Hazırda Tramp çərçivəsiz və ümumiyyətlə İkinci Dünya müharibəsindən sonra yaranan nizam və beynəlxalq quruluşun tam əksinə hərəkət edir. Demirəm ki, bu quruluşda hər şey yaxşı və hamı da razıdır. Amma hər halda müəyyən nizam-intizam və bəzi hədlər var. Məsələ budur ki, hazırda dünya çoxqütblü olmaq yolunda irəliləyir, bu uğurda savaş gedir və bu, davam edəcək. Amma Tramp öz siyasəti ilə bunu pozmaq istəyir və bu pozucu siyasət də Ukrayna məsələsindən başlanıb. Demək olar ki, bu, sanki test xarakterli məsələdir. Ümumiyyətlə, Trampın Putinin yanında durması özəl bir məsələdir, yəni gözlənilmirdi.
Bu sözləri Axar.az açıqlamasında İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani deyib.
“Tramp birinci dəfə prezident olanda da radikal siyasət yürüdürdü, ancaq yenidən prezident seçilmə ehtimalını nəzərə alaraq çərçivədən tam çıxmağı gözə ala bilməzdi. İndi isə situasiya tam Trampın xeyrinədir. O, hər halda yenidən seçilmə ehtimalı olmadığından, maşını tam sürətlə sürür. Trampın bu davranışları elə təəssürat yaradır ki, sanki ABŞ Rusiyanın yanında durub və Kreml köçüb Ağ Evə. Tramp da Putin kimi danışır”, - o bildirib.
Onun sözlərinə görə, Zelenski son görüşündə Tramp və trampçılara böyük bir dərs verdi:
“Baxmayaraq ki, Ukrayna hər halda müharibədədir və Rusiya güclü tərəfdir, həmçinin Ukrayna ABŞ-ın qarşısında zəif bir ölkə hesab olunur, Zelenskinin reaksiyaları böyük dərs idi. Düzdür, indi Zelenski hər halda reallıqlara görə geri də addım ata bilər, amma əsas odur ki, Ağ Evdə tarixi reaksiya verdi və digər ölkələrə də dərs oldu ki, Amerika hətta öz müttəfiqlərini bu cür yarı yolda qoya bilər.
Tramp axır-əvvəl reallığın tam başqa olduğunu görəcək. O, “zavod tənzimləmələrinə” geri qayıtsa, anlayacaq ki, “24 saata həll elərəm”, “bir aya müharibəni dayandıraram” ifadələri real deyil. Bu, beynəlxalq sisteminin gələcəyini müəyyən edir”.