Yuxarı

Ərdoğan görüşə gəlməyən Əsədi tapdayır - Rusiya ilə birgə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyada proseslərin nizamlanması üçün Rusiyanın vasitəçiliyi ilə Bəşər Əsədlə görüş cəhdi aylardır davam edirdi; bu siyasət nəinki XİN başçısı, hətta Ərdoğan səviyyəsində açıq mesajlar şəklində çatdırılırdı. “Əsədin əlinin qana batması” və “rejimin getməli olduğu” barədə uzun illər davam edən siyasətdən Ərdoğanın birdən-birə əl çəkməsi Türkiyə müxalifətinin daxili siyasətdə təbliğat vasitəsinə çevrilməsinə baxmayaraq, Türkiyə lideri mövqeyini dəyişməsini açıq etiraf etməkdən çəkinmirdi.

Hər zamanın öz siyasəti, öz tələbləri var və Türkiyə regionda çox mürəkkəb, tamamilə əks qütblərlə işləməyi və onlarla münasibətdə yalnız öz maraqlarını rəhbər tutmağı bacaran mükəmməl siyasət nümunəsi göstərməyə qadir olduğunu dəfələrlə sübut edib.

Ərdoğanın Suriya da daxil olmaqla, mürəkkəb siyasi konfiqurasiyasına bir çox proseslər daxildir: HƏMAS-ın müdafiəsində İsraillə toqquşmadan çəkinməmək, ABŞ-ın regional siyasətini sərt tənqid etmək, eyni zamanda regional oyunçular İran və Rusiya ilə birgə çalışmaq – Astana masası misalında.

Ancaq Ərdoğanın israrlı çağırışlarına baxmayaraq, Bəşər Əsəd görüş və razılaşma üçün sərt təkliflərlə çıxış etməyə başladı və bunların ən qəbuledilməzi Türkiyə ordusunun ölkənin şimalından çıxması idi. Milyonlarla suriyalını illərdir ölkədə saxlayıb-bəsləməsinə rəğmən, Suriyada bir neçə ölkənin qoşunları olduğu halda, Əsəd yalnız Türkiyədən ordusunu çıxarmağı israrla tələb edirdi – Türkiyənini PKK ilə bağlı narahatlıq və əndişəsini bölüşmədən və bu terror şəbəkəsinə qucaq açmaqda davam edərək.

Paralel olaraq Rusiya lideri Vladimir Putinin də müxtəlif bəhanələrlə nəzərdə tutulan razılaşmadan yayındığını hiss etmək olardı. Putin aylardır Türkiyəyə planlaşdırılan səfərini təxirə salmaqla məşğuldur – Ərdoğan isə hər dəfəsində “ümid etdiyini” bildirirdi ki, Rusiya lideri Ankaraya səfər edəcək.

Görünür, Putin Suriya ilə bağlı Ərdoğanla razılaşmaya hazır deyildi və yaxud Bəşər Əsədlə fərqli bir ssenari üzərində işləyirdi. Çünki bütün hakimiyyətini əsasən Rusiyaya borclu olan Bəşər Əsəd Putinin tələblərindən imtina edib, Türkiyəyə şərt irəli sürməyə cəsarət edə bilməzdi.

Suriya, Rusiya və İran bir məsələdə ciddi yanlış edirdi: Türkiyə hər nə qədər ABŞ-ı tənqid edib, Ukrayna müharibəsində neytral mövqe tutmağa və Rusiyaya sanksiyalardan yayınmağa çalışsa, İsrailə münasibətdə ən sərt ritorikaya üstünlük versə də, bir NATO ölkəsidir və heç də NATO-nun “sıradan ölkəsi” deyil, alyansın ən güclü ikinci ordusuna malik qüdrətli dövlət və regionun vazkeçilməz oyunçusudur.

Suriya-İran-Rusiya üçbucağının aylardır davam edən “arzulanmaz ssenarisi” fonunda İsrail kəşfiyyatının MİT-lə təmasları və işbirliyini genişləndirməsi, ABŞ-ın regional siyasətdə Türkiyəyə stavkanı artırması “yeni şəraitə” hazırlıq məqsədi daşıyırdı və şərait yetişdi: İsrail İranın əsas proksilərini əhəmiyyətli dərəcədə sarsıtdı, İrana zərbələr də endirdi, həmçinin Suriyada İranın əsas dayaqlarına hücumlarını sistemləşdirdi.

İsrail maraqlarına uyğun olaraq ABŞ da çoxdandır bu prosesdə rol almışdı – Qüds briqadasının komandanı Qasım Süleymaninin aradan götürülməsi, onun yerinə gələn ən sonuncu şəxsin isə “casus” sayılacaq qədər əməkdaşlığa cəlb edilməsindən tutmuş proksilərə ağır zərbələrə qədər – Pentaqon öz töhfəsini illərdir əsirgəmir.

