Yuxarı

İranın hücumunda müəmma: "qisas", yoxsa "qisas oyunu"?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın uzun müddətdir gözlənilən İsrailə hücumu nəhayət, ötən gecə baş tutdu: Tehran PUA-lar, ballistik raketlər, eyni zamanda proksi qüvvələrlə İsrailə zərbə endirməyə çalışdı.

İsrail rəsmi olaraq İranın öz ərazizindən 105 PUA, 36 qanadlı və 185 “yer-yer” ballistik raketi atdığını elan edib. Bildirilir ki, bu hücumla İran məqsədinə çatmayıb, PUA və raketlərin 99%-i vurulub, yeganə cüzi ziyan Nevatim hərbi bazasına dəyib, 11 nəfər yaralanıb.

Yada salaq ki, İsrail İranın Dəməşqdəki konsulluğunun yanındakı binayacəmi 5 raket atmışdı və hədəf tam məhv edilmiş, bina tamamilə dağılmış, SEPAH-ın iki generalı və 5 yüksək rütbəli zabiti ölmüşdü. 5 raketə qarşı üst-üstə 300-dən çox PUA və raketlə, eyni zamanda Hizbullah tərəfindən “dəstək zərbələri” ilə hücum edən İran isə yalnız cüzi zərər verə bilib.

Artıq İran rəsmi şəkildə zərbələri dayandırdığını, “İsrail bir də səhv edərsə”, daha ağır cavab veriləcəyini açıqlayıb. Belə məlum olur ki, İran artıq “cavab verdiyi” iddiasındadır. Amma faktiki olaraq “cavab” və “cavabın nəticəsi” yoxdur.

Maraqlıdır, İran niyə heç bir hədəfinə nail ola bilmədi və yaxud onun belə bir hədəfi var idimi?

1. 1 apreldə İsrailin zərbəsindən sonra İran “lazım bildiyi vaxtda və yerdə” qisas alacağını açıqlamışdı. Ancaq son 2-3 gün ərzində dünyanın əksər ölkələri öz vətəndaşlarına artıq İrana, Yaxın Şərqin bəzi ölkələrinə getməmək çağırışı etmişdilər. Ötən gün isə bu çağırış “ciddi həyəcan” səviyyəsinə qaldırıldı;

2. Beynəlxalq media 2 gündür İranın aprelin 13-ü gecə və yaxud 14-ü sübh tezdən zərbə endirə biləcəyini, PUA və ballistik raketlərdən istifadə edəcəyini yazırdı;

3. İsrail MN 1 apreldə zərbə endirəndən sonra İranın “qisas əməliyyatına” tam olaraq hazır olduğunu 11 gündən sonra - 12 apreldə elan etdi;

4. ABŞ və müttəfiqlərin regionda yerləşən qüvvələri İran raketlərini zərərsizləşdirəcəklərini ötən gün bəyan etdilər;

5. İsrail ötən gün axşam saatlarında artıq havada onlarla qırıcısının “patrul xidməti” apardığını, zərbələri dəf etməyə hazır vəziyyətdə durduğunu rəsmi şəkildə bildirdi və s.

Son məlumatın özü olduqca maraqlıdır. Qırıcılar təhlükə anında havaya qaldırılır, onlarla qırıcı bütün sutka ərzində ölkə səmasında xidmət göstərmir. Demək, İranın zərbə endirəcəyi vaxtdan bir neçə saat öncə İsrailin qırıcıları da (çox güman ki, F-35-lər) havada idi.

İran bu infirmasiyaların əvəzində qəribə addım atdı:

1. Bu qədər “məxfi hərbi sirrin” yayılmasından qətiyyən narahat olmadı, əksinə, “qisas əməliyyatı”nın dəqiq vaxtının ictimai şəkildə yayılmasında sanki maraqlı olduğunu göstərdi;

2. Zərbə endirməyə başlayanda faktı təsdiqlədi, raket və PUA-ları buraxandan sonra isə BMT-dəki nümayəndəsi vasitəsilə “hücumun artıq bitdiyini” elan etdi;

3. İran PUA-larının İsrailə hücum üçün ölkə ərazisindən qalxdığı vaxt üçün ÇAXAL-ın hərbi peyklərdən məlumat əldə etməsinə də ehtiyac qalmadı – elə beynəlxalq medianı izləsələr, yetərli idi. Çünki İran PUA-larının təkcə qalxma deyil, “İsrailə çatma vaxtı” da mediada vardı və bildirilirdi ki, “bir neçə saatdan sonra” İran PUA-ları “mənzil başına çatacaq”.

Beləliklə, İran İsrail hücuma tam hazır olduğunu elan edəndən, ABŞ və müttəfiqlərinin bu zərbələri dəf etmək üçün İsrailə dəstək verəcəyini açıqlayandan sonra hücuma keçdi. Və təsadüfi deyil ki, İran PUA-larının və raketlərinin böyük əksəriyyətinin Suriya ərazisində ikən zərərsizləşdirildiyi haqda İsrail rəsmi açıqlama yayıb.

Bütün bunlar İranın “qisas əməliyyatı” deyil, “qisas oyunu” oynadığı haqda təsəvvürlərin formalaşmasına səbəb olub.

Xatırladaq ki, Qüds briqadasının komandiri Qasım Süleymaninin qətlindən sonra da İranın “qisas əməliyyatı” haqda ABŞ-a məlumat ötürdüyü, hansı bazanı vuracağını bildirdiyi və həmin bazanın zərbədən öncə ABŞ tərəfindən boşaldıldığı haqda təsdiqlənmiş məlumat var.

Eyni prosesin bir ayrı formada təkrarlandığı ehtimal olunur.

Tarix
2024.04.14 / 12:35
Müəllif
Şeyx Teymur
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla