Yuxarı

Putin “Rusiyada olduğu üçün” üzr istədi: Bəs, sonra?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin bu gün Prezident İlham Əliyevə zəng edərək, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsinin Aktauda qəzaya düşməsinə görə üzrxahlığını çatdırdı.

Sosial şəbəkələrin əsas müzakirə mövzusu budur: “Üzr belə olmalı deyil, Rusiya məsuliyyəti öz üzərinə götürmədi, təzminat məsələsinə isə ümumiyyətlə toxunulmadı”.

Bu müzakirələrə Kremlin telefon zəngi ilə bağlı yaydığı məlumat tam aydınlıq gətirir.

Kremlin məlumatında bildirilir: “Vladimir Putin faciəvi hadisənin Rusiya hava məkanında baş verdiyinə görə üzr istəyib, bir daha həlak olanların ailələrinə dərin və səmimi başsağlığı verib və yaralananların tezliklə sağalmasını arzulayıb” (Владимир Путин принёс свои извинения в связи с тем, что трагический инцидент произошёл в воздушном пространстве России, и ещё раз выразил глубокие и искренние соболезнования семьям погибших, пожелал скорейшего выздоровления пострадавшим).

Məsələ bundadır ki, Rusiya lideri Vladimir Putin AZAL təyyarəsinin “kənar müdaxilə” nəticəsində qəzaya uğraması faktına görə üzr istəyib. Çünki mülki təyyarə Rusiya səmasında olub və Rusiya onun təhlükəsizliyini təmin etməyə borclu idi. Ancaq AZAL təyyarəsini Rusiya HHM sistemlərinin vurması və daha sonra təyyarəyə enişə icazə verilməməsi, onun Xəzər üzərinə göndərilməsinə toxunulmayıb, çünki Rusiya hələ bu məlumatların təsdiqləndiyi fikrində deyil və Qazaxıstanda aparılan istintaq bu nəticəni açıqlamayıb, “qara qutu” da oxunmayıb.

Kremlin mətbuat xidməti “liderlər arasında telefon danışığına istinadla” bildirib ki, bu gün Rusiyada istintaq qrupu yaradılıb və “Aktauda fövqəladə hadisədən sonra Rusiya İstintaq Komitəsi hərəkətin təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarının pozulması maddəsi ilə cinayət işi açıb, mülki və hərbi mütəxəssislər dindirilir”.

Bunun ardınca isə Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası ilə bağlı cinayət işinin Rusiya İstintaq Komitəsinin (İK) mərkəzi aparatına verildiyi elan edildi. Yenə maddələr eynidir: “Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsi (hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarını pozma) ilə Qərb Regionlararası Nəqliyyat İstintaq İdarəsi tərəfindən başlanmış cinayət işi hərtərəfli araşdırılması üçün Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsinə verilib”.

Hadisənin baş verməsindən yalnız 3 gün sonra cinayət işi açılır və dərhal da birbaşa baş idarəyə göndərilir.

Demək, Rusiya faktı etiraf etdi, hadisənin Rusiya səmasında baş verməsinə və təyyarəni qoruya bilmədiyinə görə üzr istədi və cinayət işi açdı – ancaq cinayət işi fakta görədir, məsul şəxslərin cəlbindən sonra CM-in digər maddələri işə düşəcək. İstintaq Azərbaycanla əməkdaşlığa da açıqdır və artıq azərbaycanlı iki mütəxəssis Qroznıda istintaq prosesində iştirak edir.

Beləliklə, Qazaxıstanda istintaq aparılır, beynəlxalq ekspertlər artıq oradadır, “qara qutu” oxunur, bütün detallar üzə çıxacaq və Rusiya da artıq faktı qəbul edib, günahkarları tapmaq üçün axır ki, hərəkətə keçib.

Yalnız istintaqlar başa çatdıqdan, təyyarənin konkret olaraq “Pantsir”dən vurulduğu ekspertiza rəyi ilə təsdiqlənəndən və məsuliyyət daşıyan şəxslər istintaqa cəlb edildikdən sonra Rusiyanın artıq “təyyarənin hava məkanında təhlükəsizliyini qoruya bilməməsinə” yox, qorumalı olduğu mülki təyyarəni vurmasına və onu Xəzərdə batmağa göndərməsinə görə məsuliyyəti üzərinə götürməsi və təzminat ödəməsi gündəmə gələcək.

Rusiya məhz bu mərhələyə gedib çıxmaması üçün çalışırdı, alınmadı, Azərbaycan prinsipial mövqeyindən qətiyyən geri durmadı.

Rusiya çox böyük ehtimalla AZAL təyyarəsini Ukrayna PUA-sının vurması versiyasını inkişaf etdirməyə və hazırkı “statusunu” – “laynerin təhlükəsizliyini qoruya bilməmə” – saxlamağa çalışacaq. Deyəsən, Ukraynanı da narahat edən budur və Zelenskinin Putindən dərhal sonra İlham Əliyevə zəng vurmasının arxasında bu narahatlıq dayanır.

Rusiyanın buna “nail” olacağı şübhəlidir və demək, ikinci və üçüncü mərhələ - cinayət məsuliyyəti və təzminat – olacaq.

Tarix
2024.12.28 / 22:10
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

Tehranın Bakıya siqnalından İrəvan necə də məmnundur…

Putin Bakıdan nə istəyir? Son “kart” işə salındı

Təyyarə qəzası: Əliyev tələbində haqlıdır - Şevçenko

Paşinyan Makrona Bakı ilə danışıqlar haqda məlumat verdi

Tramp Qafqazı güzəştə gedəcək, Zəngəzur açılacaq – Sərkisyan

HƏMAS girovları verməkdən imtina etdi - İsraildən reaksiya

Vardanyanın məhkəmədə etirazı təmin olunmadı

Vardanyanın cinayət işi: növbəti məhkəmə prosesi keçirildi

Putin xaos yaradır: Kreml Bakıya qara təbliğata başladı

Rusiyaya işləməkdə ittiham edilən Məmmədyarov danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla