mən
həmçinin demək istəyirəm ki, ölkələrimiz və dostlarımız arasında
olan bu tərəfdaşlıq bizə bu layihələri həyata keçirməyə imkan
verib. Biz ümid edirik ki, "Cənub" qaz dəhlizi layihəsi də uğurla
gerçəkləşəcək. Mən dəstəyə və eyni istiqamətdə irəli hərəkət
etməyimizə görə Prezident Ərdoğana təşəkkürümü bildirmək istəyirəm.
Bizim yaxşı investorlarımız var. Həmçinin Birləşmiş Ştatların bütün
reallaşan layihələrə dəstək verdiyinə görə Prezident Obamaya
minnətdarlığımı bildirmək istərdim. Bu dəstək olmadan biz xüsusilə
1990-cı illərin ortalarında əldə etdiyimiz uğurlara nail ola
bilməzdik. Biz həmçinin Böyük Britaniyanın Baş naziri Kemerona
təşəkkür etmək istərdik. Böyük Britaniya artıq 20 ildən çoxdur ki,
Azərbaycanda ən böyük sərmayədardır. Və bu bizə həm ticarətdə, həm
də investisiya və digər sahələrdə tərəfdaşlığımızı çox yüksək
səviyyəyə çatdırmağa imkan verdi. Mən dostum Renziyə bununla bağlı
təşəkkür etmək istərdim. İtaliya bundan sonra da bu qazın ən böyük
idxalçısı olacaq. Bu layihənin həyata keçirilməsi bizə İtaliya
vasitəsilə digər ölkələrin bazarlarına çıxmağa imkan verəcək. Qırx
beş milyard dollar həcmində olan sərmayələr Xəzər dənizi sahilində
hasil edilən qazın nəqlini mümkün edəcək vahid qaz şəbəkəsini
yaratmağa imkan verəcək. Həmin qaz Gürcüstan və Türkiyə ərazisindən
keçərək Yunanıstana, Bolqarıstana, daha sonra Albaniyaya və nəhayət
Adriatik dənizindən İtaliyaya daxil olacaq. Bu layihə müvafiq
ölkələrin hökumətlərinin və şirkətlərinin göstərdiyi səylərin
əlaqələndirilməsini tələb edir və biz həmin əlaqələndirmənin,
əməkdaşlığın artıq nəticələrini görürük. Azərbaycanın qaz
ehtiyatları 2,6 trilyon kubmetr həcmində qiymətləndirilir. Bu,
təsdiqlənmiş rəqəmdir. Potensial ehtiyatların həcmi isə 5 trilyon
kubmetr təşkil edir. Belə həcm bizim üçün qonşularımız və Avropa
istehlakçıları üçün ən azı 100 ilə kifayətdir. Bu, enerji
təhlükəsizliyi layihəsidir. Bu gün enerji təhlükəsizliyi məsələsinə
ölkənin milli təhlükəsizliyindən ayrı baxıla bilməz. Bu,
şaxələndirmə layihəsidir. Bu halda şaxələndirmə tək marşrutların
deyil – halbuki, bu əhəmiyyətlidir - həm də, mənbələrin
şaxələndirilməsi deməkdir. Bu baxımdan bizim mənbə Avropa üçün
yenidir. Bizim marşrut Avropa üçün yeni marşrutdur. Layihə
Avropanın enerji xəritəsini tam dəyişəcək və Azərbaycan özünü artıq
etibarlı tərəfdaş kimi göstərib. Əlbəttə ki, biz tranzit,
istehlakçı və hasilatçı ölkələrin maraqlarını təmin etməliyik.
Bütün məqsədlərə nail olmaq üçün biz bütün tərəflər üçün əlverişli
vəziyyəti yaratmalıyıq. Çox sağ olun".
"Böyük İyirmiliyin" Sammiti çərçivəsində Prezident İlham
Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ Prezidenti
Barak Obama, Rusiya Prezidenti Vladimir Putin, Böyük Britaniyanın
Baş naziri Devid Kemeron, Almaniya Kansleri Angela Merkel,
İtaliyanın Baş naziri Matteo Renzi, Malayziyanın Baş naziri Nacib
Rezak, Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk ilə
ikitərəfli münasibətlərin inkişafı ilə bağlı qısa söhbətləri
olub.