Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev
ötən gün şəhərin Əhməd Cavad küçəsi 47 saylı mənzildə qanunsuz
fəaliyyət göstərən "Yehova şahidləri" təriqətinin 27 nəfər üzvünün
polis tərəfindən saxlanılmasına münasibət bildirib.
Report-un
məlumatına görə E.Vəliyev deyib ki, Gəncədə milli-mənəvi dəyərlərə
zidd olan, eləcə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən
qeydiyyatdan keçmədən fəaliyyət göstərən dini cərəyanlara qarşı
mübarizə ciddi şəkildə aparılacaq.
O, həmçinin qeyd edib ki, Gəncə Şəhər Təhsil İdarəsi şəhərdəki
iki orta məktəbin direktoruna şiddətli töhmət verib. Buna səbəb
həmin məktəblərdə "Yehova şahidləri" təriqəti üzvlərinin qanunsuz
dini təbliğat aparmasına imkan verilməsi, nəticədə bəzi şagirdlərin
həmin təriqətə qoşulması göstərilib.
İcra başçısı 15 yaşdan aşağı olan məktəblilərin məscidlərə
girişini qadağan etdiyini də deyib: "Məktəblilər dərs oxumaqdansa
məscidlərə gedirlər. Burada da dindən istifadə edən çirkin məqsədli
adamların təsiri altına düşürlər. Daha sonra bu yeniyetmələri
fikirlərindən daşındırmaq olmur".
Qeyd edək ki, Gəncə şəhər Baş Polis İdarəsi və Kəpəz rayon Polis
İdarəsinin birgə keçirdiyi əməliyyat tədbiri zamanı şəhərin Poçt
qəsəbəsində 5-i az yaşlı olmaqla "Yehova şahidləri" təriqətinin 27
üzvü saxlanılaraq inzibatı məsuliyyətə cəlb edib.