Ana səhifə Gündəm |
Hazırda bütün dünyanın diqqəti mərkəzində olan məsələ ABŞ-ın daxilində dövlət borcu üzrə limitin qaldırılmasıdır. Daxili siyasi mübarizənin radikallaşması fonunda müzakirələrin gərginliyi sürətlə artır və müxalifət (respublikaçılar) siyasi dividentlər qazanmaq üçün ABŞ və bütün dünyanı qlobal böhran riskilə üzləşdirir.
İqtisadi aspekt
ABŞ dövlətinin bütün xərcləri Konqres (qanunverici orqan) tərəfindən müəyyənləşdirilir. İstənilən iqtisadi qərarın qanuni qüvvəyə minməsi Konqresin hər 2 palatasında (Senat və Nümayəndələr Palatası) səsvermədən sonra mümkündür. Qərarın qəbul olunması üçün Nümayəndələr Palatasında çoxluq (50%+1, yəni 435 səsdən 218 səs), Senatda isə səslərin 60%-i (yəni 60 senatorun səsi) lazımdır.
ABŞ dövlətinin bütün xərcləri vergilər sayəsində formalaşan büdcədən qarşılanır. Əgər büdcədə defisit yaranırsa, dövlət borc götürmək məcburiyyətində olur. Dövlət borcu ABŞ üçün 2 səbəbdən heç zaman problem olmayıb:
1) Dollar beynəlxalq valyutadır;
2) ABŞ dövləti suveren borcuna görə bazara buraxdığı istiqrazlar üzrə yaxşı faizlər ödəyir.
ABŞ tarixində dövlət borcu üzrə limit 74 dəfə qaldırılıb və borcun bugünkü məbləği 31.4 trilyon dollardır.
1 aprel tarixində ABŞ maliyyə naziri xanım Yellen Nümayəndələr Palatasının spikeri, respublikaçı Kevin Makkartiyə, Nümayəndələr Palasında demokratların lideri Hakim Ceffrisə, Senatda respublikaçıların lideri Mitç Makkonnellə və Senatda demokratların lideri Çak Şumerə məktub göndərib. Məktubda Konqresin liderlərinə xəbər verilir ki, 1 iyun tarixində büdcədə dövlətin xərclərini qarşılamaq üçün vəsait olmayacaq. Maliyyə naziri xanım Yellen hər 2 partiya liderlərindən dövlət borcu üzrə limitin qaldırılmasının lehinə səs verməyi xahiş edib.
ABŞ-ın dövlət borcu üzrə limiti qaldırılmasa, ölkə çox böyük iqtisadi problemlərlə üzləşəcək: birjaların çöküşü, suveren borcların ödənişləri üzrə defoltun elanı, milyonlarla insanın işsiz qalması və dünyada böyük iqtisadi böhran.
Siyasi aspekt
Bu gün iqtidarın (demokratlar) ABŞ Konqresi üzərində birmənalı nəzarəti yoxdur, Senatda demokratlar əksəriyyət təşkil etsə də, Nümayəndələr Palatası respublikaçıların nəzarətindədir. Respublikaçılar isə Nümayəndələr Palatasında çoxluqdan istifadə edərək dövlət borcu üzrə limitin qaldırılması kimi taleyüklü məsələni siyasi alver predmetinə çeviriblər. Respublikaçıların məqsədini müəyyən etmək üçün demokrtların qarşısına qoyduqları şərti bilmək lazımdır. Şərt bir çox sahədə (səhiyyə, hərbi büdcə, infrastruktur, sosial müavinatlar və s.) xərclərin azaldılmasıdır. Xərclər azaldılsa, Bayden faktiki olaraq seçki kampaniyası zamanı verdiyi vədləri həyata keçirməmiş olacaq və bu faktor 2024-cü ildə keçiriləcək seçkilərə Bayden üçün çox böyük zərbə olacaq. Açıq siyasi şantajdır, respublikaçılar Baydeni seçkilər öncəsi zəiflətmək üçün ABŞ dövlətinin strateji milli maraqlarını alver predmetinə çeviriblər.
9 mayda Ağ Evdə Bayden və Konqresin liderləri (Makkarti, Ceffris, Makkonnell, Şumer) arasında görüş keçiriləcək. Etibarlı mənbələr xəbər verir ki, Baydenin cavabı birmənalıdır - xərclərin azaldılmasından söhbət gedə bilməz. Bayden respublikaçıların Nümayəndələr Palatasındakı spikerlə razılığa gəlməyə çalışacaq, ABŞ dövlətinin nüfuzu və gücünü alver predmetinə çevrilməsini şiddətlə qınayacaq.
