Prezident İlham Əliyevin sahibkarlığın inkişafına dövlət
dəstəyinin davam etdirilməsi ilə bağlı tapşırığı istiqamətində
mühüm addımlar atılır. Cari ildə də dövlətin güzəştli kreditləri
hesabına investisiya layihələrinin maliyyələşdirilməsi və eləcə də
kiçik sahibkarlığın daha da inkişaf etdirilməsi üçün müvafiq
tədbirlər görüləcək.
Bunu AzərTac-a Azərbaycan Respublikası Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti
Məmməd Musayev deyib. O bildirib ki, dövlətin iqtisadi siyasətinin
başlıca istiqamətlərindən biri özəl sektorun hərtərəfli
dəstəklənməsi, onun daha da genişlənməsi və əlverişli mühitin
yaradılması, bu sahədə yaradılan müxtəlif yardım və təşviq
mexanizmlərinin tətbiq edilməsidir. Dövlət tərəfindən ayrılan
kreditlər və İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli
Fondunun xətti ilə görülən işlər də sahibkarlığın inkişafına böyük
dəstəkdir. Belə ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən bu
günədək 30 mindən çox sahibkara 1,7 milyard manat güzəştli kredit
verilib və bu kreditlər hesabına 140 mindən çox yeni iş yerinin
yaradılması imkanı yaranıb. 2015-ci ildə ölkə üzrə 5 min 230-dan
çox sahibkarlıq subyektinin investisiya layihəsinin
maliyyələşməsinə 248,5 milyon manat güzəştli kredit verilib.
Kreditlərin 65 faizi regionların, 35 faizi isə Bakı şəhərinin
qəsəbələrinin payına düşür.
"Dövlət başçısının tapşırığına əsasən atılan addımlar -
yoxlamaların dayandırılması, lisenziyaların sayının kəskin
azaldılması və prosedurların sadələşdirilməsi bu sahənin sürətli
inkişafı üçün mühüm addımdır. Bu addımlar ölkəmizdə özəl sektorun
yüksək səviyyədə inkişafını təmin edir, yaradılan şərait isə
sahibkarlar qarşısında çox mühüm vəzifələr qoyur", - deyə Məmməd
Musayev bildirib.