Aprelin 2-də başlanan hərbi
əməliyyatlar uzun illərdən sonra xalqda böyük bir ruh yüksəkliyi,
döyüş əzmi yaratdı. Başlanan hərbi əməliyyatların məhz Kəlbəcərin
işğal gününə təsadüf etməsi də insanlarda torpaqları azad etmək
istəyi, döyüşə atılmaq həvəsinin baş qaldırmasına səbəb
oldu.
Milli Qəhrəman Məhəmməd Həsənov Modern.az saytına açıqlamasında deyib ki,
gələcəkdə başlanacaq hərbi əməliyyatların Şuşanın, Laçının və başqa
işğalda olan rayonlarımızın işğal tarixinə təsadüf etməsi böyük
uğur olardı:
"Aprelin əvvəlində başlanan hərbi əməliyyatların Kəlbəcərin
işğal günlərinə təsadüf etməsi məni çox sevindirdi. Mən arzu edirəm
ki, yenidən daha geniş miqyaslı hərbi əməliyyatlar Laçının, Şuşanın
və başqa rayonların işğal günlərində baş tutsun. Onda
torpaqlarımızın işğal tarixlərini qələbələrimizlə əvəzləyərik.
Mən döyüşlərdə Talış kəndinin iki dəfə alınmasında iştirak
etmişəm. O zaman erməni ordusunun başını əzib onları yerlə yeksan
etmişik".
Məhəmməd Həsənov köhnə döyüşçü kimi ordumuza hər zaman
bələdçilik etməyə hazır olduğunu söyləyib:
"Qarabağı beş barmağım kimi tanıyıram. Bu gün də gedib oralarda ordumuza kömək,
bələdçilik etməyə, vuruşmağa hazıram. Onlar çox qudurublar. Ermənilərin ağızlarını
əymək, başlarını əzmək lazımdır".
Keçmiş döyüşçü düşünür ki, bu gün xalqımızda yüksək döyüş
əhval-ruhiyyəsi var:
"Bu gün xalqımızda döyüş əhval-ruhiyyəsi çox yüksək
səviyyədədir. Talışda gedən əməliyyatlarda ora baş çəkdim.
Əsgərlərin əhval-ruhiyyələri yüksək səviyyədədir. Təsəvvür edin ki,
1992-ci ildə gördüyüm əhval-ruhiyyə indi də var. Ancaq əməliyyatlar
çox tez dayandı. Ali Baş Komandanımız nə zaman lazım bilib əmr
versə, biz də hazırıq", -
Məhəmməd Həsənov bildirib.
Milli Qəhrəman Maşallah Abdullayev də döyüşçü yoldaşı Məhəmməd
Həsənov kimi düşünür. Maşallah
Abdullayev deyib ki, başqa işğal altında olan rayonlarımızın işğal
günlərində yenidən irəli atılmalıyıq:
"Aprelin əvvəli Kəlbəcərin işğalı günləri ordumuz hərbi
əməliyyatlarda uğurlar əldə etdi. Arzu edirəm ki, Laçınının,
Şuşanın, Cəbrayılın işğal günlərində əməliyyatları başlayıb
düşmənin başını əzək, torpaqlarımızı tam azad edək. Ermənilər
gündən-günə daha da çox atmağa başlayırlar. Tapqaraqoyunlu kəndi
bizə çox yaxındır. Hər gün müşahidələr aparıram. Talış
istiqamətində Ağ Uçuq meşəsindən snayperləri, iri çaplı pulemyotlar
işləyir. Onlar yenə də silahı yerə qoymayıblar, təxribatlarla
məşğuldurlar".
Maşallah Abdullayev hesab edir ki, belə getsə, tez bir zamanda
yenidən hərbi əməliyyatlar başlanacaq:
"Mən elə bilirəm ki, tez bir zamanda torpaqlarımız geri
qaytarılmasa, biz yenidən hərbi əməliyyatlara başlayacağıq. Düzdür,
itkilərimiz olacaq, amma geri almalıyıq. Biz bunu neçə illərdir
gözləyirik. Biz yenidən, bir daha hərbi əməliyyatlara başlamalıyıq.
Çünki torpaqlarımız bizi gözləyir. Erməni bizlə bacarası deyil. Bu qədər yüksək
ruhlu döyüşçülərlə ermənini məhv edərik.
Ali Baş Komandanımızın əmrini gözləyirik. Ermənilər bizdən
qorxurlar. Atəşkəs əldə olunmasına baxmayaraq, ermənilər hər gün
atəşkəsi pozurlar. Belə getsə, əlbəttə ki, hərbi əməliyyatlar
qaçılmaz olacaq".
Milli Qəhrəman Vahid Quliyevin
fikrincə, torpaqların işğaldan azad etmək üçün hansısa xüsusi günə
ehtiyac yoxdur: "Biz bu gün çalışırıq ki, sülh və diplomatiya yolu
ilə torpaqlarımız işğaldan azad edilsin. Son hadisələr erməni
tərəfinin təxribatlarının qarşısını almaq üçün atılan addımlar
idi. Bu o demək deyil ki,
biz hər işğal günləri qarşı tərəfə hücum edəcəyik.
Təbii ki, torpaqlarımı sülh yolu
ilə azad olunmasa, hər hansı gündən asılı olmayaraq,
Prezidentimizin əmri ilə döyüşə atılmağa hazırıq. Ordumuz da, mülki
əhalimiz də bu günü çoxdan gözləyir və buna həmişə
hazırıq".