18:25
Prezident İlham Əliyev E.Q. Nuriyevin 2-ci dərəcəli
"Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam
imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı
məlumat yayıb.
Sərəncamda qeyd edilir: "Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq
qərara alıram:
Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli
fəaliyyətinə görə Eldar Qasım oğlu Nuriyev 2-ci dərəcəli "Vətənə
xidmətə görə" ordeni ilə təltif edilsin".
18:58
İlham Əliyev Ceyhun Hacıbəylinin 125 illik yubileyinin
keçirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir: "Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Ceyhun
Hacıbəylinin milli mədəniyyətin inkişafı və təbliği sahəsində mühüm
xidmətlərini nəzərə alaraq qərara alıram:
1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan
Respublikasının Təhsil Nazirliyi ilə birlikdə Ceyhun Hacıbəylinin
125 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb
həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan
irəli gələn məsələləri həll etsin".
***
İlham Əliyev "Cinayət yolu ilə əldə edilmiş pul
vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və
terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında"
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1401-IVQD
nömrəli Qanununun tətbiqi haqqında fərman imzalayıb.
Fərmanda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq,
"Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər
əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci
il 20 oktyabr tarixli 1401-IVQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara
alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının "Cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına
və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında"
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı
təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
1.2. "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya
digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan
Respublikası Qanununun 19-1.4-cü maddəsində nəzərdə tutulmuş
hallarda aktivlərin dondurulması ilə əlaqədar işlər üzrə icraatın
aparılması qaydasını müəyyən etmək məqsədi ilə Azərbaycan
Respublikasının Mülki Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi
haqqında qanunun layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.3. həmin Qanunun 19-1.10-cu maddəsinə uyğun olaraq aktivləri
dondurulmuş fiziki və ya hüquqi şəxslərin zəruri və gözlənilməz
xərclərə ehtiyaclarını ödəmək üçün dondurulmuş aktivlərdən istifadə
etmək imkanının təmin edilməsi qaydasını üç ay müddətində müəyyən
etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin
və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin
edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.6. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "Cinayət yolu ilə əldə edilmiş pul
vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və
terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında"
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Müəyyən edilsin ki:
3.1. "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya
digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan
Respublikası Qanununun 1.0.17-ci və 19-1.10-cu maddələrində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
3.2. həmin Qanunun 7.3-1-ci maddəsinin birinci cümləsində
(birinci halda), 19-1.2-ci, 19-1.3-cü, 19-1.4-cü və 19-1.9-cu
maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan Respublikasının Milli Təhlükəsizlik
Nazirliyi həyata keçirir;
3.3. həmin Qanunun 7.3-1-ci maddəsinin birinci cümləsində
(ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
həyata keçirir;
3.4. həmin Qanunun 7.3-2-ci maddəsində nəzərdə tutulmuş müvafiq
icra hakimiyyəti orqanının səlahiyyətlərini terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində
sanksiya tətbiq edilməli olan şəxslərin ölkədaxili siyahısına
münasibətdə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik
Nazirliyi, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə
çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin
beynəlxalq siyahısına münasibətdə Azərbaycan Respublikasının Xarici
İşlər Nazirliyi həyata keçirir".
***
İlham Əliyev "Yol hərəkəti haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1341-IVQD nömrəli
Qanununun tətbiqi haqqında fərman imzalayıb.
Fərmanda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Yol
hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci
il 30 sentyabr tarixli 1341-IVQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara
alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının "Yol hərəkəti haqqında"
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı
təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "Yol hərəkəti haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Müəyyən edilsin ki:
3.1. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun
27-ci maddəsinin II hissəsinin 3-cü bəndində (birinci halda) və
4-cü bəndində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra
hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının
Nazirlər Kabineti həyata keçirir;
3.2. həmin Qanunun 27-ci maddəsinin II hissəsinin 3-cü bəndində
(ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı
Nazirliyi həyata keçirir;
3.3. həmin Qanunun 27-ci maddəsinin II hissəsinin 4-cü bəndində
(ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar
Nazirliyi həyata keçirir".