Ana səhifə Gündəm |
Bu gün Müdafiə naziri general-polkovnik Zakir Həsənovun
rəhbərliyi ilə nazir müavinləri, Silahlı Qüvvələr və qoşun növü
komandanları, eləcə də birlik komandirlərinin iştirakı ilə xidməti
müşavirə keçirilib.
Axar.az xəbər verir ki, əvvəlcə ümummilli liderimiz Heydər
Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad
edilib. Sonra aprel ayının əvvəllərində Ermənistan silahlı
qüvvələrinin təxribatları nəticəsində baş verən döyüş
əməliyyatlarının nəticələri təhlil edilərək konkret tapşırıqlar
qoyulub və tövsiyələr verilib. Toplantıda çıxış edən Müdafiə naziri
bildirib:
"Silahlı Qüvvələrimizin həyata keçirdiyi əks-həmlə zərbələri
zamanı bölmələrimizin fəaliyyəti ölkə rəhbəri, Ali Baş Komandan
İlham Əliyev tərəfindən yüksək qiymətləndirildi. Dövlətimizin və
xalqımızın diqqət və qayğısı sayəsində ordumuz bu uğura nail
oldu.
Ermənistan 20 ildən artıqdır ki, torpaqlarımızı işğal edib və
ölkəmizə qarşı yeni ərazi iddiaları ilə çıxış etməkdən əl çəkmir.
Bu ölkənin cinayətkar rejimi bütün beynəlxalq norma və prinsiplərə
məhəl qoymur, hər bir imkandan istifadə edərək xalqımıza qarşı
təxribatlar törətməyə çalışır. Bu istiqamətdə ermənipərəst qüvvələr
də ölkəmizə qarşı təzyiqlərdən çəkinmirlər. Ermənilərin dinc
əhaliyə və təmas xəttindəki yaşayış məntəqlərimizə qarşı törətdiyi
son əməllərinə Ordumuz tutarlı cavab verdi. Vacib əhəmiyyətə malik
yüksəklikləri azad edərək nəzarətə götürməklə cəbhəboyu zonada
yerləşən yaşayış məntəqələrimizin təhlükəsizliyini tam təmin etmiş
olduq.
Bununla belə, düşmən təxribatlarına qarşı cavab tədbirləri
görməyə hər an hazır olmalıyıq. Şəhid ailələrinə və yaralılara
hərtərəfli diqqət və qayğı göstərilməli, onların problemləri digər
icra strukturları ilə qarşılıqlı əlaqədə həll edilməlidir.
Biz bu döyüşlərdə Silahlı Qüvvələrimizin döyüş təcrübəsini
təkmilləşdirərək şəxsi heyətin qələbə əzmini daha da yüksəltdik.
Xalqımızın Orduya inamı artdı və vətənpərvərlik ruhunun
yüksəlməsinə təkan verildi".
Ümummilli liderimiz Heydər Əliyevin məşhur kəlamını xatırladan
Müdafiə naziri Silahlı Qüvvələrimizin nəyin bahasına olursa-olsun
ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinə hazır olmasını şəxsi
heyətin diqqətinə çatdırdı.
"Bunu bizdən dövlətimiz gözləyir və xalqımız tələb edir. Bunun
üçün bütün imkanlarımz var. İqtisadi, maddi, hərbi, demoqrafik və
digər sahələrdə ehtiyatlarımız düşməndən qat-qat üstündür. Əsgərdən
tutmuş generaladək, hər birimiz torpaqlarımızın azad edilməsi
yolunda üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirərək
döyüşlərə hazır olmalıyıq", - deyə Müdafiə naziri qeyd
edib.
Müdafiə nazirinin çıxışından sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı xidməti vəzifələrini layiqincə yerinə yetirən bir qrup hərbi qulluqçununn təltif olunması barədə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları və Müdafiə nazirinin əmrləri şəxsi heyətə çadırıldı, təltif olunan hərbi qulluqçulara mükafatlar təqdim edildi.
Müşavirənin sonunda Müdafiə naziri qoşunların döyüşə hazırlıq səviyyəsinin və idarəetmə orqanlarının fəaliyyətinin hərtərəfli yoxlanılmasına dair Baş Qərargaha müvafiq tapşırıqlar verdi.
Tarix
2016.04.23 / 16:29
|
Müəllif
Axar.az
|