Burada oturub boş-boş danışmaq, mənasız müzakirələr
aparmaq, mübahisələr etmək əvəzinə Dağlıq Qarabağ rəhbərliyini və
oradakı deputatları dəvət etməli, cəbhədəki vəziyyəti müzakirə
etməliyik.
Milli.az xəbər verir ki, Ermənistan Rifah
Partiyasından olan deputat Zaiuri Postancyan ölkə parlamentindəki
çıxışında belə deyib.
Daha sonra o, Ermənistan parlamentinin deputatlarını "yetərincə
vətənpərvər olmamaq"da suçlayıb.
Parlamentin vitse-spikeri Ermine Nağdalyan müxalifətçi deputatın
çıxışından sinirlənib: "Demaqoqluq etməyin! Burada kimsənin
vətənpərvərliyi sizdən az deyil. Dediyiniz məsələ əslində
Azərbaycanın dəyirmanına su tökməkdir. Məntiqsiz danışmayın,
zərərli təkliflərlə çıxış etməyin".
Parlamentin diger vitse-spikeri Eduard Şarmazanov da
Z.Postancyanın təklifinə qarşı çıxıb.
"Dağlıq Qarabağdakıların buraya gəlmələrinə və hesabat
vermələrinə qarşıyam. Belə istəyirsiniz, özünüz Dağlıq Qarabağa
yollanın, orada görüşün, müzakirələr aparın", - E.Şarmazanov
söyləyib.
Bu cavablardan çılğına dönən Z.Postancyan səs tonunu artıraraq
söyləyib:
"Dağlıq Qarabağda, cəbhə xəttində vəziyyətin dəyişdiyini,
ümumiyyətlə, Dağlıq Qarabağla bağlı situasiyadakı dəyişiklikləri
görəməmk üçün kor və lal olmaq gərəkdir. Burada susanlar, heç nə
etmək istəməyənlərdir Azərbaycanın dəyirmanına su tökənlər!"
Vitse-spiker Ermine Nağdalyan əsəblərini güclə cilovlayaraq
cavab verib:
"Hörmətli millət vəkili Postancyanın nəzərinə çatdırmaq
istəyirəm ki, cır səslə qışqırmaq onun cazibəsini artırmır.
Ermənistan əraziləri boş-boşuna verməyəcək, sülhməramlılar da
dərhal Qarabağa yerləşdirilməyəcək. Hörmətli Postancyan düşünürsə
ki, əgər səsini qaldırmasa, qışqırmasa, ərazilər Azərbaycana
veriləcək - yanılır. Gərəkli məlumatları alacaqsınız. Açıq qapını
sındırıb içəri keçməyə çalışmağa lüzum yoxdur".