Yuxarı

Gürcüstan Prezidenti Qax rayonunda - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstan Prezidenti Qax rayonunda - Foto

Fevralın 13-də Qax rayonuna gələn Gürcüstan Prezidenti Georgi Marqvelaşvili əvvəlcə Qaxingiloy kəndində yerləşən "Müqəddəs Georgi" kilsəsini ziyarət edib.

Ali qonağın diqqətinə çatdırılıb ki, XVIII əsrin sonlarında inşa edilmiş bu ibadətgahda dini ayinlərin icrası üçün hər cür şərait yaradılıb. Kilsə yerli əhəmiyyətli tarixi abidə kimi dövlət tərəfindən qorunur.

Prezident Georgi Marqvelaşvili kilsədə şam yandırıb, ianə verib, abidənin həyətində kənd sakinləri ilə görüşmüş, yerli musiqiçilərin ifasında gürcü xalq musiqisini dinləyib.

Sonra Gürcüstan Prezidenti "El Resort" otelinin Konfrans Mərkəzində rayonun gürcü əhalisi ilə görüşüb.

Konfrans zalında gürcü ictimaiyyətinin nümayəndələri ilə səmimi görüşən Prezident Georgi Marqvelaşvili Qax rayonuna səfərindən, gürcülərlə görüşündən məmnun qaldığını bildirib, rayon əhalisinin yaşayış səviyyəsinin yüksək olduğunu qeyd edib. Prezident İlham Əliyevlə görüşünün çox səmərəli keçdiyini vurğulayan Gürcüstan Prezidenti, yüksək qonaqpərvərliyə görə bir daha Azərbaycan Prezidentinə minnətdarlığını bildirib, bu səfərin ikitərəfli əlaqələrin, ölkələrimiz arasındakı dostluq münasibətlərinin daha da möhkəmlənməsinə böyük töhfələr verəcəyinə əminliyini ifadə edib.

Görüşdə çıxış edən gürcü millətinin nümayəndələri burada Azərbaycanın tam hüquqlu vətəndaşları olduqlarını, heç vaxt ayrı-seçkilik hiss etmədiklərini, rahat, əmin-amanlıq şəraitində yaşadıqlarını bildiriblər.

Məlumat verilib ki, Qax rayonunda 7 min nəfərdən artıq gürcü yaşayır. Rayonda milli azlıqların adət-ənənələrinə həmişə hörmətlə yanaşılır, dini tolerantlıq yüksək səviyyədədir. Gürcülərin yaşadıqları kəndlərdə 6 ümumtəhsil məktəbi, 6 məktəbəqədər tərbiyə müəssisəsi, 11 mədəniyyət müəssisəsi, 1 sahə xəstəxanası, 2 həkim və 1 tibb məntəqəsi, habelə Əlibəyli kəndində Gürcü Dövlət Dram Teatrı fəaliyyət göstərir. Rayonda yaşayan digər xalqlar kimi, gürcülər də Azərbaycan Prezidenti İlham Əliyevin siyasətini ürəkdən bəyənir və dəstəkləyirlər.

Görüşdə Azərbaycan və gürcü xalqlarının çoxəsrlik dostluq və mehriban qonşuluq münasibətlərinin daha da möhkəmləndirilməsində belə görüşlərin əhəmiyyəti xüsusi vurğulanıb.

Sonra Gürcüstan Prezidenti gürcülərin yaşadığı Meşəbaş kəndinə gəlib, yeni tikilmiş məktəb binası ilə tanış olub. Ali qonağın diqqətinə çatdırılıb ki, kənd məktəbinin binası 2012-ci ilin mayında bölgədə baş vermiş zəlzələ zamanı qəzalı vəziyyətə düşmüşdü. Zəlzələdən zərər çəkmiş digər məktəblər kimi, Meşəbaş kənd məktəbi üçün də Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq qısa müddətdə hər cür şəraiti olan yeni bina tikilib istifadəyə verilib.

Gürcüstan Prezidenti məktəbin sinif otaqlarını gəzmiş, yaradılan şəraitlə tanış olmuş, uşaq bağçasında tərbiyə alan balacalarla görüşüb. Məktəbin müəllimləri və valideynlər kənddə belə gözəl təhsil ocağının binasının istifadəyə verilməsini Azərbaycan və gürcü xalqları arasında əbədi dostluq münasibətlərinin bariz nümunəsi olduğunu bildiriblər.

Prezident Georgi Marqvelaşvili Qax rayonundan xoş təəssüratlarla ayrılıb.

Bununla da Gürcüstan Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb. Qəbələ Beynəlxalq Aeroportundan yola salınan Prezident Georgi Marqvelaşviliyə xatirə hədiyyəsi təqdim edilib. (Trend)

Tarix
2014.02.13 / 22:12
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp Uitkoffun Azərbaycanla bağlı məqaləsini paylaşdı

Qərargaha soxulub, Elçibəyi də, məni də vurdular - Video

İlham Əliyev Melonini təbrik etdi

Ermənistan prezidenti Azərbaycanla sülhdən danışdı

Bu halda Azərbaycan 500 milyon manat qazanacaq

Bakıda mühüm konfrans başa çatdı: Bəyanat qəbul edildi

İlham Əliyevlə bunlar müzakirə edildi - Paşinyan

Heydər Əliyevin Naxçıvanla bağlı gördüyü işlər...

Bayramov ATƏT PA-nın prezidenti ilə görüşdü

Ermənistandan Azərbaycana ilk ixrac artıq baş tutdu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla