İlham Əliyev İqtisadiyyat və Sənaye Nazirliyinin
fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikası İqtisadi
İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı
tədbirlər haqqında" fərman imzalayıb.
Sərəncamda qeyd olunur ki, "Azərbaycan Respublikasının
İqtisadiyyat və Sənaye Nazirliyi haqqında Əsasnamə" təsdiq edilsin
(Əlavə 1).
"Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin
strukturu" təsdiq edilsin (Əlavə 2).
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi
aparatının işçilərinin say həddi 384 ştat vahidi, Azərbaycan
Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun işçilərinin say
həddi 50 ştat vahidi, Azərbaycan Respublikasının İqtisadiyyat və
Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların
Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin işçilərinin say həddi 172
ştat vahidi, Nazirliyin regional bölmələri işçilərinin say həddi 86
ştat vahidi müəyyən edilsin.
"Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin
fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında"
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli
504 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2006, № 12, maddə 1051; 2008, № 4, maddə 255, № 11, maddə
970, № 12, maddə 1065; 2009, № 10, maddə 775, № 12, maddələr 983,
991; 2010, № 2, maddə 80, № 3, maddə 179, № 4, maddə 296; 2011, №
2, maddələr 83, 85, № 8, maddə 753; 2013, № 8, maddə 902) aşağıdakı
dəyişikliklər edilsin:
2-ci, 3-cü və 9-cu hissələr ləğv edilsin;
8-ci hissədə "Azərbaycan Respublikası İqtisadi İnkişaf
Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu" sözləri
"Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin
İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu" sözləri ilə əvəz
edilsin". (AzərTac)