Robert Uolterin (Böyük Britaniya) "Dağlıq Qarabağ və
Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın artması"
hesabatı əsasındakı qətnamənin qəbul edilməməsi sülh prosesi ilə
bağlı vəziyyətin mürəkkəbləşməsindən xəbər verir.
Bu barədə Axar.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq
münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim
Mollazadə bildirib.
"Bu sənədin əsas mahiyyəti ondan ibarət idi ki, beynəlxalq hüquq
normalarını kobud surətdə pozan və Azərbaycanda etnik təmizləmə
həyata keçirən, mülki əhalini qətlə yetirən və Azərbaycanın işğal
olunmuş ərazilərini azad etmək istəməyən Ermənistanın əməli
açıq-aşkar göstərilirdi. Bu sənəd məhz beynəlxalq hüquq normasına
dəstək verməklə münaqişənin sülh yolu ilə həllinə kömək edə
bilərdi. Robert Uolterin hesabatı əsasındakı qətnamənin qəbul
edilməməsi böyük təəssüf doğurur. Bu onu göstərir ki, işğal olunmuş
ərazilər və sülh prosesi ilə bağlı vəziyyət daha da
mürəkkəbləşir".
Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış
sessiyası çərçivəsində bu gün "Azərbaycanın qəsdən sudan məhrum
edilmiş sərhəd rayonlarının sakinləri" qətnaməsi 98 lehinə, 71
deputat əleyhinə olmaqla qəbul edilib (40 deputat bitərəf qalıb),
Robert Uolterin (Böyük Britaniya) "Dağlıq Qarabağ və Azərbaycanın
digər işğal olunmuş ərazilərində zorakılığın artması" qətnaməsi isə
70 əleyhinə, 66 lehinə olmaqla (45 nəfər bitərəf) qəbul
edilməyib.