Yuxarı

COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) başa çatdı. Azərbaycan qlobal iqlim problemlərinin müzakirəsinə həsr olunmuş tədbirin ən yüksək səviyyədə təşkili üçün üzərinə düşən işi həyata keçirdi.

Bakı COP29-un təşkili ilə qlobal nümunə yaratdı. Tədbirin təşkilinə görə Azərbaycana təşəkkür qətnaməsinin qəbul edilməsi bunun təsdiqidir. COP29-da Azərbaycanın ev sahibi kimi üzərinə düşən öhdəliklərlə yanaşı, dünya ölkələrinin, xüsusilə inkişaf etmiş Qərb ölkələrinin də öhdəlikləri vardı. Bu, qlobal iqlim problemlərinin qarşısının alınmasına töhfənin verilməsindən ibarətdir və əsas məsələ məhz maliyyələşmənin təmin edilməsidir.

Hələ 2009-cu ildə Kopenhagendə keçirilən COP15-də iqlim sazişinin tərəfləri 2020-ci ilə qədər iqlim problemlərinin həllinə hər il olmaq şərti ilə 2020-ci ilə qədər 100 milyard dollar vəsaitin ayrılması üzərində razılaşdı. 2015-ci ildə COP29-un keçirildiyi Parisdə razılaşmaya yenidən baxıldı və qərar qəbul edildi ki, hər il 100 milyard dollar maliyyənin ayrılması 2025-ci ilə qədər davam etsin. Bu maliyyə inkişaf etmiş ölkələr tərəfindən inkişaf etməkdə olan ölkələrə ayrılmalıdır, çünki iqtisadi imkanları geniş olan ölkələrin bu inkişafı dünyada iqlimin korlanması hesabına başa gəlir və bundan inkişaf etməkdə olan ölkələr də əziyyət çəkir. Bu halda inkişaf etmiş ölkələr ekoloji mühitə vurduqları zərərin qarşısını almaq üçün maliyyə də xərcləməlidir.

BMT-nin Çərçivə Konvensiyasına əsasən iqlim maliyyəsi 24 ölkə tərəfindən – ABŞ, Avstraliya, Kanada, AB-yə üzv bəzi ölkələr, Finlandiya, İrlandiya, Böyük Britaniya, İsveç, İsveçrə, İslandiya, Yaponiya, Yeni Zelandiya – ödənməlidir. Bu, Kopenhagen razılaşmasına uyğun müəyyən edilən ölkələrdir, lakin həmin razılaşmadan ötən müddət ərzində bir çox ölkə - Çin, Hindistan, Səudiyyə Ərəbistanı və s. iqlim maliyyəsinə qoşula biləcək səviyyədə inkişaf edib. Belə ölkələrin də maliyyələşmədə iştirakı gündəmdədir. Amma 2009-cu ildən indiyə qədər iqlim maliyyəsi məsələsi COP çərçivəsində ən çox müzakirə edilən və razılaşdırılmayan mövzuya çevrilib. Səbəb sadədir: ABŞ başda olmaqla Qərb ölkələri üzərlərinə götürdükləri öhdəliklərdən müxtəlif bəhanələrlə imtina edir, yaxud bu öhdəlikdən yayınmaq üçün diqqəti iqlim problemlərinə dəxli olmayan məsələlərin üzərinə yönəltməyə çalışırlar. COP29 çərçivəsində Azərbaycanla bağlı həyata keçirilən qarayaxma kampaniyasında bu fakt əyani şəkildə ortaya çıxdı.

COP29-da maliyyə məsələsinin həlli ilə bağlı böyük gözləntilər vardı. Bu, həm də Paris razılaşmasının 10 illiyinə - COP30-a mühüm razılaşma ilə getmək baxımından əhəmiyyətli idi. Azərbaycan razılaşmanın əldə edilməsi üçün üzərinə düşən bütün işləri həyata keçirdi də. Gözləntilərə görə, ən azı 1 trilyon dollarlıq maliyyə razılaşması olmalı idi. Əslində hesablamalara görə, iqlim problemləri ilə mübarizəyə 6-13 trilyon dollarlıq maliyyə paketi lazımdır. BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) isə minumum hesablama ilə bu məbləği 1,55 trilyon dollar civarında müəyyənləşdirib. Bakıda bununla bağlı razılaşmanın əsası qoyulmalı idi. Lakin nə baş verdi?

