Ana səhifə Gündəm |
"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 26-cı cildi çapdan çıxıb.
Report xəbər verir ki, nəşrin bu cildi Azərbaycan Prezidenti İlham Əliyevin Qara Dəniz Təşəbbüs qrupunun üzvləri ilə görüşünə dair materialla başlayır.
Dövlətimizin başçısının sərlövhəyə çıxarılmış fikri onun Bakının
Buzovna qəsəbəsinin Albalılıq yaşayış sahəsində tikilmiş 322
nömrəli orta məktəbin açılış mərasimindəki nitqindən götürülüb.
Prezident deyib: "Ölkəni irəliyə aparan, inkişaf etdirən birinci
növbədə insanların intellektual potensialıdır. Bu da ki,
Azərbaycanda var. Azərbaycan xalqı çox istedadlı xalqdır. Bizim
xalqımızın nümayəndələri bütün sahələrdə çox böyük uğurlar əldə
etmişlər. Mən çox istəyirəm ki, indiki səviyyədə, indiki şəraitdə,
Azərbaycanın müstəqillik dövründə ölkəmiz daha da güclənsin,
qüdrətlənsin, bölgədə və dünyada öz yerini möhkəmləndirsin. İndi bu
proses gedir və sürətlə gedir. Həm iqtisadi artım, həm siyasi
proseslərin müsbət məcrada inkişaf etməsi və həm də ilk növbədə
peşəkar kadrların hazırlanması. Bu proses orta məktəbdən başlayır,
ondan sonra ali məktəblərdə davam etdirilir.
Bildiyiniz kimi, indi biz ən istedadlı, layiqli tələbələri dövlət
xətti ilə xaricə, aparıcı ali məktəblərə oxumağa göndəririk ki,
onlar dünyanın ən qabaqcıl təhsil səviyyəsinə çata bilsinlər. Bütün
bunlara böyük vəsait lazımdır və bu vəsaiti biz təmin edirik. Çünki
bilirik ki, bu, Azərbaycan xalqının gələcəyi, Azərbaycan dövlətinin
möhkəmlənməsi məsələsidir. Biz bunu təmin etmək üçün əlimizdən
gələni əsirgəmirik ki, doğma Vətənimiz daha da güclənsin, daha da
qüdrətlənsin və Azərbaycan öz milli maraqlarını tam şəkildə təmin
edə bilsin".
Çoxcildliyin bu kitabına daxil olan materiallar 2007-ci ilin
avqustundan oktyabrınadək olan dövrü əhatə edir.
Bu cilddə Azərbaycan Prezidenti İlham Əliyevin Vilnüsdə energetika
sahəsində təhlükəsizlik məsələlərinə həsr edilmiş "Məsul
tərəfdaşlar üçün məsul energetika" mövzusunda konfransda və
Azərbaycan-Xorvatiya biznes forumunda çıxışları, Demokratiya və
İqtisadi İnkişaf uğrunda Təşkilatın – GUAM-ın üzvü olan ölkələrin
dövlət başçılarının bu qurumun yaradılmasının 10 illiyinə həsr
olunmuş görüşdə nitqi və digər materiallar verilib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri
akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin bu
nəşrində dövlətimizin başçısının Litvaya rəsmi, Rumıniya,
Tacikistan və İrana işgüzar səfərləri zamanı bu ölkələrin dövlət və
hökumət başçıları ilə danışıqları, ölkələrimiz arasında ikitərəfli
əlaqələrin, beynəlxalq əməkdaşlığın daha da möhkəmləndirilməsinə və
genişləndirilməsinə, eyni zamanda, Bakıya rəsmi səfərə gəlmiş
Xorvatiya Prezidenti Stepan Mesiç və Qətər Dövlətinin Əmiri Şeyx
Həməd bin Xəlifə Al-Tani ilə keçirdiyi görüşlərə, danışıqlara dair
materiallar, habelə məktubları dərc olunub.
Nəşrdə dövlətimizin başçısının regionların sosial inkişaf proqramının həyata keçirilməsi ilə əlaqədar çıxışları, nitq və tövsiyələri və digər materiallar öz əksini tapıb.
Bu cilddə Azərbaycan Prezidentinin, həmçinin Bakıya səfərə
gəlmiş bir sıra beynəlxalq təşkilatların nümayəndələri ilə
görüşləri, kütləvi informasiya vasitələrinə müsahibələri,
bəyanatları və s. yer alıb.
Kitaba "Qeydlər", "Şəxsi adlar", "Coğrafi adlar" göstəriciləri də
daxil edilib.
"Azərnəşr" tərəfindən buraxılan 26-cı cildin hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) materiallarından istifadə olunub.
Tarix
2016.01.22 / 14:07
|
Müəllif
Axar.az
|