Rusiya isə onsuz da Ukrayna ilə bağlı ciddi “tıxacdadır” və onun Suriyada əhəmiyyətli hərbi əməliyyatlar keçirməsi mümkün deyil. Zatən Rusiya seçim qarşısında qalarsa – və qalır – sərhədindəki Ukraynanı seçəcək, nəinki 3500 km-dəki Suriyanı.

İdeal zamanlama özünü doğrultdu: ABŞ seçkiləri, Trampın andiçmə mərasiminə qədər olan “boşluq”, Hizbullahın əhəmiyyətli dərəcədə zəifləməsi ilə Türkiyənin açıq dəstək verdiyi ASO, o cümlədən bir neçə silahlı müxalifətin, həm də türkmanların və ASO qruplarının sıralarında döyüşdüyü “Heyət Təhrir əş-Şam”ın hücumu başladı: Hələb, İdlib, Həma, Tel-Rıfat ələ keçirilib, Xüms və Menbiç ən qısa müddətdə təslim olacaq və... Dəməşqə yol açılır.

Bu arada İranın Türkiyəni ittiham etməsi, Ankara ilə “fikir ayrılıqları"nın olduğunu bildirməsi və Ərdoğanın İsrail və ABŞ-la birgə hərəkət etdiyini uca səslə bəyan etməsində həqiqət var. İllərdir Suriyada Türkiyənin maraqlarını görməzdən gələn “Astana müttəfiqləri” nəhayət meydanda Türkiyənin necə bir oyunçu olduğunu görür!

Ərdoğan artıq Rusiya və İranın “təkidli tövsiyələri və diplomatik çağırışlarına”, Əsədin yalvarışlarına əhəmiyyət vermir; Türkiyə siyasilərinin də dediyi kimi, Əsəd gecikdi və fürsəti qaçırdı. Türkiyə indiki tarixi şansı – 20 yanvar 2025-ci ilə qədər olan imkanı əldən buraxacaq sadəlövh dövlət deyil!

Suriyanın parçalanması gündəmə gələcəksə - Türkiyənin öz planı və layihəsi var, onu ən ideal hala gətirməlidir:

1. Türkmaneli Respublikası;

2. Türkiyə ilə çox sıx əlaqələri olan Hələb dövləti – 1924-cü ilə qədər olan modelə uyğun.

Hələb dövlətinin ərazisi ən qısa müddətdə təmin ediləcək, daha sonra isə Dəməşq dövlətinin tarixi ərazisində “alver” gedəcək!

Bu arada: İsrail siyasətçilərinin “Hizbullahı nahaq bu qədər zəiflətdik, Türkiyənin Suriyada güclənməsinə şərait yaratdıq” müzakirəsindən bircə gün sonra Hizbullahın Əsədə köməyə gedən kolonunu Təl-Əvivin qırıcılarının yolda ikən məhv etməsi və ABŞ-ın iki gün ardıcıl “naməlum hədəfləri” vurmasının (Pentaqon ötən gün etiraf etdi ki, Suriya rejim qüvvələrinə zərbələr endirilib) səbəbləri də aydındır.

Suriya ilə birləşib, Türkiyəni “Astana masası”nın kənarında oyundankənar vəziyyətə salmaq cəhdi əlbəttə ki, Ankaranın masanı meydana çevirməsi və meydanda bölünməni təmin etməsinə səbəb olacaqdı.

Bu meydanda Türkiyə kiminlə birgədir və masada kiminlə olacaq – bu artıq dərin dövlətin işi!

Zatən bütün açıq və sərt siyasi ritorikalara, hətta Hersoqun Bakıya gəlməsi üçün hava dəhlizi verməməsinə baxmayaraq, İsrail və Türkiyə dərin dövlətləri öz maraqları üçün bir an da ünsiyyəti kəsməyib...

Beləliklə, artıq Əsədi kimsə Ərdoğanın ayağı altdan xilas edəcək durumda deyil – ta ki, meydanda bütün istəklərini alana və masada rəsmiləşdirilməsinə razılıq verilənə qədər...

Tarix
2024.12.06 / 15:43
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

İlham Əliyevdən Yeni illə bağlı paylaşım - Foto

Zurab Pololikaşvili də Əliyevə başsağlığı verdi

TDT rəhbəri Azərbaycanı təbrik etdi

Benzin və dizellə bağlı mühüm dəyişiklik oldu - Qərar

Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı

Zakir Həsənov Baş Klinik Hospitalda - Video

Finlandiya prezidenti İlham Əliyevə başsağlığı verdi

Bakı metrosu Yeni il gecəsi neçəyə qədər işləyəcək?

Litva Prezidenti İlham Əliyevə zəng etdi

Əliyevin çıxışı Rusiyanın hökmranlığını sındırdı - VSJ

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla