Məhərrəm Seyidovu iki gün öncə yayılan və iki günə 102
erməni döyüşçüsünü öldürdüyünü isbatlayan video cəmiyyətə
tanıtdı.
O, ölümündən sonra yaddan çıxarılmış qəhrəmanlar sırasına daxil
edilə bilər. Onun fəaliyyəti, Azərbaycan ordusunun qurulmasında
oynadığı rol haqqında demək olar ki, heç bir yerdə məlumat
verilmir. Onun necə öldürülməsi və niyə indiyə qədər ona Milli
Qəhrəman statusunun verilməməsi hələ də sual olaraq qalır.
"Axar.az" Komandir Məhərrəm Seyidovun döyüş
yoldaşlarından birini tapa bildi.
Beləliklə, Komandir haqqında onun döyüşçülərindən biri - Ağaəli
Əmrahov danışır.
- Məhərrəm Seyidov peşəkar zabit idi. Orduya
baş leytenant rütbəsində gəlmişdi. Tabor komandiri - o vaxtkı
terminlə desək, batalyon komandiri vəzifəsinə Müdafiə Nazirliyindən
təyinat almışdı. O zaman 741 saylı hərbi hissə yaradılmışdı.
Göytəpə qəsəbəsində. Mən də o zaman Rabitə Nazirliyində yüksək
postda işləyirdim. Belə desək, idarənin rəis müavini idim. Həftənin
beşinci günü idi. İrandan qonaqlarımız vardı. Onları yerbəyer
edirdik. Evə gəldim, həyat yoldaşım dedi ki, bəs bundan bir qədər
öncə əli silahlılar gəlmişdi. Səni əsgərliyə çağırırlar. Səhərisi
gün məni Müdafiə Nazirliyinin qərargah rəisinin yanına apardılar.
Bizlə bir saat söhbət edəndən sonra bizi polkovnik Yusifov öz şəxsi
maşınına qoyub Göytəpəyə apardı. Məni aparıb Məhərrəm Seyidovun
taborunda minaatan batareyanın komandiri təyin etdilər. Ehtiyatda
olan zabit idim. Beləliklə, döyüş yolumuz başladı.
O, komandirim idi, amma mənim həyat təcrübəm bir az çox
olduğuna, uzun müddət rəhbər vəzifədə çalışdığıma görə, çox şeyi
məsləhətləşərdi. Artıq bizim münasibətlər tabeçilik səviyyəsindən
çıxıb, dostluq çərçivəsinə daxil olmuşdu.
Onu bütün əsgərləri sevirdi
Məhərrəm Seyidov çox yüksək işlər görmüşdü. Onun işlərindən biri
ordu quruculuğunda fəal iştirak etməsi idi. Baxmayaraq ki, Məhərrəm
Seyidov sonradan "Talış Muğan Respublikası"nı yaratmaq istəyənlər
tərəfindən işdən qovuldu. Buradan o, birbaşa Müdafiə Nazirliyinə
yollandı. M.Seyidov burada hər şeyi rəhbərliyə danışdı və bir aydan
sonra tabor komandiri kimi yox, hərbi hissə komandiri kimi vəzifəyə
geri döndü.
O, əsgərlərin lideri, sevimlisi idi. Təsəvvür edin, onu o qədər
çox istəyirdilər ki, bir əmri bəs idi, hamı birbaşa döyüşə girsin
və ermənilərlə əlbəayaxa olsunlar.
Bu qədər güclü, ideyalı, fanat bir polk qurmuşdu Məhərrəm
Seyidov.
Ələkram Hümbətov tərəfdarları onunla konfliktdə
idilər
Məhərrəm Seyidov hərbi hissə komandiri olduqdan sonra biz
Müdafiə Nazirliyinin əmri ilə döyüş bölgəsinə yollandıq.
Beyləqan-Ağcabədi-Ağdam istiqamətində cəbhənin bütün yerlərinə
nəzarəti əlimizə götürdük. Biz onun rəhbərliyi ilə tezliklə bütün
istiqamətlərdə xeyli irəlləyişə nail olduq. Demək olar ki,
ermənilərin axırıncı istinad nöqtəsinə qədər irəlilədik və
postlarımızı orada qurduq. Bir ilə yaxın xidmət keçdik, bundan
sonra Məhərrəm Seyidovu yenidən işdən çıxartdılar.
Hərbi hissənin içərisində çox güclü "Talış Muğan Respublikası"
tərəfdarları var idi. Daxildə güclü qarşıdurma yaradırdılar.
Ələkram Hümbətov tərəfdarları ilə dövlət tərəfdarları arasında
ciddi iğtişaşlar yaranırdı. Onlar yenidən Məhərrəm Seyidova üstün
gəldilər. Onunla bağlı birbaşa nazirliyə yalançı, təxribat
xarakterli materiallar göndərirdilər. Məhərrəm Seyidovu yenidən
vurdular.
Amma Müdafiə Nazirliyi də Məhərrəm Seyidovun necə komandir
olduğunu bilirdi. Ona görə də təzədən onu Müdafiə Nazirliyinə
çağırdılar və Tərtər batalyonuna komandir göndərdilər. Bununla da
onunla ünsiyyətimiz bitdi. Daha sonra onunla ayda bir dəfə imkan
düşdükcə görüşürdük.
