Artıq 20 ildən çoxdur ki, Ermənistan Azərbaycanın ərazi
bütövlüyü və suverenliyinə qarşı güc tətbiq etməkdədir. Ermənistan
Azərbaycan ərazilərinin 20 faizini işğal etmiş və 1 milyondan artıq
azərbaycanlını etnik təmizləməyə məruz qoymuş, Azərbaycan
ərazisində çoxsaylı digər müharibə cinayətləri, bəşəriyyət əleyhinə
cinayətlər və soyqırım törətmişdir. Azərbaycan Respublikasının
ərazi bütövlüyünü təsdiq edən və işğalçı qüvvələrin Azərbaycan
ərazisindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb
edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı
qətnamələrinə Ermənistan açıq şəkildə məhəl qoymur.
Axar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin 2
aprel 2016-cı il tarixindən etibarən intensivləşən Azərbaycan -
Ermənistan silahlı münaqişəsi kontekstində Ermənistan tərəfindən
beynəlxalq humanitar hüququn pozulmasının davam etdirilməsinə dair
məlumatında deyilib.
"2016-cı ilin 2 aprel tarixində səhər erkən saatlardan
başlayaraq Ermənistan münaqişə zonasında hərbi fəaliyyətini
intensivləşdirərək, mülki əhaliyə qarşı müharibə cinayətləri və
bəşəriyyət əleyhinə cinayətlərə bərabər tutulan çoxsaylı aktlar
törətmişdir. Bu müddət ərzində Ermənistan tərəfi Ermənistan və
Azərbaycan silahlı qüvvələrinin təmas xətti boyunca sıx
məskunlaşmış ərazilərdə yaşayan, aralarında qadınlar, uşaqlar və
ahılların da olduğu qeyri-döyüşçü mülki əhaliyə qarşı qəsdən,
sistematik və hədəflənən hücumlar etmişdir. 32 yaşayış məntəqəsinin
bombalanması nəticəsində aralarında 16 yaşdan kiçik 2 uşaq olmaqla
6 mülki şəxs həlak olmuş, 26 şəxs ağır yaralanmışdır. Hücumlar
nəticəsində həmçinin çoxsaylı ictimai və şəxsi mülkiyyətə, o
cümlədən mülki infrastrukturlara ciddi ziyan dəymişdir. 232 fərdi
yaşayış evi, 99 elektrik dirəyi, 3 elektrik yarımstansiyası,
kilometrlərlə su və qaz boruları dağıdılıb. Məktəblər, xəstəxanalar
və ibadət yerləri də daxil olmaqla sosial müəssisələrə Ermənistan
silahlı qüvvələri tərəfindən idarə olunan raket zərbələri
endirilib. 1 məscid ibadət zamanı yüksək kalibrli artilleriya
mərmiləri ilə vurulub. Hücumların nəticələrinə dair
06 aprel 2016-cı il tarixinə olan müvafiq
məlumat əlavə olunur.
Ermənistanın qeyd olunan cinayətkar əməlləri beynəlxalq
humanitar hüququn, xüsusən də 1949-cu il Cenevrə Konvensiyaları və
onlara əlavə protokolların, eləcə də Silahlı münaqişələr zamanı
mədəni obyektlərin mühafizəsinə dair 1954-cü il Haaqa
Konvensiyasının müddəalarının kobud şəkildə pozulmasıdır. Mülki
əhaliyə qarşı törədilmiş bu qəsdli hücumlar nəticəsində çoxlu sayda
mülki şəxs özünün yaşamaq, sağlamlıq, təhsil və dini etiqadların
yerinə yetirilməsi kimi fundamental hüquqlarından məhrum
edilib".
Nazirlik bildirib ki, Ermənistan tərəfindən ölkəmizin ərazi
bütövlüyü və suverenliyinə qarşı güc tətbiq edilməsinin qarşısının
alınması və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri
daxilindəki mülki əhali və əmlakın təhlükəsizliyinin təmin edilməsi
üçün Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görməkdədir:
"Azərbaycan dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə
çatdırıb ki, regionda hökm sürən gərginliyin başlıca səbəbi
Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində
qeyri-qanuni mövcudluğudur. Ermənistanda bir qrup müharibə canisi
tərəfindən idarə olunan hazırkı hərbi diktatura rejiminin son
əməlləri beynəlxalq sülh və təhlükəsizlik, eləcə də sivil dünyanın
önəm verdiyi dəyərlər üçün ciddi təhlükə təşkil edir. Azərbaycan
Respublikası beynəlxalq ictimaiyyəti Ermənistanı beynəlxalq
humanitar hüququ kobud şəkildə pozduğuna görə ittiham etməyə
çağırır. Azərbaycan regionda sülh və ədalətin təmin edilməsi üçün
səylərini əsirgəməyəcək".