ABŞ-ın Kaliforniya ştatında yaşayan Azərbaycan icması
ABŞ Konqresində Azərbaycana qarşı irəli sürülən ermənipərəst qanun
layihəsinə etiraz kampaniyasına start veriblər.
Trend-in verdiyi məlumata görə, ermənipərəst
konqresmen Kristofer Smit tərəfindən irəli sürülmüş qərəzli qanun
layihəsinə etiraz edən müvafiq elektron petisiya yaradılıb.
Petisiya ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Pol Rayan
(Paul Ryan), qanun layihəsinin müzakirə olunacağı Xarici Əlaqələr,
Hüquqi Məsələlər və Maliyyə Komitələrinin sədrlərinə
ünvanlanıb.
Petisiyada sözügedən qanun layihəsinin erməni lobbisinin təhriki
ilə irəli sürüldüyü vurğulanır və bu baxımdan tam qərəzli xarakter
daşıdığı bildirilir. Qeyd olunur ki, Ermənistanın korrupsioner və
insan haqlarını kobudcasına pozan hökumətinin ABŞ-da lobbiçiliyini
aparan erməni lobbisinin ən əsas məqsədi Azərbaycana və onun ABŞ
ilə münasibətlərinə mümkün qədər ziyan vurmaqdır.
Petisiyada vurğulanır ki, Azərbaycana qarşı patoloji nifrət
bəsləyən erməni lobbisi Ermənistan tərəfindən Azərbaycana qarşı
həyata keçirilən işğalçılıq və etnik təmizləmə siyasətini
pərdələmək üçün dəridən-qabıqdan çıxır.
Azərbaycan ilə ABŞ-ın indiyədək terroçuluğa ve ekstremizmə qarşı
mübarizə, enerji təhlüksəziliyi və digər sahələrdə uğurla əməkaşlıq
etdiklərini bildirən petisiyada, ABŞ üçün ən çətin vaxtlarda,
xüsusilə 11 sentyabr terror hadisələrindən sonra Azərbaycanın ABŞ-a
dəstək olduğu diqqətə çatdırılır.
Qeyd olunur ki, çətin bir bölgədə yerləşməsinə baxmayaraq,
Azərbaycan öz dünyəviliyini və tolerantlıq ənənələrini qoruyub
saxlaya bilmiş, müsəlman, xristian və yəhudilərin dinc və
qarşılıqlı hörmət şəraitində yaşadıqları multikulturalizm məkanına
çevrilib.
Bütün bunları, xüsusilə layihənin qərəzliliyini və
ABŞ-Azərbaycan münasibətlərinin yüksək önəmini nəzərə alaraq, ABŞ
Konqresinin erməni lobbisinin hiylələrinə uymayaraq, sözügedən
qanun layihəsini qətiyyətlə rədd etməsinin vacibliyi vurğulanır.
Qeyd olunur ki, qanun layihəsinin qəbul ediləcəyi təqdirdə, bu
nəinki Azərbaycan-ABŞ dostluğuna, ilk növbədə ABŞ-ın öz milli
maraqlarına ziyan vuracaqdır.
Qeyd edək ki, ABŞ Konqresinin Helsinki Komissiyasının sədri
Kristofer Smit dekabrın 17-də qanunverici orqana "Azərbaycan
demokratiya aktı 2015" adlı layihə təqdim edib.
Həm ABŞ-da, həm də dünyanın müxtəlif ölkələrində yaşayan
azərbaycanlıları və Azərbaycan dostlarını bu petisiyanı imzalamağa
dəvət edirik. Petisiya ilə bu linkdə tanış olmaq olar:
https://www.change.org/p/reject-the-racist-anti-azerbaijani-bill-at-u-s-congress