Dünən AŞPA-da millət vəkili
Elxan Süleymanovun böyük zəhmət bahasına gündəmə gətirdiyi
Ermənistanın Azərbaycan torpaqlarını işğalı faktını sənədlərlə
təsdiqləyən Sərsəng su anbarı ilə bağlı qətnamənin qəbul olunması
ciddi uğur sayıla bilər.
Axar.az xəbər verir ki, bu haqda millət vəkili Fazil Mustafa
açıqlama verib.
Deputat AŞPA-dakı gərgin müzakirə ilə bağlı daha önəmli bir
məsələyə diqqət çəkib:
"Avropa prezidentləri, Minsk Qrupuna həmsədrlik edən Rusiya, ABŞ
və Fransanın bütün strukturlarının təhdid və təzyiqləri çox ciddi
rol oynadı və bu ölkələrdən olan xeyli deputatın səsvermədə iştirak
etməməsinə səbəb oldu. Bildiyiniz kimi, hansısa kiçik detallara
görə heç vaxt Türkiyəni qınamamışam. Çünki ən ağır zamanlarda
ölkəmizin yanında duracaq tək ölkə Türkiyə olacaq. Ona görə də bu
yazacaqlarım qətiyyən Türkiyənin əleyhinə mövqe kimi anlaşılmasın.
Sadəcə, qısa bir epizod olaraq türk məsuliyyətsizliyindən yazmaq
istəyirəm. Demək, Uolterin məruzəsində 66 lehimizə, 70 əleyhimizə
oldu. Türkiyə nümayəndə heyəti 18 nəfərdən ibarət idi. Bunlardan 2
nəfər PKK-nı dəstəkləyən partiyadan olduğuna görə ermənilərə
simpatiya duymaları təbiidir. Məhz 16 nəfərin hamısı səs versəydi,
qətnamə qəbul olunurdu. Cəmi 12 nəfər lehimizə səs verdi. AKP-dən
2, CHP-dən də 2 nəfər səsvermədə iştirak etmədi. Bu 4 səs nəticəyə
ciddi təsir etdi. AKP-dən hətta nümayəndə heyətinin rəhbəri
səsvermədə iştirak etmədi. Halbuki, iki gün öncədən hər biri ilə
fərdi qaydada danışmışdıq ki, bu soyqırım qədər əhəmiyyətli
məsələdir və Azərbaycanla yanaşı Türkiyəyə də ciddi arqument
verəcək".
Deputatın sözlərinə görə, Türkiyə rəsmiləri bu
məsuliyyətsizliyin izahını verəcəklər:
"Beynəlxalq arenada soyqırım məsələsində türkləri ermənilərə
uduzduran məhz türk məsuliyyətsizliyidir. Çox üzücüdür, ancaq
bunları bölüşmək türk milləti olaraq nöqsanlarımızı görmək
baxımından faydalıdır. Bu arada hər iki qətnamə layihəsini
dəstəkləmiş Türkiyə, Ukrayna, Gürcüstan, Moldova, Macarıstan və
başqa ölkələrdən olan deputatlara öz təşəkkürümü bildirməyi borc
hesab edirəm".