Yuxarı

Qaradağlı şəhidinin oğlu: “Əgər mən doğulmasaydım...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəşad Zeynallı hazırda Türkiyədə təhsil alır. Qaradağlı faciəsi baş verərkən çox kiçik idi. 22 il bundan öncə atası Nobil Zeynalov kəndlərini müdafiə edərkən şəhid olub. Atasının simasını xatırlaya bilməyən, ona anladılan xatirələrlə böyüyən, atasının şəhid olduğu gündə doğulan Rəşad Zeynallı ilə müsahibəni təqdim edirik.

- Bu gün sənin ad günündür və bildiyim qədəri onu keçirmirsən. Bunun səbəbini izah edə bilərsənmi?

- Əslində, bu mövzuda çox danışmaq istəmirəm. Ailəm və yaxın dostlarımdan başqa kimsə bu günün doğum günüm olduğunu bilmir. Mənim doğum günüm çox qəribə bir tarixə, Xocavənd rayonunun Qaradağlı kəndinin işğal olunduğu günə təsadüf edir. 1992-ci il 17 fevral gecəsi Qaradağlı işğal olundu və atam Nobil Zeynalov da daxil olmaqla onlarla insan şəhid oldu.

- Rəşad, atanın etdiyi qəhrəmanlıqları Azərbaycanda çox az adam bilir. Onunla bağlı bir az danışa bilərsənmi?

Onun döyüşçüləri direktoru olduğu məktəbin şagirdləri idi

- Təkçə mənim atamın yox, yüzlərlə qəhrəmanın həyat yolundan, etdiklərindən ictimaiyyət xəbərsizdir. Xüsusilə də gəncliyimiz... Müharibə vəziyyətində olan bir ölkədə bu hal çox təəssüf doğurur. Əslində, hadisələrə bir az diqqət etsək, görərik ki, ermənilərin Qaradağlıya hücumları 1989-cu ildən başlayıb. 1990-ci ilin yanvar ayında Qaradağlı sakinləri düşmənlə ilk açıq silahlı döyüşə girdi. Həmin ilin noyabr ayında Ağdama gəlin aparan maşın karvanının gülləbaran edilməsi və üç Qaradağlı sakininin həlak olması artıq vəziyyətin ciddiliyini, dözülməzliyini göstərdi. Bunun ardınca sakinlər kəndi qorumaq üçün özünü müdafiə dəstələrinin təşkilini və kəndin ətrafında 5 müdafiə postu yaradılmasını qərarlaşdırdılar. Bu postlardan əhəmiyyətinə görə birinci hesab olunan Xocavənd rayon istiqamətində olan postun idarəsini atam öz üzərinə götürmüşdü. Bu post xalq arasında "Nobil müəllimin postu" adlandırılırdı. İnanmazsınız, amma onun döyüşçülərinin əksəriyyəti direktoru olduğu məktəbin şagirdləri idi. Onlar müəllimləri ilə birlikdə çiyin-çiyinə son güllələri bitənə qədər döyüşüb şəhid oldular.

- Rəşad atanı necə xatırlayırsan?

- Atamı xatırlamıram. Bəzən xəyallarımda canlandırmağa çalışıram, amma qorxuram. Verəcəyi suallara cavab tapa bilməməkdən qorxuram.

Mən doğulmasaydım...

- Ondan ötrü darıxdığınız anlar olurmu?

- Bəzən olur. Onun yoxluğunu dərk etdiyim zamandan bu yana bir yarımçıqlıq hiss edirəm. Hətta yeniyetmə vaxtlarımda elə düşünərdim ki, onun bizimlə birlikdə olmamasının səbəbkarı mənəm. Sanki mən 17 fevralda doğulmasaydım, o şəhid olmayacaqdı. Sonra zaman keçdikcə, böyüdükcə bu düşüncələr yox olmağa başladı. Yerini daha fərqli bir düşüncə almağa başladı. Artıq bu tarixin təsadüf olmadığını düşünürəm. Əslində, ruhumda o mənimlə birlikdə yaşayır və bilirəm ki, sadəcə öz yerimə yaşamıram.

Atamla birgə vuruşmaq mənim arzumdur

- Bəs onunla birlikdə vuruşmaq istərdinmi?

- Atamla birlikdə vuruşmaq mənim ən böyük arzumdur. Bu hətta mənim xəyalımdır. Bilirsiniz, indi Azərbaycanda vəziyyət elə bir həddə çatıb ki, insanlarımız, əsas da gənclərin müəyyən bir qismi çox qəribə olublar. Humanistlikdən, sülhdən, ermənilərlə birgə yaşamaqdan danışırlar. Bu cür düşünənlər üçün öz torpaqlarından məcburi çıxarılmış, yaxınları, ailə üzvləri qətlə yetirilmiş insanların nə hiss etdiyi əhəmiyyət daşımır. 1 milyon insanın ağrısını, acısını anlamaqda aciz olan insanların səmimiyyətinə inanmaq mənim üçün qəbulolunmazdı. Açığı, müharibə tərəfdarıyam. Sülhün tək bir yolu var, Qarabağın işğal olunmuş bütün əraziləri Azərbaycana qaytarılacaq və Ermənistan törətdiyi qırğınlara görə rəsmi şəkildə üzr istəyəcək. Sualdan bir az uzaqlaşdım. Dediyim kimi, Nobil Zeynalovla birlikdə eyni səngərdə vuruşmaq mənim ən böyük arzumdur.

Bu, bizim üzərimizə düşür

- Rəşad, bu dəqiqə ictimaiyyətə Qaradağlı ilə bağlı necə müraciət edərdin?

- Bilirsiniz, Qaradağlını xatırlamasam da, o yer mənim xəyalımda həmişə kiçik, şirin bir ailə kimi canlanır. Bu ailənin ən böyük faciəsi bədxah qonşularının olması idi. Qaradağlıda faciə zamanı 118 nəfər əsir götürüldü, 91 nəfər qətlə yetirildi. 42 ailə öz başçısını itirdi, 140-a yaxın uşaq yetim qaldı. Bütün bu statistik bilgilər faciənin böyüklüyündən xəbər verir. Təəssüf ki, aidiyyəti qurumlar bu faciəni yetərli qədər işıqlandırmayıb. Nobil Zeynalov kimi şəhid olan onlarla qəhrəmanın tanıdılmasını kifayət qədər yaxşı təşkil edə bilmirlər. Görünür, bu missiya bizim kimi gənclərin, bu portalın rəhbərliyində olan duyarlı insanların öhdəsinə düşür.

Sonda onu demək istəyirəm ki, Nobil Zeynalov hər şeydən öncə bir müəllim idi. O, 1992-ci il 17 fevral tarixində, qaranlıq gecədə şagirdlərinin qarşısında onlarla birlikdə, çiyin-çiyinə son dərsini keçdi. Vətən uğrunda şəhid olmaq dərsini...

Tarix
2014.02.17 / 16:46
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla