Gürcüstanın Saqareco rayonunun azərbaycanlıların yığcam
yaşadıqları Qaraçöp kəndində 20 Yanvar şəhidlərinin xatirəsi
ehtiramla yad olunub.
Axar.az xəbər verir ki, Azərbaycanın bu ölkədəki səfirinin
müavini Dursun Həsənov, səfirliyin hərbi attaşe aparatının
əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, məktəblilər
Qaraçöp kəndində 20 Yanvar şəhidlərinin və 9 Aprel hadisəsi
qurbanlarının xatirəsinə inşa edilən abidə kompleksinin önünə gül
dəstələri düzüblər.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxışlarda qeyd olunub ki, Qanlı Yanvar hadisəsi qurbanları
arasında 5 nəfər Gürcüstan azərbaycanlısı var. Onlardan biri də
Qaraçöp kənd sakini Ələsgər Yusif oğlu Qayıbovdur. Azərbaycan və
gürcü xalqları öz qəhrəmanlarını heç zaman unutmayacaqlar.
Sonra şəhidin doğulduğu evdə ehsan süfrəsi açılıb.
Səfirlik adından şəhidin ailəsinə ərzaq yardımı göstərilib.
D.Həsənov şəhidin ailəsi və kənd ağsaqqalları ilə görüşüb,
onların qayğıları ilə maraqlanıb.