Siyasi hiylə
Seçkilərin yaxınlaşmasını, seçki kampaniyasına start verilməsini, Bayden və Tramp arasında siyasi mübarizənin gərginləşməsini və Kevin Makkartinin Trampla xüsusi yaxın münasibətlərini nəzərə alaraq, 9 mayda Ağ Evdə danışıqların nəticəsizliyi həqiqətənmi demokratlar üçün fiasko olacaq və başqa çıxış yolu görünməyəcək?
9 mayda çox ciddi və gərgin danışıqlar gözlənilir. Qanunvericiliyə görə, Nümayəndələr Palatasında istənilən məsələnin səsverməyə çıxarılması spiker Makkartinin təşəbbüsü ilə baş verir. Yəni dövlət borcu üzrə limitin qaldırılmasının qəbulu üçün ilk növbədə bu məsələ Nümayəndələr Palatasında səsverməyə çıxarılmalıdır. Bəs Makkarti bunu etmək istəməyəcəksə?
ABŞ qanunvericiliyinə görə, qanun layihəsi əvvəlcə Nümayəndələr Palatasının müvafiq komitələrinə təqdim olunmalı, sonra hazır vəziyyətdə Kevin Makkartinin masasına qoyulmalı, səsverməyə çıxarılmalı, keçəcəyi halda Senata təqdim edilməli, Senat da təqdiqləyərsə, Prezidentə imza üçün göndərilməlidir.
Qanunun qəbulu üçün Senatda demokratların problemi olmayacaq və təbii ki, Bayden məmnunluqla onu imzalamağa hazır olacaq, əsas problem Nümayəndələr Palatasındadır.
“Makkarti qanunu səsverməyə çıxarmaq istəməsə” sualına cavaba gəlincə Nümayəndələr Palatasının reqlamentini bilməliyik. Spikerin iradəsindən kənar istənilən qanun layihəsinin səsverməyə çıxarılması ancaq bir halda nəzərdə tutulur. Qanun layihəsi komitələrə təqdim olunduqdan 30 gündən sonra heç bir komitə tərəfindən qəbul olunmadığı və həmin qanun layihəsinin ümumi səsverməyə çıxarılmasına 218 konqresmenin razı olduğu təqdirdə spikerin iradəsindən kənar səsverməyə çıxarılır. Bu, reqlamentdə qanunun spikerin iradəsindən kənar səsverməyə çıxarılmasının yeganə metodudur və demokratlar bu metoddan istifadə ediblər.
Bir müddət öncə demokrat konqresmen Mark De Saulner Nümayəndələr Palatasının müvafiq komitələrinə bir qanun layihəsi təqdim edib. Söhbət ABŞ-da yetim uşaqlara baxan nənələrə və babalara dəstək üçün xüsusi nəzarət qrupunun yaradılmasından gedir. Əlbəttə ki, bu qanun layihəsinə heç bir komitə tərəfindən baxılmayıb və demokratlara da elə bu lazım idi. Sual yaranır: nənələrə və babalara dəstək nəzərdə tutan qanunun ABŞ dövlətinin borcu üzrə limitin artırılmasına nə aidiyyəti var ki? Təəccüblü də olsa, var. ABŞ-da istənilən qanuna düzəlişlər əlavə etmək olar və demokratlar "nənələrə və babalara dəstək" qanun layihəsinə ABŞ dövlət borcu üzrə limitin artırılması maddəsini də rahatlıqla əlavə edə bilərlər və bu formada qanun səsverməyə çıxarılacaq.
Bütün bunları həyata keçirmək üçün demokratlara Nümayəndələr Palatasında 218 səs lazım olacaq, 213 səsləri var, 5 respublikaçının səsi uğrunda mübarizə gedəcək.
Yəni əgər Bayden 9 mayda Ağ Evdə Kevin Makkartilə razılığa gəlməsə və Makkarti ABŞ-ın strateji milli maraqlarını zərbə altına qoyaraq, dünyanı iqtisadi böhran riskilə üz-üzə qoysa, Baydenin “rezerv planı” da olacaq.
Paradoks ondan ibarətdir ki, dünyada qlobal böhranın taleyi “nənələrə və babalara dəstək” qanun layihəsindən asılı ola bilər.
Tarix
2023.05.09 / 09:00
|
Müəllif
Kamran Cəfərov
|