Yanvarın 11-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Bakının Suraxanı rayonunda
ATEF Şirkətlər Qrupunun iri qabaritli transformatorlar zavodunun
açılışında iştirak edib, yüksək gərginlikli avadanlıqlar istehsalı
zavodunun təməlini qoyub.
Axar.az xəbər verir ki, İqtisadiyyat və Sənaye naziri Şahin
Mustafayev və ATEF Şirkətlər Qrupunun rəhbəri Talıb Əlixanbəyov
şirkətin Əmircan qəsəbəsindəki Bakı yağ transformatorları zavodu,
Qaraçuxur qəsəbəsində transformatorlar və elektrotexniki
avadanlıqlar istehsal edən zavod, Hövsan qəsəbəsində isə metal
konstruksiya zavodu barədə məlumat verdilər. Bildirilib ki,
bunlardan başqa, şirkətin layihə-konstruktor bürosu, 3
tikinti-quraşdırma, həmçinin nəqliyyat və mexanikləşdirmə idarələri
var. Şirkətin transformatorlar zavodu 2005-ci, metal konstruksiya
zavodu isə 2011-ci ildən fəaliyyət göstərir.
Prezident İlham Əliyevə şirkətin Azərbaycanda və xaricdə gördüyü
işlər, ixrac imkanları və perspektivləri barədə məlumat
verilib.
ATEF Şirkətlər Qrupu ulu öndər Heydər Əliyevin 1998-ci ildə
imzaladığı Sərəncamla özəlləşdirilən Bakı mayesiz transformatorlar
zavodunun bazasında yaradılıb. Ümummilli lider Heydər Əliyev
1982-ci və 1986-cü illərdə bu istehsal müəssisəsində olub,
kollektivlə görüşüb. Hazırda şirkət tərəfindən Bakı-Tiflis-Qars,
Bakı-Böyük Kəsik dəmir yol xəttinin, eyni zamanda, Sabirabad,
Qazax, Beyləqan rayonlarında məcburi köçkünlər üçün salınan
qəsəbələrin elektrik təchizatını nəzərdə tutan yarımstansiyaların
quraşdırılması üzrə işlərin icrası davam etdirilir.
İri qabaritli transformatorlar zavodunun sınaq laboratoriyası
müasir səviyyədədir. Buradakı qurğular 2,4 milyon voltadək yüksələ
bilən impuls gərginliyi və 700 min voltadək dəyişən cərəyan verə
bilir. Bu isə istehsal edilən transformatorların izolyasiyasını
yoxlamağa imkan verir. Zavodda azərbaycanlı mütəxəssislər
beynəlxalq təcrübəyə əsaslanan intellektual biliklərdən istifadə
edirlər.
Prezident İlham Əliyev iri qabaritli transformatorlar zavodunu
işə salıb.
Məlumat verilib ki, ümumi sahəsi 15,6 hektar, istehsal sahəsi
isə 14 min kvadratmetr olan zavod 3 korpus və 5 istehsal sahəsindən
ibarətdir. Müəssisədə iri qabaritli güc transformatorları və
reaktorların istehsalı nəzərdə tutulur. Burada həm də müxtəlif növ
elektrotexniki avadanlıqlar, açıq və qapalı tipli yarımstansiyalar
istehsal ediləcək. Cənubi Qafqazda analoqu olmayan, dünyanın
aparıcı şirkətlərinin istehsal etdiyi avadanlıqla təchiz edilmiş
zavodda yüksək keyfiyyətli məhsul hazırlamaq üçün bütün şərait var.
Burada 300 nəfər işlə təmin edilib.
Qeyd edilib ki, ərazisi 130 min kvadratmetr, istehsal gücü illik
8700 ədəd transformator, müxtəlif növ elektrotexniki avadanlıqlar
və 20 min ton metal konstruksiya olan bu şirkətin digər
zavodlarının maliyyələşdirilməsinə Sahibkarlığa Kömək Milli Fondu
tərəfindən 5 milyon manat güzəştli kredit verilib. Bütövlükdə isə
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən son illər ümumi dəyəri
981 milyon manat olan 130-dan çox müasir sənaye layihəsinin
maliyyələşdirilməsinə 410 milyon manatdan çox güzəştli kredit
ayrılıb. Artıq bu müəssisələrdən 115-i istifadəyə verilib. Həmin
müəssisələrdə istehsal olunan məhsullar idxalı əvəz etməklə yanaşı,
ölkənin sənaye potensialının reallaşdırılmasında mühüm rol
oynayacaq.
Zavodun sərgi salonunda şirkətin müəssisələrində istehsal edilən
məhsullar barədə məlumat verilib. Zavodlarda müxtəlif təyinatlı və
gərginlikli yağ və güc transformatorları, açıq və qapalı tipli
yarımstansiyalar, mühafizə və idarəetmə panelləri, elektrotexniki
avadanlıqlar, radiatorlar, bloklar, şkaflar, ümumilikdə 200
çeşiddən artıq tam hazır məhsul və hissələr istehsal olunur. Bu
məhsullar Kanada, Cənubi Afrika Respublikası, İraq, Bəhreyn,
Bolqarıstan, Rusiya, Ukrayna, Moldova, Qazaxıstan, Türkmənistan,
Özbəkistan, Gürcüstan və digər ölkələrə ixrac olunur. Üç il ərzində
şirkətlər qrupunun zavodları 150 milyon dollarlıq məhsul ixrac
edib. Yaxın illərdə isə ixracı 3 dəfə artırmaq üçün xarici
ölkələrlə danışıqlar aparılır, müqavilələr imzalanır.
Sonra Prezident İlham Əliyev yüksək gərginlikli avadanlıqlar
istehsalı zavodunun təməlini qoyub.
Qeyd edildi ki, zavodun ümumi sahəsi 20 min kvadratmetr olacaq.
Müəssisədə müasir avadanlığın quraşdırılması nəzərə tutulur ki, bu
da keyfiyyətli və rəqabətə davamlı məhsul əldə etməyə imkan
verəcək. Yeni yaradılacaq müəssisənin istehsal gücü illik 3,4 min
müxtəlif avadanlıq, o cümlədən daxili və xarici tip eleqaz açarlar,
ayırıcılar, paylayıcı qurğular olacaq. Şirkətin zavodlarında orta
aylıq əmək haqqı 500 manat olmaqla 2024 nəfər işlə təmin edilib.
Yeni zavodun istifadəyə verilməsindən sonra bu rəqəmin 2500-ə
çatdırılması nəzərdə tutulur.
Prezident İlham Əliyev görüləcək işlərlə bağlı tapşırıq və
tövsiyələrini verib.