- Qərb ölkələri cəmi 250 milyard dollarlıq maliyyə vəsaitini irəli sürdü və bunu COP29-un sonuncu günü ortaya atmaqla əlavə müzakirələrin aparılması imkanını məhdudlaşdırdılar;

- Əvəzində Azərbaycana qarşı Qərbdən qaynaqlanan genişmiqyaslı kampaniya həyata keçirildi: bu, həm COP29 tədbirindən öncə, həm də tədbirin davam etdiyi vaxt baş verdi, davam edəcəyi gözləntisi də var. Məqsəd COP29-da razılaşmanın əldə edilməməsinə görə məsuliyyətdən yayınmaqdır.

COP29 üzərindən Azərbaycana qarşı aparılan kampaniyanı analiz etdikdə sifarişçilər, təşkilatçılar, iştirakçılar və hədəflər aydın şəkildə ortaya çıxır.

Birinci hədəf COP29-da maliyyə razılaşmasının qarşısını almaq idi: 1 trilyon dollarlıq razılaşma gözlənildiyi halda, bunun cəmi 250 milyard dollarla məhdudlaşdırılması iqlim sazişinə qoşulan inkişaf etmiş ölkələrə, xüsusilə Qərb ölkələrinə sərf edir, çünki inkişaf etməkdə olan ölkələrə ayrılacaq maliyyəni məhz onlar təmin etməlidirlər. Qərb COP29-da razılaşmanın əldə edilməməsi məqsədilə tədbir ərəfəsində və Bakıda müzakirələrin getdiyi vaxt Azərbaycana qarşı qlobal iqlim məsələsinə aid olmayan qondarma ittihamlarla kampaniyaya start verdi. Bu, iki məqsədə xidmət edirdi:

- Diqqəti iqlim problemlərinə aid olmayan məsələlərə yönəltmək, bununla maliyyə öhdəliklərinin yerinə yetirilməsini arxa plana keçirmək;

- İqlim maliyyəsi üzrə razılaşmanın əldə edilməməsinin məsuliyyətini Azərbaycanın üzərinə qoymaq, halbuki, Bakının əsas missiyası tədbirə ev sahibliyi etmək idi.

Azərbaycanın “neft-qaz ölkəsi” olması, “insan haqları”, “demokratiya”, “siyasi məhbus” kimi COP29-a aidiyyəti olmayan iddiaların məqsədyönlü şəkildə gündəmdə saxlanılması da buna hesablanmışdı.

İkinci hədəf enerji bazarında maraqların təmin edilməsi və rəsmi Bakının üzərinə öhdəliklər qoymaq idi: COP29 fonunda Azərbaycana neft-qaz məsələsi üzərindən edilən hücumlar enerji bazarında pərdəarxası mübarizədən qaynaqlanırdı. Məqsəd Azərbaycana təzyiq etmək və enerji resurslarının bazara çıxarılması ilə bağlı üzərinə qeyri-real öhdəliklər qoymaqdır. Görünür, Avropanın enerji bazarında maraqları olan ölkələr-tərəflər COP29-u Bakıya hücum üçün fürsət olaraq görürmüşlər. Misal üçün, “Politiko” nəşrində Azərbaycanın enerji resursları ilə bağlı yayılan iddialar da buna hesablanmışdı.

Üçüncü hədəf rəsmi Bakını İrəvanla öz maraqlarına uyğun olmayan sülh sazişini imzalamağa məcbur etmək idi: COP29 ərəfəsində sülh sazişinin imzalanması gündəmə gəlmişdi, Azərbaycan da buna razı idi. Hərçənd, Ermənistan əvvəlcə bundan imtina etsə də, daha sonra COP29-un sülh sazişinin imzalanması üçün “qaçılmaz fürsət” olaraq təqdim etməyə başladı. Bu, ABŞ-ın – Bayden Administrasiyasının sülh sazişinə dair təqdim etdiyi gündəlikdən qaynaqlanırdı. Bayden COP29 ərəfəsində sülh sazişinin Vaşinqtonda imzalanmasına nail olmaqla həm seçkilərdə demokratların xal qazanmasına, həm də özünün tarixə “sülhə nail olan lider” kimi düşməsinə çalışırdı, hətta “topal ördəy”in planında buna görə Nobel mükafatını almaq da vardı. Tələsik sülh planı İrəvanın maraqlarına uyğun gəlirdi, çünki bu halda sülh sazişi layihəsindəki razılaşdırılmış maddələr əsas götürüləcək, Bakının haqlı tələblərinin əks olunduğu razılaşdırılmayan maddələr – misal üçün, Ermənistan Konstitusiyasının dəyişdirilməsi, Müstəqillik Bəyannaməsindən imtina və s. – arxa plana keçəcəkdi. Cənubi Qafqazın həlledici gücü olan Azərbaycan təbii ki, bütün təzyiqlərə rəğmən, milli maraqların əleyhinə olan bu planı qəbul etmədi. Azərbaycana qarşı təzyiqlərin arxasında bu planlar da dayanır.

Dördüncü hədəf erməni maraqlarının təmin edilməsi idi: Bu planın əsasını iki məqsəd təşkil edir:

1. Bakıda həbsdə olan separatçıların – Ruben Vardanyan, Araik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan və digərləri – azad edilməsi;

2. Ermənilərin Qarabağa yenidən qayıdışını onların maraqlarına uyğun formada təmin etmək, separatizm yuvasını bərpa etmək və bundan regional maraqlarının təmin edilməsində rıçaq olaraq istifadə etmək.

Hələ avqust ayında Ermənistanda bu hədəfə hesablanan kampaniyaya start veriləcəyinin anonsu edilmişdi. Avropa İnsan Haqları Məhkəməsində “erməni hərbi əsirlərin” (söhbət separatçılardan gedir) maraqlarını təmsil edən erməni hüquq müdafiəçisi Siranuş Saakyan 17 avqyst tarixində verdiyi açıqlamada bildirirdi ki, COP29 zamanı həbsdə olanların (separatçıların) azad edilməsi üçün erməni diasporu Azərbaycana qarşı kampaniyaya başlamalıdır.

“Azərbaycana qarşı kampaniya sentyabr-oktyabr aylarında başlayarsa, effektiv ola bilər. Əgər bir sıra beynəlxalq tərəfdaşlar bu kampaniyaya qoşulsalar və COP-29 tədbirində iştirak üçün ilkin şərt kimi ermənilərin geri qaytarılmasını irəli sürsələr, Azərbaycan təzyiqlə üzləşəcək və “erməni əsirləri” azad edəcək”, - o deyirdi.

Bu çağırışa digər erməni siyasətçilər və hüquq müdafiəçiləri də qoşuldu. Əsas tezis belə idi: “Bakıda həbsdə olanların (separatçılarnı – red.) azad edilməsi üçün COP-29-a qədər Azərbaycana qarşı beynəlxalq təzyiqi gücləndirmək, beynəlxalq ictimaiyyətin diqqətini insan haqlarının pozulmasına yönəltmək imkanları var. Diaspordakı soydaşlarımız beynəlxalq təzyiqi artırmalı, həmçinin, hökumətlərə təsir etmək üçün informasiya kampaniyası aparmalı, müxtəlif təşkilatların diqqətini bu mövzuya yönəltməlidir”.

Sentyabr ayından etibarən erməni diasporu/lobbisi Azərbaycana qarşı eyni iddialarla – “insan haqları”, “siyasi məhbuslar” və s. genişmiqyaslı kampaniyaya start verdi. İlk addımı atan ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben (Benjamin) Kardin idi. Erməni lobbisinin ən fəal üzvlərindən olan Kardin Qarabağda separatizm yuvasının saxlanılması üçün canfəşanlığı ilə tanınır. Daha sonra beynəlxalq mediada Ruben Vardanyan başda olmaqla, separatçıların azad edilməsi ilə bağlı irihəcmli materiallar və çıxışlar tirajlanmağa başlandı.

