Bu gün Milli Məclis sədrinin birinci müavini Ziyafət
Əsgərov İspaniya parlamentinin üzvlərindən ibarət Azərbaycanla
qeyri-formal dostluq qrupunun nümayəndə heyəti ilə
görüşüb.
Milli Məclisin mətbuat xidmətindən "Axar.az"a
verilən məlumata görə, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq
münasibətlərindən söz açan Z.Əsgərov deputatların NATO, AŞ PA kimi
nüfuzlu beynəlxalq qurumlarda görüşdüklərini, Avropa İttifaqı
çərçivəsində yaxşı əlaqələrimizin olduğunu qeyd edib. I
vitse-spiker qonaqlara Azərbaycanın bölgədə həyata keçirdiyi qlobal
neft-qaz layihələri barədə danışıb, Avropanın enerji təchizatında
ölkəmizin oynadığı roldan bəhs edib.
Z.Əsgərov Azərbaycanla İspaniya arasındakı ticarət dövriyyəsinə
dair faktları diqqətə çatdıraraq daha geniş sahədə əməkdaşlıq üçün
imkanlarımız olduğunu bildirib. Bu baxımdan kənd təsərrüfatı,
turizm və idman sahələri xüsusi vurğulanıb. İdman və turizmin
inkişafı sahəsində Azərbaycandakı yeniliklər barədə qonaqlara
məlumat verilib. O, İspaniya futbolunun səviyyəsini təqdir edərək
bu sahədə əməkdaşlığın yaxşı nəticələr verəcəyini söyləyib.
Milli Məclis sədrinin birinci müavini parlamentlərarası
əlaqələrin əhəmiyyətini yüksək dəyərləndirərək qeyd edib ki,
ölkələrimiz arasında daha sıx və çoxşaxəli əməkdaşlığın inkişafı
üçün parlamentarilər hüquqi bazanı daha da
genişləndirməlidirlər.
Sonra Z.Əsgərov Dağlıq Qarabağ problemindən ətraflı söhbət açıb.
İspan deputatların nəzərinə çatdırılıb ki, Ermənistanın təcavüzkar
mövqeyi hələ də davam edir, son həftələrdə erməni tərəfi atəşkəs
rejimini dəfələrlə pozub, sərhədyanı bölgələrimizdə itkilərimiz
var. Bədnam qonşularımız 1988-ci ildən bugünədək Azərbaycan
ərazisində yüzlərlə terror hadisəsi, 1992-ci ilin 26 fevralında isə
Xocalı qətliamını törədiblər. I vitse-spiker bildirib ki,
Ermənistanın rəhbərliyi daim siyasi və dini ekstremizmi
dəstəkləyir.
Görüşdə nümayəndə heyəti adından fikirlərini bölüşən İspaniya
Xalq Partiyasının Valensiya üzrə deputatı, Xarici işlər üzrə
komissiyanın təmsilçisi Xose Maria Çikiyo qəbula görə təşəkkürünü
bildirib. Azərbaycanla sıx əməkdaşlıq əlaqələri qurmaq niyyətində
olduqlarını qeyd edərək qarşılıqlı səfərlərin intensivləşməsi
vacibliyini vurğulayıb. Hazırkı səfərdə məqsədin Azərbaycan
reallıqlarını öz gözləri ilə görüb həqiqəti anlamaq olduğunu
deyib.
Qonaq bildirib ki, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın ərazi
bütövlüyünün pozulduğu, Xocalı faciəsi barədə məlumatlıdırlar: "20
ildən çoxdur ki, Ermənistan BMT TŞ-nin müvafiq qətnamələrinə əməl
etmir".
İnsan hüquqlarının qorunması vacibliyinə toxunan X.M.Çikiyo qeyd
edib ki, Azərbaycanın qaçqın və köçkünləri yalnız ev-eşiyini
itirməyib, eyni zamanda, psixoloji travma alıbdır: "Biz o travmanın
aradan qaldırılması, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli
üçün əlimizdən gələni etməyə hazırıq".
İspan deputat onu da nəzərə çatdırıb ki, parlamentlərarası
əlaqələrimizin möhkəmlənməsi
İspaniyanın iri şirkətlərinin də Azərbaycana gəlişinə yol aça
bilər.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir
mübadiləsi aparılıb.