Son vaxtlar Azərbaycana qarşı davamlı terror hədələri,
radikal dini qrupların fəallaşması, Suriyaya döyüşməyə gedən
azərbaycanlıların sayının artması ilə bağlı xəbərlər ölkənin
müvafiq rəsmi qurumlarını hərəkətə gətirib.
"Meşə Qardaşları", "Ceyşullah" kimi radikal silahlı qrupların
adından yayılan açıq təhdid bəyanatları Azərbaycanın təhlükəsizliyi
baxımından çox ziyanlı sayılır və ölkənin rəsmi qurumları hesab
edirlər ki, bu cür bəyanatlarla insanlar arasında xof, təşviş
yaratmaq, eləcə də hüquq-mühafizə orqanlarının nüfuzuna zərbə
vurmaq məqsədi güdülür.
Eyni zamanda adıçəkilən təşkilatların əvvəllər Azərbaycanda
terrorçuluq fəaliyyətlərinin olması və qətllər törətməsi
hüquq-mühafizə orqanlarının yenidən fəallaşan bu radikal silahlı
qruplarla bağlı əməli addımlar atmasını zəruri edib. Etibarlı
mənbələrdən aldınan məlumata görə, yayılan bu xəbərlərlə yanaşı
hüquq-mühafizə orqanlarına bir sıra əməliyyat məlumatları daxil
olub və buna görə də ölkənin bir sıra rayonlarında, xüsusən də
şimal və şimal-qərb bölgələrində həyat keçiriləcək əməliyyat
tədbirləri hazırlanıb. Məlumatda bildirilir ki, bu əməliyyat
tədbirlərini ölkənin bir neçə hüquq-mühafizə orqanlarının xüsusi
dəstələrinin əməkdaşları birlikdə keçirəcəklər.
Xəbərdə o da deyilir ki, "Meşə Qardaşları" və "Ceyşullah"ın
hədələri ilə yanaşı adları açıqlanmayan başqa yeni yaranan radikal
qruplar da var.
Bu əməliyyat çərçivəsində həmin qrupların da
zərərsizləşdirilməsi, eyni zamanda azərbaycanlı gənclərin Suriyaya
döyüşməyə göndərilməsi istiqamətində fəaliyyət göstərən qruplar və
onların liderləri ilə bağlı da tədbirlər görüləcək.
Qeyd edək ki, gənclərin Suriyaya göndərilməsi məsələsi fevralın
3-də parlamentdə də ciddi şəkildə müzakirə olunub. Deputatların bir
çoxu belə şəxslərin cinayət məsuliyyətinə cəlb olunması,
vətəndaşlıqlarının ləğv edilməsi kimi sərt təkliflər irəli
sürüblər.
Bundan başqa, son vaxtlar ölkənin dini məkanında gərginlik
yaradılmasına, təriqətlər arasında savaş çıxmasına çalışan
qüvvələrin də olduğu bildirilir. Bu məsələlər də ölkənin rəsmi
qurumları tərəfindən narahatlıqla qarşılanır və aldığımız məlumatda
həyata keçiriləcək tədbirlər bu cür qüvvələrin aşkarlanmasını da
əhatə edəcək.
Bununla bağlı fikirlərini öyrəndiyimiz ekspertlər hesab edirlər
ki, Azərbaycan hüquq-mühafizə orqanlarının bu istiqamətdə addımlar
atması çox doğru olar və bu vacibdi. Ekspertlərin fikrincə, ölkəni,
xüsusən də onun hüquq-mühafizə orqanlarını açıq təhdid edən radikal
qruplara qarşı ciddi addımlar atılmalı və önləyici tədbirlər
görülməlidir.
Qeyd edək ki, son günlərdə ard-arda "Meşə Qardaşları" və
"Ceyşullah" Azərbaycana qarşı savaş elan etdiklərini, hərbi
əməliyyatlara başlamağa hazırlaşdıqlarını bildiriblər. Ümumi
hədələrin ardınca isə "Meşə Qardaşları" Azərbaycan polisini hədəfə
alaraq belə bir bəyanat yayıb: "Əməliyyat hazırdır. Polislərin
evləri partladılacaq. Qəddar Azərbaycan polislərinə terror
hazırdır. İlk hücumda 100-dək polis öldürüləcək".
Bu hədə bəyanatları ilə bağlı rəsmi qurumlardan mövqe öyrənməyə
çalışdıq. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat
xidməti ilə əlaqə saxladıq. Xidmətin rəis müavini Ehsan Zahidov
məsələ ilə bağlı hər hansı bir şərh vermək istəmədi.
Bundan əvvəl isə Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə
Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev demişdi ki, ölkənin milli
təhlükəsizliyinə və maraqlarına mümkün təhdidlərin qarşısının
alınması üçün bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir,
əməliyyat şəraitinə nəzarət olunur.
Bu məsələ ilə bağlı əlavə məlumatlar olduqca, yayacağıq
(müsavat).