Onu ermənilərin öldürməsinə inanmıram
Tərtərdən sonrakı məqamlar mənim üçün bağlı səhifədir. Mən onun
ermənilər tərəfindən öldürülməsinə inanmıram. Niyə?
Baxın, taborun qərargahı döyüş xəttindən ən azı bir kilometr
arxada olur. Qərargahda taborun bütün rəisləri olur. Bura erməninin
tankla gəlib, onları burada güllələməsi faktına heç cürə inanmıram.
Batalyonun döyüş mövqeyindən erməni tankı keçə bilməzdi. Erməni
tankı buradan keçsəydi, həmin dəqiqə hər kəsin xəbəri olardı. Çünki
taborun qərargahına qədər çoxlu dayaq məntəqəsi var. Bir də ki,
Məhərrəm Seyidov erməni tankını taborun qərargahının yaxınlığına
qədər buraxacaq zəif zabit deyildi.
Qərargahda zabitlərin hamısını
öldürmüşdülər
O zaman "Space" telekanalında Məhərrəmlə bağlı verliş
hazırlayanda general Elbrus Orucovla söhbətimiz oldu. Mən onunla bu
məsələni araşdırmağa çalışdım və bütün suallarıma cavab axtardım.
Fikirləşirdim ki, o generaldır və məndən daha təcrübəlidir. O özü
də bu məsələyə mənim kimi şübhəli baxırdı. Qaranlıq məqamların
olduğunu deyirdi. Orada zabitlərin hamısı öldürülmüşdü. Məhərrəm
Seyidov isə 4 güllə yarası almışdı. O, qanaxmadan ölüb. Əgər
ermənilər onu öldürsəydilər, cəsədini də aparardılar. Ermənilər onu
yaxşı tanıyırdılar, bilirdilər ki, Məhərrəm Seyidovun adı erməni
əsgərləri içərisində böyük xof yaradır. Əgər onu ermənilər
öldürsəydilər, cəsədini aparıb, təbliğat üçün istifadə
edərdilər.
Mənə elə gəlir ki, Məhərrəmin konfliktdə olduğu insanlar aradan
götürdülər. Yenə də bunlar şübhədir və müzakirə mövzusudur.
O, Milli Qəhrəman adı almalıydı, amma...
Məhərrəm Seyidov Milli Qəhrəman statusunu ölməmişdən qabaq
almalıydı. Məhərrəmi istəməyən insanlar mane oldular. Ona görə də
Məhərrəm Seyidovun fəaliyyəti kölgə altında qaldı, onun adı təbliğ
edilmədi.
"Axar.az"da yayımlanan video ortaya çıxana qədər onlar buna nail
ola bildilər. Ancaq indi o video ortadadır, əsgərləri yəqin ki,
bir-bir bu məsələni eşidib, üzə çıxacaqlar.
Sizə bir söz deyim, Ulu öndərimiz ölümündən sonra onun büstünün
qoyulması haqda göstəriş vermiş, "Azərbaycan" ordeninin verilməsi
və mayor rütbəsi ilə təltif etmişdi. İnanıram ki, Cənab Ali Baş
Komandanımız Məhərrəm Seyidovun layiq olduğu Milli Qəhrəman adını
da ona verəcək.
Əsgər onun övladı idi
Məhərrəm Seyidov çox çılğın idi. O, enerjisini sərf etməyə yer
axtarırdı. Bir gün biz Müdafiə Nazirliyinə gəldik. Çıxanda artıq
gec idi. Komandiri evimizə apardım. Səhərisi gün oğlum birinci
sinfə getməli idi. Dedim, komandir, icazə ver, uşağı ilk dəfə
məktəbə mən aparım. Biz onunla getdik məktəbə. O, məktəbdə elə
çıxış elədi ki, hamı coşmuşdu. Sonra mənə dönüb dedi ki, bu uşağı
hərbçi edəcəyinə söz ver. Mən sözümü tutdum.
İndi oğlum zabitdir...
Evinə kartof göndərmədi
Məhərrəm əsgərlərini övladlarından ayırmırdı. Bir dəfə həyat
yoldaşı mənə dedi ki, bəs, evdə artıq üç gündür kartof yoxdur. Dedi
ki, qoy, heç olmasa özünün ərzaq payını evə göndərsin, heç olmasa,
uşaqlara bir şey hazırlayım. Komandirə dedim... (gözləri dolur)
Dedim, komandir, sənin evində yeməyə çörək yoxdur, öz ərzaq
payını göndər ki, bəs uşaqlar ac qalmasın. Mənə dedi ki, mənim
əsgərim burada nə yeyirsə, uşaqlarım da ondan yeyə bilər. Əsgərimin
kartofu yoxdur, zəhmət çəksin, yoldaşım uşaqlarıma şorba
bişirsin.
O vaxt orduya siçovul kimi daraşmışdılar. Rusdan qalma briqada
idi. Onların əksəriyyəti gizirlər idi. Məhərrəm də onlarla çox
ciddi konfliktlərə girirdi. O, qaravul dəstəsi yaratmışdı və məni
də ora təhkim etmişdi. O, ərzaq anbarlarından bu gizirlərin
oğurluqlarının qarşısını almağa çalışırdı. Bu da çoxlarının xoşuna
gəlmirdi. Bu baxımdan ona çox problem yaradırdılar. O isə heç bir
kəsin haqqını yemirdi...