Bu gün Yeni Yasamalda, Dadaş
Bünyadzadə küçəsi-15, mənzil 76 ünvanında partlayış baş
verib.
"Axar.az"ın FHN-nin rəsmi saytına istinadən
verdiyi məlumata görə, partlayış çoxmərtəbəli yaşayış binasının
15-ci mərtəbəsində yerləşən mənzilin hamamında qaz sızması
nəticəsində baş verib.
Nicat Bədəlova məxsus mənzildəki partlayış nəticəsində
aynabəndin şüşələri və dəmir barmaqların bir qismi dağılaraq həyətə
tökülüb.
Mənzildə olan 1984-cü il təvəllüdlü Bədəlova Firuzə Tofiq qızı
və 2010-cu il təvəllüdlü azyaşlı Bədəlova Zəhra Nicat qızı
partlayışın təsirindən psixi sarsıntı keçirib. Hadisə yerinə
çağırılmış Təcili Tibbi Yardım stansiyasının əməkdaşları
zərərçəkmiş şəxslərə tibbi yardım göstərib.
Hadisə yerində olan "Azəriqaz" QSC əməkdaşları binaya qazın
verilməsini dayandırıb. Bundan sonra xilasedicilər mənzilə daxil
olaraq eyvanın təhlükə yaradan pəncərələrini və dəmir
barmaqlıqlarını kəsib zərərsizləşdiriblər.