Dünən AŞPA-da qəbul edilmiş
"Azərbaycanın sərhəd
rayonlarının sakinləri qəsdən sudan məhrum edilmişdir" adlı
qətnaməsinin mətni yayılıb.
Axar.az xəbər verir ki, qətnamənin qeyri-rəsmi tərcümə edilmiş
mətnini Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat
Xidməti yayıb.
Qətnamənin mətnini təqdim edirik:
1. Parlament Assambleyası bütün üzv dövlətlərə xatırladır ki,
1966-cı il Helsinki və 2004-cü il Berlin Qaydalarına əsasən, sudan
istifadə hüququ həyat və sağlamlıq üçün vacibdir və bununla, digər
insan hüquqlarından istifadənin ilkin şərtini təşkil edir.
Assambleya dövlətlərin öz əhalisini yetərli, təhlükəsiz və
əlverişli su ehtiyatları ilə təmin etmək öhdəliyini vurğulayır.
2. Assambleya hesab edir ki, içməli sudan maneəsiz istifadə
(suya maneəsiz çıxış) hər bir dövlət üçün əsas hüquq, həyat mənbəyi
və strateji əhəmiyyətə malikdir və sərhədlərin mövcudluğu bu
istifadəni məhdudlaşdıra bilməz. Assambleya təsdiq edir ki, qəsdən
sudan məhrum etmə günahsız vətəndaşlara zərər yetirmə vasitəsi kimi
istifadə edilə bilməz.
3. Assambleya bildirir ki, qəsdən süni ətraf mühit böhranı
yaratmaq "ekoloji təcavüz" kimi qəbul edilməli və ekoloji fəlakət
zonaları yaratmaq, həmçinin aidiyyəti əhalinin normal yaşamını
çətinləşdirmək məqsədilə bir dövlətin digərinə qarşı düşmənçilik
hərəkəti kimi qiymətləndirilməlidir.
4. Assambleya qınayır ki, Azərbaycanın Dağlıq Qarabağ və digər
ətraf ərazilərinin Ermənistan təfərindən işğalı Azərbaycanın Aşağı
Qarabağ bölgəsində yaşayan əhalisi üçün oxşar humanitar və ekoloji
problemlər yaradır.
5. Assambleya xatırladır ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri
20 may 2014-cü il tarixli bəyanatında tərəflərin regionun ümumi
faydası üçün bu su resurslarından birgə istifadə üzrə razılıq əldə
edəcəyinə ümid etmişdir.
6. Assambleya bildirir ki, Azərbaycanın Ermənistan tərəfindən
işğal olunmuş ərazilərindən birində yerləşən Sərsəng su anbarında
20 ildən artıq dövr ərzində mütəmadi baxım işlərinin aparılmaması
bütün ətraf ərazilər üçün təhlükə yaradır. Assambleya vurğulayır
ki, Sərsəng su anbarının baxımsız vəziyyətdə qalması çoxsaylı insan
tələfatı və yeni humanitar böhrana səbəb ola biləcək böyük fəlakətə
gətirib çıxara bilər.
7. Bu vacib humanitar problemi nəzərə alaraq, Assambleya tələb
edir:
7.1. Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal
çıxarılması və bununla:
7.1.1. müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində
təhqiqat aparılmasının təmin edilməsi;
7.1.2 sutoplama dövründə Sərsəng su resurslarının istifadəsi və
onların saxlanmasının beynəlxalq idarəçiliyi;
7.1.3. suvarma kanalları, Sərsəng və Madaqiz su anbarlarının
vəziyyəti, payız və qış mövsümündə su verilməsi cədvəli və su
hövzələrinin həddən artıq istismarına beynəlxalq nəzarət;
7.2. Ermənistan hakimiyyəti su resurslarından siyasi təsir və ya
təzyiq vasitəsi kimi istifadə etməyi dayandırsın.
8. Assambleya bu məsələ ilə bağlı hesabatın hazırlanması
prosesində Ermənistan parlament nümayəndə heyəti və hakimiyyətinin
əməkdaşlıq etməməsi faktını kəskin şəkildə pisləyir. Assambleya
Ermənistanın bu kimi davranışının Avropa Şurasının tamhüquqlu üzvü
kimi üzərinə götürdüyü öhdəliklərinə uyğun gəlmədiyini hesab edir.
Assambleya bu və parlamentarilərin səlahiyyəti dövründə yarana
biləcək buna oxşar məsələlərdə atacağı addımları nəzərdən
keçirir.
9. Assambleya aidiyyəti tərəfləri Sərsəng su anbarının
resurslarından birgə istifadə sahəsində yaxından əməkdaşlıq etmək
üçün öz səylərini artırmaga çağırır və bildirir ki, bu kimi
əməkdaşlıq istənilən münaqişənin həlli üçün vacib olan etimad
quruculuğu tədbirlərini yarada bilər.