Oktyabrın əvvəlində 60 ermənipərəst konqresmen və senator Bayden Administrasiyasından COP29 ərəfəsində Azərbaycana qarşı sanksiya tətbiq etməyi tələb edən müraciət imzaladı. Müraciətin mətnində Bakıda həbsdə olan separatçılar “erməni əsilli siyasi məhbus” adlandırılır, onların azad edilməsi və ermənilərin Qarabağa qayıdışının təmin edilməsi əksini tapırdı. Bu məqsədlə rəsmi Bakıya təzyiq edilməsi çağırışı edilirdi. Bu müraciəti sifariş edənin əslində Bayden Administrasiyası olduğuna dair məlumatlar var. Prezident İlham Əliyev də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında çıxışı zamanı “O müraciətə baxdıqda mən təxmin etdim ki, bunun müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Amma məndə bir zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır. Yəni özləri özlərinə məktub yazırlar, bizi hədələmək üçün, bizi ittiham etmək üçün” açıqlaması ilə bunun mesajını verdi. Sonrakı günlərdə eyni məqsədə heablanan kampaniya müxtəlif elementlərlə zənginləşdirilərək, davam etdirildi.

Baş verənlər COP29 üzərindən Azərbaycana qarşı aparılan kampaniyanın hədəflərinin nə olduğunu anlamağa imkan verir. Sifarişçilərin və iştirakçıların hansı qüvvələr olduğu da göz önündədir: Vaşinqtondan Avropaya qədər uzanan coğrafiyada Azərbaycana qarşı olan qüvvələr və erməni diasporu/lobbisi.

Hərçənd, Azərbaycana qarşı olan şəbəkə təkcə xarici oyunçularla məhdudlaşmır, daxildə olan qüvvələr də bu prosesdə aktiv şəkildə iştirak edirdilər. AXCP sədri Əli Kərimli şəbəkənin daxili qanadında əsas fiqur kimi çıxış edir. Onun “Ekonomist” (The Economist) nəşrində COP29-un Azərbaycanda keçirilməsinə qarşı yayımlanan məqaləsi belə faktlardan biridir. Maraqlıdır ki, bu məqalənin Əli Kərimlinin adından yayımlandığı, əsl müəllifin isə nəşrin əməkdaşı Arkadi Ostrovski olduğu haqda məlumatlar var. Arkadi Ostrovski ermənilərə xüsusi simpatiyası ilə tanınır. İkinci fakt Əli Kərimlinin erməni lobbisinin üzvü Ben Kardinin Azərbaycana qarşı çağırışını və 60 ermənipərəst konqresmenin erməni maraqlarının müdafiəsi məqsədilə Bakıya sanksiya tələbini əks etdirən müraciətini xüsusi “sevinclə” qarşılamasıdır. Qərbdən maliyyələşən media resursları və “ictimai fəal” adı altında fəaliyyət göstərən şəxslər də Azərbaycana qarşı kampaniyanın daxili mərhələsini həyata keçirirdilər. Tiflisdə “iqlim fəalı” Qreta Tunberqin rəhbərliyi ilə keçirilən aksiyada erməni fəallarına Azərbaycandan olan “fəalların” da qoşulması, Vəfa Nağı kimilərin xüsusi aktivlik nümayiş etdirməsi də bu planın tərkib hissəsi idi.

Azərbaycana qarşı hibrid müharibəni xatırladan bu hücum kampaniyası nəticə vermədi. Bakı COP29-a ləyaqətlə ev sahibliyi etdi və üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməklə bəşəriyyətin xilasına mühüm töhfə verdi. COP29-da gözlənilən nəticənin əldə edilməməsi isə Qərb ölkələrinin öhdəliklərindən qaçması və prosesi pozmağa hesablanmış təxribat fəaliyyətlərindən qaynaqlanır. Bir daha aydın oldu ki, qlobal iqlim problemi bu ölkələr üçün iddia etdikləri qədər əhəmiyyətli deyil, onları siyasi və iqtisadi maraqları daha çox düşündürür, nənki dünyamızın hər keçən gün fəlakətə sürüklənən iqlimi...

Tarix
2024.11.24 / 07:00
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Pezeşkian Moskvaya gedir: Rusiya ilə saziş imzalayacaq

Əlcəzair liderindən Əliyevə: Bu ağrılı sınaqdan...

Təyyarəmizi vuran "Pantsir-S" sistemi nədir, necə işləyir?

Məlikovdan Əliyevə: Sizinlə birlikdə kədərlənirik...

Təyyarə qəzası necə baş verib? - Nazir danışdı

Pilotlar təyyarəni dənizə niyə endirməyiblər? - Video

Ukrayna təyyarə qəzası ilə bağlı açıqlama yaydı

Təcili: AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - Video

“Qara qutu"nun incələnməsinə başlanıldı

Xaricdəki Azərbaycan evlərində xatirə guşələri yaradıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla