Qarabağ erməniləri ilə İrəvan erməniləri arasında
gərginlik artır.
Region TV xəbər
verir ki, ermənilər aprel döyüşlərindəki məğlubiyyətin acısını hələ
də həzm edə bilmirlər. Buna görə artıq Qarabağ erməniləri ilə
İrəvan erməniləri arasında yaranan toqquşmanın miqyası get-gedə
böyüyür. İtirilən yüksəkliklərə görə isə siyasi hakimiyyətin
laqeyidliyi önə çəkilir.
"Yerkrapa" Ermənistan Könüllülər İttifaqının sədri, parlamentin
deputatı, general-leytenant Manvel Qriqoryan qoşunların təmas
xəttində aprel döyüşlərindəki məğlubiyyətə görə Dağlıq Qarabağdakı
erməni hərbçiləri təhqir edib. General onları fərsiz, qorxaq
adlandırıb.
Manvel Qriqoryan bir neçə yüksəklik və kəndin itirilməsinə görə
onların cavab verməli olduqlarını bildirib:
"Mənə video-görüntülərlə, sübutlarla dedilər ki, Qarabağ
erməniləri mövqeləri tərk edirlər. Heç Azərbaycan ordusu
silahlardan çox istifadə etməyib. Çəkilişlərə də baxmışam, bizim
postlarda dağıntı yoxdur. Mövqeləri qoyub qaçanlara sözüm odur ki,
onlar hərbiçi formasını soyunsunlar, başlarına da hərbi papaq yox,
ləçək bağlasınlar. Bu qədər itkiylə barışa bilmirəm".
Dağlıq Qarabağdakı erməni silahlılarının komandirlərindən biri
Vahan Badasyan generalın dediklərini kobudluq adlandırıb. Hərbçi bu
sözlərə görə ermənilərdən üzr istənilməsini tələb edib:
"Manvel Qriqoryan çox kobud formada deyir ki, Qarabağlı
ermənilər yaxşı vuruşa bilmirlər. Utanmaz-utanmaz deyir ki,
İrəvandan gələn hərbçilər və könüllülər olmasaydı, Dağlıq Qarabağın
halı çox pis olardı. Guya biz sağ qalmağımıza görə onlara
borcluyuq. Gəlsin, bizdən üzr istəsin. Yoxsa yenidən döyüşlər
başlasa, özümüz birinci onu vuracağıq".
Ermənistan prezidenti Serj Sarqsyanın "dördgünlük müharibə"də
itirilən yüksəkliklərin nə taktiki, nə də strateji baxımdan önəmli
deyil deməsi də Vahan Badasyanı hiddətləndirib:
"Dağlıq Qarabağda müharibə gedir, orada 1-ci, 2-ci, 3-cü, önəmli
və ya önəmsiz mövqelər yoxdur, ola da bilməz. İtkilərimiz çoxdur.
Mövqelərin itrilməsi problemdir. Ən böyük problem isə odur ki,
Dağlıq Qarabağ ermənilərində Ermənistana inam azaldı. Çünki
Qarabağlı ermənilər deyirlər ki, "dördgünlük müharibə"nin
nəticələrini nəzərə alınarsa, sabah hərbi əməliyyatlar yenidən
başlasa, Ermənistan yenə belə davranacaq, yenə nələrisə itərəcəyik
və yenə biz tək qalacağıq".
Onun sözlərinə görə, Ermənistanın indiki hakimiyyəti
məğlubiyyətçi, laqeyd mövqe tutub. Hərbçi deyib ki, İrəvan
ermənilərinin Dağlıq Qarabağda yaşayan ermənilərə nümayiş etdirdiyi
münasibət sanki yadplanetlilərə göstərilir:
"Bəlamız odur ki, hakimiyyət xalqı düşünmür. Dağlıq Qarabağıdakı
səngərlərdə Ermənistan nazirlərinin, deputatlarının, məmurlarının,
varlılarının övladları yoxdur. Deyirlər ki, müdafiə naziri Seyran
Ohanyanın oğlu ön xətdədir, hanı bəs? Ohanyanın oğlu yalnız kamera
qarşısında qəhrəmanlıq etməyi bilir. Onun necə komandir olduğunu
gedin, əsgərlərdən soruşun. Hər gün 1-2 saat hərbi hissədə vaxt
keçirmək hərbi xidmətdə olmaq demək deyil. Artur Ohanyan zabit yox,
Seyran Ohanyanın Dağlıq Qarabağdakı biznes strukturlarının
nəzarətçisidir".
Bir sözlə, "Dördgünlük müharibə" Ermənistan rəhbərliyi ilə
Dağlıq Qarabağ erməniləri arasında münasibətləri sərinlədib.