Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı
Allahşükür Paşazadə bir neçə gün bundan əvvəl Qazılar Şurasının
iclasında qeyri-ənənəvi islam təriqətlərinin ünvanına bu
təriqətlərə xoş gəlməyən bəzi fikirlər səsləndirmişdi.
Qafqaz Universitetinin Beynəlxalq Hüquq kafedrasının rəhbəri
Fərhad Mehdiyevin bu fikirlərə münasibətini ifadə edən yazını
"Axar.az"a göndərib. Həmin yazını təqdim
edirik:
Bu günlərdə mübahisə və müzakirə olunan məsələlərdən biri də,
cavanlarımızın Suriyadakı vətəndaş müharibəsində iştirak etmələri
və orda həlak olmalarıdır.
Fenomenin getdikcə artması bu problemə diqqətin artmasına
gətirib çıxarıb, müxtəlif mövqelərdən xəbərdarlıq və etirazların
irəli sürüldüyünü görürük. Bu arada Qafqaz Müsəlmanları İdarəsi də
Suriyadakı müharibənin cihad olmadığı, orda ölənlərin şəhid
olmayacağına dair bəyanat səsləndirib.
Bizim üçün əsas olan, görülən tədbirin effektivliyi və problemi
düzəltmə xüsusiyyətidir. Bu baxımdan həm QMİ bəyanatını, həm də
hansı addımlar atıla biləcəyinə dair mülahizə apara bilərik.
QMİ-nin bəyanatları heç bir əhəmiyyət kəsb
etmir
Əvvələ, onu qeyd etməliyik ki, Suriyada vətəndaş müharibəsinə
gedən azərbaycanlılar, sələfi əqidəsinə aiddir. Sələfi əqidəsinin
Azərbaycanda mötəbər sayılan və bütün "milli" sələfilərin itaət
etdiyi bir dini avtoritet yoxdur. Məsələn, Qamət Suleymanovu
izləyən şəxslər olsa da, Əlixan Musayevi özünə rəhbər bilənlər də
var. Cümə məscidinə gedənlər üçün isə heç biri dini avtoritet
sayılmır. Səudiyyə Ərəbistan şeyxlərinin fitvaları, azərbaycanlı
sələfilərin gözündə daha mötəbərdir. QMİ-nin bəyanatları isə, onlar
üçün heç bir əhəmiyyət kəsb etmir. Bu baxımdan, QMİ-nin bəyanatı
daha əvvəl verilsəydi belə, onun daha təsirli olacağını düşünmək
mümkün deyil.
Böyük siyasətdə təsadüflər olur, məsələn Frans Ferdinandın 28
İyun 1914 tarixində qətli, planlaşdırılmamış bir fakt idi. Lakin bu
fakt, böyük güclərin əlində bir bəhanə oldu və onlar da bundan
istifadə etdilər. Lakin müharibə kimi hadisələrdə təsadüfə yer
olmur; hər şey əvvəlcədən başlayaraq planlanır və icra edilir,
güclü olanın planları həqiqət çıxır. Bu sözlərimin Suriyaya
aidiyyəti belədir: oradaki döyüşçülər, əslində bir oyunun
maşalarından başqa şey deyildir. Oyunçular isə müxtəlifdir,
düşmənlər, silah və pul verənlər, marağı pozulanlar və
qorunanlar.
Dolayısıyla, istər Suriya, istərsə də sabah çıxa biləcək başqa
bir müharibədə azərbaycanlıların getməsinin qarşısı başqa formada
və metodlarla da alınmalıdır. Gənclərin müvafiq yöndə (tolerantlıq,
zorakılıqdan uzaq durma, təhsil və karyeranın davam etdirilməsi)
maarifləndirilməsi həyata keçirilməlidir. Bunlar orta məktəbin
axırıncı siniflərində təlim olunmalıdır. Bunlar hansı dərsdə
keçirilməli? Daha əvəllər də orta məktəblərdə sosial vərdişləri,
məsuliyyəti, əxlaq və etiket qaydalarını öyrədən bir dərsin
vacibliyindən danışılıb. Bu mövzular da həmin dərslərdə
keçirilməlidir.
Cəfəri məzhəbinə aid olan mollanın sözünü bir sələfi
niyə dinləsin ki?
Lakin bunlar da tək başına kifayət etməyəcək. Din xadimlərimiz
məzhəbarası formada hazırlanmalıdır; müxtəlif məzhəblərin
dəlillərini və hədis mənbələrini bilməlidir; əks halda cəfəri
məzhəbinə aid olan mollanın sözünü bir sələfi niyə dinləsin ki?
QMİ-yə əl-Əzhər məzunu olan birisi
gətirilməli...
Qafqaz Müsəlmanları İdarəsinin
şöbələrindən birinə sələfi qrupunun əksərində sözü keçən,
əl-Əzhər məzunu olan birisi gətirilməli və onun suniliyə qaçmaması
şərti ilə, səmimi formada dövlət və milli maraqları qoruyucu
təbliğatı təmin edilməlidir. Məsələn, Suriyadakı müharibə ilə bağlı
bəyanatı da bu şəxs verməlidir. Digər tərəfdən, müxtəlif
məscidlərdə keçirilən təbliğatlar, namaz arası söhbətlər də nəzarət
altına götürülməlidir; bunun üçün QMİ həftəlik, ya da aylıq
"mövzular" müəyyənləşdirərək məscidlərə çatdıra bilər.